METBUAT.AZ

Siyasət

“Bu, Ermənistanın bütün türk dünyası ilə üzbəüz qaldığını nümayiş etdirir”

13 Noyabr 2017 11:03

Xəbər verdiyimiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edəcək. Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü nəzərdə tutulub. Türkiyə və Rusiya liderlərinin Dağlıq Qarabağ məsələsini müzakirə edəcəkləri də gözlənilir. Bu barədə Türkiyə dövlət başçısı jurnalistlərə açıqlamasında bildirmişdi.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Dağlıq Qarabağ problemi nə qədər çox müstəvidə müzakirə edisə, nə qədər çox cinahlar problemin həllinə maraq göstərərsə, hesab edirəm ki, bu, müsbət haldır:

“Rusiya ilə Türkiyə kimi iki nüfuzlu dövlətin bu məsələni müzakirə etməsi artıq bu problemin həllində maraqlı olduğunu göstərir. Türkiyə Azərbaycanın müttəfiqi və qardaş ölkədir. Rusiya da Azərbaycanın müttəfiqi və problemin həlli üzrə Misk qrupun həmsədrlərindən biridir. Hesab edirəm ki, problemin həlli kifayət qədər yetişib. Ermənistan bu gün Dağlıq Qarabağ məsələsinin ona böyük problem yaratdığının fərqindədir. İqtisadiyyatı dayanıb, qonşu dövlətlərlə sərhədi bağlıdır. Əhalisi durmadan ölkədən köçüb, gedir. Bu isə gələcəkdə Ermənistanın əhalisiz xəritə dövlətinə çevrilməsinə səbəb olacaq. Problemin həll olunmaması Rusiyanın dövlət maraqlarını tam həyata keçirməsinə ciddi mane olur.

Hesab edirəm ki, iki dövlətin bu problemi müzakirə etməsi yeni bir situasiya yarada bilər. Məsələn, mümkündür ki, bununla bağlı bir kontakt qrupu yaradıb və prezidentlərin nəzarəti altında bu problemin həllinə dair müxtəlif variantlar işləyə bilərlər. Mümkündür ki, tərəflər hər biri öz yaxın olduğu ölkə vasitəsilə bu problemin həllini ölü nöqtədən tərpədə bilər. Ən əsası, hesab edirəm ki, Türkiyənin bu işə maraq göstərməsi Ermənistanın tək Azərbaycanla deyil, bütün türk dünyası ilə üzbəüz qaldığını artıq ona nümayiş etdirmiş olur. Türkiyə ilə münasibətlərin yoxluğu Ermənistana ən böyük zərbələrdən biridir. Cənab Ərdoğana Azərbaycanın ağrılı probleminə diqqət yetirdiyinə görə təşəkkür edirik”.

Günay Elşadqızı \ METBUAT.AZ


metbuat.az.