METBUAT.AZ

Ölkə

“Bu sözləri təsdiq etməmişik, təklif vermişik”

26 Oktyabr 2017 13:21

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bəzi alınma sözlərin Azərbaycan dilinə qarşılığını müəyyən edib.

Metbuat.az-ın məlumatına görə, bu, sosial şəbəkələrdə böyük mübahisələrə səbəb olub. Qarşılığı verilən sözlərdən bəziləri bunlardır - “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” və s.

Ancaq Terminalogiya Komissiyasınının sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova Metbuat.az-a açıqlamasında bildirib ki, bu sözlər təsdiq olunmayıb, sadəcə təklif edilib: “Burada mübahisə yaradacaq heç bir şey yoxdur ki, oturuşmuş, qəbul olunmuş sözlərdi, ona görə də o cür vermişik. Məsələn, kserokopiya üzçıxarmadı, embarqo qadağadı, kontrol nəzarətdir, bunlar qəbul olunan sözlərdir, mübahisəlik nə var ki.

Biz bu sözləri təsdiq əmri kimi verməmişik, təklif kimi vermişik. Müzakirəyə çıxarmışıq ki, münasibət necədir, necə qarşılanır. Bu sözlər təklifə çıxarılıb ki, oturuşsun, hansılar qəbul olunacaq, olunmayacaq bilənəcək. Əsas odur öz sözlərimiz işlənsin”.

S.Sadıqovanın sözlərinə görə, müzakirələr bitdikdən sonra, təkliflər əsasında təsdiq olunacaq: “Burada mətbuatın, jurnalistlərin, əsas ziyalıların təklifləri götürüləcək. Mətbuat bu prosesdə özünü götürəcək, sözlər birdən-birə yaranmır ki. İşıqfor sözü yaradıldı, çox qəbul olunmadı, sonra işləndi, sonra yenə qəbul olunmadı. Söz elədir ki, dövriyyəyə buraxılır, işlənirsə, qəbul olunur, işlənmirsə, yox.

Məsələn, hamı adapter deyir, niyə adapter deyilir ki, bəlkə yükləyici kimi işlədək bu sözü. Zaryatka bizim öz sözümüz deyil deyə yükləmə sözünü təklif etmişik. Məsələn, veto da qadağa gedir, embarqo da qadağa gedir, bunlar hamısı müzakirə olunsun. Əslində, bu yaxşı bir şeydir ki, hamı reaksiya verir, biri var heç kim reaksiya verməyə, biri də var ki, müzakirə olunur, cavab verilir, fikir bildirilir. Dilimizin keşiyində dayanmalıyıq. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə də ana dili müzakirələri keçirildi. Artıq praktik şəkildə işə keçmək lazımdır. Bununla bağlı indi mətbuatda, televiziyada işlər aparırıq. Dilimizə keçən sözlərin çoxunun qarşılığı verilir, ancaq o sözlər qəbul olunmaya da bilər. Dil orqanizmdir, özünü tənzimləyir. Sözü əmr edib, kiməsə qəbul etdirmək olmaz. Məsələn, kompüter sözü bir ara bilgisayar kimi işləndi, ancaq indi işlənən söz hansıdır? Yenə də kompüter. Qəzetin birində embarqo yazılır, birində veto, birində qadağa. Kseropokiya sözü artıq özünə yer tapıb, son dövrlərdə mətbuatda daha çox üzçıxarma kimi də işlənsə də, ancaq daha çox kseropokiya işlənir”.

Sayalı Sadıqova deyir ki, dildə paralel şəkildə sözlər işlənir, bir-birini sıxışdırır: “Təkcə insanlar arasında mübarizə getmir, sözlər arasında da mübarizə gedir. Görək, sonda hansı qalacaq, hansı yaşayacaq, hansı dildən çıxacaq. Əmr verib demək olmaz ki, bu sözləri işlədin, dilin özündə bu proses getməlidir”.

Günay Elşadqızı \ METBUAT.AZ


metbuat.az.