METBUAT.AZ

Siyasət

İraq ordusunun zəfərinin arxasında nə dayanır?

20 Oktyabr 2017 11:03

Şimali İraq Kürd Muxtariyyəti, başda liderləri Məsud Bərzani olmaqla müstəqillik referendumunu keçirməkdə israrlı oldular. Nə mərkəzi hökumətin, nə İranın, nə də Türkiyənin bəyənatları onları fikrindən döndərmədi.

Ancaq 25 sentyabrda keçirilən referendumun səs faizi Bərzaninin ürəyincə olsa da, sonrakı proseslər ona yanlış addım atdığının sübutu oldu. Əvvəlcə Kürd Muxtariyyətinin əsas gəlir mənbələrindən olan hava limanları beynəlxalq uçuşlar üçün bağlandı. Daha sonra, İraq ordusu 24 saat ərzində Kərkük başda olmaqla, bütün mübahisəli bölgələrə nəzarəti yenidən ələ keçirdi.

Metbuat.az-da İraqda baş verən prosesləri politoloq Nəzakət Məmmədova ilə müzakirə etmişik.

- İraq ordusu Kərkükə daxil oldu. Bununla da kifayətlənmədi, Məsud Bərzaninin əlində olan bir neçə şəhəri azad etdi. Gözlənilənlərin əksinə, Peşmərgə darmadağın oldu. Nə baş verdi 24 saat ərzində?

- İraq ordusu doğurdan da blistkrik edərək, Kərkükdə ildırımsürətli bir əməliyyat həyata keçirərək xüsusilə onun cənub hissəsini və strateji əhəmiyyətli bir sıra obyektləri - hərbi bazanı, neft quyularını, Kərkük hava limanını tam nəzarət altına aldı. Faktiki olaraq, bu, vətəndaş müharibəsidir. Yəni, İraq dövləti vətəndaşları öz aralarında müharibə aparırlar. Məsələnin maraqlı tərəfi də odur ki, hər iki tərəf - həm İraq ordusu, həm Şimali İraq Kürd Muxtariyyətinin silahlı qüvvələri təxminən 15 ildir ki, Amerika hərbçilərindən təlim görürlər. Bilirik ki, ondan əvvəl İraq ordusu Səddam Hüseyn dövründə sovet silahları ilə təchiz olunmuşdu, sovet hərbi təhsili görmüşdülər. Hətta sonradan İŞİD komandanı olan bir sıra hərbçilər sovet taktikası dan istifadə edirdilər. Ona görə də ABŞ-a İŞİD-lə döyüşmək daha çətin idi, nəinki peşmərgəyə və ya İraq ordusunun təcrübəli hərbçilərinə. Çünki qeyd etdiyimiz kimi İŞİD komandalarından bəziləri Səddam ordusunda xidmət etmiş hərbçilər idi və onlar sovet hərbi taktikasını yaxşı bilirdilər. Bəlkə ona görədir ki, Rusiyanın İŞİD daxilində güclü kəşfiyyat mövqeləri var idi və bu terror təşkilatının bel sütunu məhz Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından sonra tamamilə qırıldı. Yəni, İŞİD daxilində keçmiş bəəsçilər üstünlük təşkil edirdilər. Lakin PKK-nın solyönümlu radikal terror təşkilatı olduğunu bilirik və bu cür təşkilatlar bir qayda olaraq SSRİ-nin, sonradan isə Rusiyanın dəstəyini almışdılar. Yəni bu gün İraqda qarşı qarşıya gələn qüvvələr - İraq ordusu, Peşmərgə, PKK vaxtilə Sovet, daha sonra isə ABŞ hərbi taktikasını mənimsəmiş qüvvələrdir. Vuruşan tərəflər bir-birinin taktikasını biləndə bu həm döyüşməyi çətinləşdirir, həm də asanlaşdırır. Hazırda Kərkükdə bu cür vəziyyətdir.

- İraq ordusunun bu zəfərinin arxasında Türkiyə və İranın olduğu deyilir. İranın və Türkiyənin basqılarındanmı ABŞ və Qərb geri addım atdı? Əsasən, Türkiyə faktoru nə qədər rol oynadı?

