6 Oktyabr 2017 16:30
“Media mahiyyətcə dil hadisəsidir”.
Metbuat.az-ın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, Mətbuat Şurasının son illər apardığı monitorinq nəticəsinə görə, dil normalarının pozulması halları tez-tez müşahidə olunur: “Monitorinqlər zamanı duyğu işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb”.
Ə.Amaşov deyir ki, son 10 ildə dilimizə kütləvi şəkildə alınma sözlər daxil olub: “Ancaq məsələn, ingilis dilindən alınan sözlər çox zaman ingilis transkripsiyasında yazılır. Bu, xüsusilə idman terminlərində özünü biruzə verir. Bu əslində, xırda məsələ kimi görünsə də, böyük problemdir”.
Əflatun Amaşov Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edib: “Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Başqa ölkələrdə də dil normalarının pozulması ilə bağlı cəzalar mövcuddur. Bunu Azərbaycanda da tətbiq etmək olar”.
Günay Elşadqızı \ METBUAT.AZ