METBUAT.AZ

Siyasət

“Bunun Azərbaycan üçün böyük diplomatik-siyasi əhəmiyyəti var”

4 Noyabr 2017 10:18

Azərbaycan qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik ölkədir. Ölkəmiz regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur.

Tehranda da Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı regional təhlükəsizlik məsələləri, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb, üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə olduqca müsbət dinamikanın olduğu qeyd edilib və qarşıdan gələn dövr üçün potensial imkanlar nəzərdən keçirilib.

Ölkəmizin ikitərəfli və üçtərəfli münasibətlərinin əhəmiyyəti ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bilfirib ki, Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri regional təhlükəsizliyə xidmət edir və bütün sahələrdə uğurlar gətirir:

“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşünün, müzakirə edilən məsələlərin və imzalanan yekun bəyannamənin Azərbaycan üçün böyük diplomatik-siyasi əhəmiyyəti var. Hər şeydən əvvəl, prezidentlər – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin üçtərəfli formatda görüşməsi və müxtəlif sahələrdə əməkdaşlıq, regionda təhlükəsizlik, terrorizmə, ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə etmələri faktının özü faydalıdır. Bu, onu göstərir ki, üç dövlət başçısının istənilən məsələni birgə müzakirə etmək iradəsi, qarşılıqlı anlaşma və səmimiyyət var.

İkincisi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair məsələnin Tehran bəyannaməsinə daxil edilməsi böyük əhəmiyyət daşıyır. Bununla dövlət başçları bir daha təsdiq etdilər ki, regionda həll edilməmiş münaqişələr sülh, təhlükəsizlik və əməkdaşlığa təhdiddir. Münaqişəni törədənin, təcavüz edənin və işğalı həyata keçirənin isə hansı ölkə olduğunu hamı bilir.

Dağlıq Qarabağ münaqişəsinin bəyannamədə əks etdirilməsi üç dövlətin mövqeyini əks etdirir. Həm də nəzərdən qaçırmayaq ki, Azərbaycan dövlətinin dünya birliyi tərəfindən qəbul edilmiş ərazi-sərhədləri ilə BMT-yə üzv qəbul edilməsinə Rusiya və İran da səs verib və bu ölkələr həmin mövqeyi dəfələrlə təkrar ediblər. Bu isə Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır. Hansı xarakteri (iqtisadi, hərbi, mədəni, humanitar və s.) daşımasından asılı olmayaraq əməkdaşlığın və gerçəkləşdirilən bütün layihələrin siyasi əhəmiyyəti var və nəticələrin özünü yaxın zamanlarda göstərəcəyi şəksizdir. Onların hamısı dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirir və imkanlarını daha da artırır. Ermənistanın isə böhranı daha da dərinləşdirir”.

Günay Elşadqızı \ METBUAT.AZ


metbuat.az.