6 Oktyabr 2017 15:10
“Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, eyni zamanda azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır”.
Metbuat.az-ın məlumatına görə, bu sözləri “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransdakı çıxışı zamanı Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, bugünkü tədbirin keçirilməsi bilavasitə dövlət başçısının tapşırığıdır:
“Azərbaycan dili hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSRİ-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Heydər Əliyevin 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb, 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinin qərara alınıb, Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla isə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildiyini diqqətə çatdırıb”.
Əli Həsənovun sözlərinə görə, növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi olub. Prezident köməkçisi qeyd edib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün prezident İlham Əliyev ardıcıl davam etdirir: “Prezident dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün geniş tədbirlər həyata keçirir. Onun 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb.
Ancaq müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub, konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda qrammatik qaydalara əməl olunmur. Təəssüf ki, sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib. Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik”.
Əli Həsənov yekun çıxışında qeyd edib ki, dilin saflığının qorunması qarşıya qoyulan məqsəddir: “Hesab edirəm ki, bugünkü müzakirə alındı. Başlanğıc müzakirə üçün bu yetərlidir. Bu məsələdə hər kəsin məsuliyyəti var. 3-5 aparıcını günahlandırmaq asan məsələdir. Bu mərhələyə çatana kimi onun keçdiyi yola diqqət edilməlidir. Niyə Azərbaycan televiziyasını gözəl aparıcı təmsil etməsin? Biz qonşu ölkələrin efirlərində belələrini görürük. Sadəcə gözəlliklə yanaşı intellekt məsələsi də əsas götürülməlidir”.
Prezident köməkçisi qeyd edib ki, süni reytinq arxasınca qaçmaq da bu məsələyə mənfi təsirini göstərib: “Dərsliklər, orfoqrafiya lüğətləri yenidən nəşr edilməlidir. Maarifləndirici televiziya akademiyaları özəl televiziyalarda da yaradılmalıdır. Bir televiziyanın rəhbəri Milli Teleradio Şurasının rəhbərinə məktub yazmışdı ki, milli-mənəvi dəyər nə deməkdisə, onu izah edib qol çəkərək onlara göndərsin. Təsəvvür edin ki, bir televiziya rəhbəri milli-mənəvi dəyərin nə olduğunu bilmir. Yaxşı ki, o televiziya indi yoxdur. Yəni, bir televiziya rəhbəri bunu necə bilməyə bilər? Yaxşı ki, həmin televiziya artıq yoxdur. Kanallardan biri millət vəkili Arif Rəhimzadəni efirdən təhqir edirdi. Heydər Əliyevin silahdaşlarından biri olan şəxsi necə təhqir etmək olar? Arif Rəhimzadə Rusiyada bir çıxışı zamanı qeyd etmişdi ki, Türkiyədə rəsmi dil türk dilidir, Azərbaycanda isə Azərbaycan dilidir. Türk dilləri qrupuna aid olsa da, amma rəsmi dilimiz Azərbaycan dilidir. Buna görə, nə qədər təhqir oldu. Bunlar yol verilməzdir”.
Əli Həsənov qeyd edib ki, bu cür müzakirələrlə neqativ halların qarşısını almağa çalışırıq: “Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər. Çünki nümunələri onlar təqdim edirlər. Elə insanlar nümunə göstərmək lazımdır ki, onlar Azərbacan xalqını təmsil etmək iqtidarına malik olsun. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 2013-cü il də qəbul edildiyini xatırladıb. Həmin müddətdən sonra xeyli yeniliklər olub. Biz də baxmalıyıq ki, hansı dilimizə uyğundur, hansı uyğun deyil. Bir neçə il əvvəl efirdə türk seriallarının kütləvi yayımı dayandırıldı. Biz, Türkiyə tərəfinə bu məsələni başa saldıq, onlar da dedilər ki, haqlısınız. Ondan sonra efirdə türk serialları gedəndə Azərbaycan dilinə tərcümə olunur. Bu, eyni zamanda Azərbaycanda serialların da inkişafına kömək olur. Hazırda ATV və Xəzər televiziyaları öz seriallarını çəkirlər, ümid edirik ki, gələcək illərdə digər televiziyalarda da belə olsun. Bu seriallarda Azərbaycan mühiti, mövzusu qoyulur. Azərbaycan ailəsindən, məişətindən, sevgisindən bəhs olunur. Türk xalqlarının hər birinin öz dili var. Biz də öz ədəbi dilimizi qoruyub saxlamalıyıq”.
Əli Həsənov qeyd edib ki, KİV-də ixtisaslaşma məsələsinə də önəm verilməlidir: “Bəzən olur ki, idmandan yazan jurnalistini tibb sahəsi ilə bağlı hansısa tədbirə göndərirlər. İdmandan yazan jurnalist həmin tədbirdən hansı materialı hazırlaya bilər ki?! Ona görə də hərə öz ixtisasına uyğun yazmalıdır”.
Sonda Prezident köməkçisi qeyd edib ki, dilimizin qorunmasında hər şey bir-birinə bağlıdır və hər kəz bununla bağlı öz üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Günay Elşadqızı \ METBUAT.AZ