27 Noyabr 2017 13:28
Belçikanın paytaxtı Brüsseldə keçirilən V Şərq Tərəfdalıq Sammiti zamanl Ermənistanla Avropa Birliyi (AB) arasında hərtərəfli və geniş əməkdaşlıq haqda saziş imzalanıb.
Metbuat.az-ın məlumatına görə, imzalan sənədə əsasən, Ermənistan ölkədə islahatları davam etdirmək öhdəliyini götürür, AB isə bu prosesə dəstək olur. Ermənistan prezidenti Serj Sarkistan bildirib ki, sənəd Avropa İttifaqı ilə 25 illik münasibətləri tarixində ən vacib sənədlərdən biridir.
Digər tərəfdən, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev bildirib ki, ölkəmiz yenə də həmişə olduğu kimi özünün möhtəşəmliyini və ədalətli mövqedən çıxış etməyini bir daha göstərdi: “Cənab prezident Azərbaycanın haqlı mövqeyini səsləndirdi. Avropa İttifaqı ölkələri, ümumiyyətlə dünya birliyi Azərbaycanın probleminə ədalətli yanaşmalıdır və iki standartlardan əl çəkməlidir. Azərbaycan birmənalı olaraq öz tələbini irəli sürür ki, bütün dövlətlərə eyni mövqedən yanaşmaq lazımdır. Kiməsə hansısa güzəştə getmək düzgün hal deyil. Buna görə də dövlətlər arası beynəlxalq hüquq var, beynəlxalq hüquq prinsipləri mövcuddur. Bu prinsiplərə uyğun da bütün münasibətlər qurulmalıdır. Buna görə də Azərbaycan öz haqlı tələbini dünyanın hər yerində, hər qurumunda səsləndirə bilir”.
Millət vəkili bildirib ki, Ermənistana digər şəraitlər yaranır: “Bu da onunla bağlıdır ki, Ermənistanın həm Rusiyada kifayət qədər lobbisi var, təəssüflər olsun ki, həmin lobbi vasitəsilə siyasi hakimiyyətə təsir edə bilirlər, həm Fransada eyni dərəcədə təsir göstərə bilirlər. Eyni zamanda, Amerikada da erməni lobbisi eyni dərəcədə mövqeyini səsləndirə bilir. Buna görə də Ermənistan bütün şəraitdən istifadə edir və bunların ən başında dayanan da özünün işğalçılıq siyasətini gündəmdən çıxarmaqdan ötəridir. Düşünmürəm ki, Ermənistan, daxilində hər hansı bir qərara gəlib və Avropa İttifaqı ilə sənədi imzalaya bilib. Mənə elə gəlir ki, ona o şəraiti yaradıblar. O şəraiti yaratmağın altında nələr var, təbii ki, bu istiqamətdə dəqiq fikir söyləyə bilmərəm, amma düşünürəm ki, onlara imkan veriblər bu addımı atmağa. Hansı fikirlərlə edildiyini yəqin ki, yaxın gələcəkdə biləciyik. Ermənistan o hüquq, o düşüncə tərzində deyil ki, özbaşına hər hansısa bir hərəkət etsin. Düşünürəm ki, Ermənistana bu şəraiti yaradanlar gələcəkdə hər hansısa problemlərlə üzləşəcəklər”.
Rövşən Rzayevin sözlərinə görə, prezident İlham Əliyevin qətiyyətli mövqeyi Azərbaycanı bir çox problemlərdən xilas edib: “Azərbaycan prezidentinin mövqeyi bu cür olmasa, təbii ki, başqa istiqamətdə işlər gedə bilər. Azərbaycanın yeganə ədalət tələbindən başqa bir fikri yoxdur. Ədalətli yanaşma lazımdır, işğalçıya işğalçı adı vermək lazımdır. İşğal olunmuş torpaqlardan işğalçının ordusu birmənalı, qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan öz məkrli siyasəti ilə bunu hələ də davam edir və təəssüf ki, hələ də Azərbaycan torpaqlarını işğal altında saxlaya bilir”.
Günay Elşadqızı / METBUAT.AZ
“Qazaxıstanda möhkəm sülh, sabitlik hökm sürür” - Əli Həsənov