- İraq ordusu heç şübhəsiz ki, Türkiyə və İranın dəstəyini aldı ki, bu da onun döyüşü çox qısa müddətdə udmasına və kürd bayraqlarının çıxarılıb yerinə İraq Respublikasının bayraqlarının taxılmasına səbəb oldu. İraq ordusunun qələbəsinə bir çox amillər səbəb oldu. Xarici amilləri artıq qeyd etdik, daxili səbəblər çoxdur əlbəttə, lakin onlardan ən önəmlisi Kərkük əhalisinin - türkmanların və ərəblərin İraq dövlətinin tərəfində olması oldu. Əslində Süleymaniyyədəki kürd siyasətçiləri heç özləri də Bərzani rejiminin hakimiyyətini qəbul etmirdilər. Çünki Mosul və Kərkük daima neft ehtiyatına görə həm böyük dövlətlərin, həm də daxili qüvvələrin münaqişəsinə səbəb olub. Süleymaniyyədəki kürd rəhbərləri yaxşı bilirdilər ki, Bərzaninin məqsədi ərazidə öz legitimliyini bərqərar edib onun neftindən gələn gəliri mənimsəməkdir. İraq hökumət qüvvələrinə Haşdi Şabi ordusu da yardım etdi. İran İslam Keşikçiləri Briqadasının Qüds ordusu generalı məşhur Qasım Süleymaninin komandanlığı ilə Kərkük döyüşlərində fəallıq göstərdi. Bərzani qüvvələri nəinki geri çəkildi, hətta qorxuya düşdülər ki, İraq ordusu Ərbilə daxil olacaqdır. İraqa qeyd etdiyimiz kimi Türkiyə və İran yaxından dəstək göstərdi. Çünki hər üç dövlət ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üzləşib. İranın göstərdiyi dəstəyi qeyd etdik. Eynilə Türkiyə də dəstəyini göstərdi. Məhz həmin ərəfədə ölkə prezidenti Ərdoğan İrana səfər etdi. Ən əsas müzakirə mövzusu əlbəttə ki, İraqdakı vəziyyət oldu. PKK Kərkükdə də öz terror fəaliyyətini göstərməyə çalışdı. İraqın PKK-ya öz ərazisində fəaliyyət göstərməyə imkan verməməsi Türkiyənin təqdirini qazandı.

- Burada önəmli bir məqam da var. ABŞ və Qərb Bərzaninin arxasında dayanmadı. Sanki tarix təkrar oldu. “16 yaşından Kürdüstan xəyalım idi” deyən Bərzani atasının taleyini yaşadı

- ABŞ burada aşkar şəkildə hələ ki, Bərzaniyə hər hansı dəstək göstərmir. Amma əlbəttə ki, onun tərəfində olduğu sirr deyil. Sadəcə, görünür ABŞ və İsrail açıq-aşkar Şimali İraq Kürd Muxtariyyətinə dəstək göstərməklə bölgənin iki güclü dövlətini özünə qarşı qaldırmaq istəmir. Üstəlik, bəyanatda da olsa, İraqın ərazi bütövlüyünü tanıdığını elan edib və bunu əməldə təkzib etmək istəmir. Bu hadisələr mənə 2008-ci il Gürcüstan Rusiya müharibəsini xatırlatdı. Onda da ABŞ Gürcüstana dəstək vermədi, baxmayaraq ki, müharibənin başlaması anına qədər Gürcüstan inanırdı ki, ABŞ-dan dəstək ala biləcəkdir. O zaman ABŞ sadəcə Gürcüstanda müharibənin alovlanmasında maraqlı idi, çünki onun ərazisindən Avropaya qaz xətti çəkilməsini istəmirdi. İndi də görünən odur ki, Birləşmiş Ştatlar sadəcə kürd kartından bölgə ölkələrinə təzyiq vasitəsi kimi istifadə edib. Əks halda Kosovo məsələsində olduğu kimi birbaşa hərbi müdaxilə yolu ilə Serbiyanı bombardman edib, orada müstəqil dövlət yaratdığı kimi, İraqda da kürd dövləti yaradardı. Lakin necə deyərlər, yanlış hesab Bağdaddan döndü. Amma təkcə İraqın güclü olduğu, bölgə ölkələrinin öz aralarında həmrəy olduğu üçün yox, Vaşinqtonda kürdlərə dövlət yaratmağın vaxtı çatmadığını düşünənlərin üstünlük qazandıqları üçün. Bərzani işə necə deyərlər, bir saatlıq xəlifə belə ola bilmədi. Referendumun mürəkkəbi qurumamış onun planları alt-üst oldu.

Günay Elşadqızı \ METBUAT.AZ


metbuat.az.