3 Noyabr 2017 13:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə görüşüb və bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdiririlməsi məsələlərini müzakirə edib.
Ekspertlər hesab edirlər ki, Azərbaycan Prezidentin təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunan razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Azərbaycanın dövlət başçısı çox fəal, intensiv xarici siyasət kursu həyata keçirir və ilin 9 ayında 14 ökəyə səfər etməsi dediklərimizi bir daha təsdiq edir: “Xüsusilə də son günlər baş verən hadisələr cənab prezidentin bir çox dövlətlərin liderləri ilə görüşləri nəticə etibarı ilə sülhə, təhlükəsizliyə və əməkdaşlığa böyük töhvə verir. Bu nöqteyi-nəzərdən tarixi əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində Türkiyə və Gürcüstan prezidentlərinin, Qazaxıstan Baş nazirinin, Özbəkistan və Tacikistan nazirlərinin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən layihələrə çox böyük beynəlxalq diqqət var. Region dövlətləri Azərbaycanın atdığı bu addımları diqqətlə izləyir, bir çox hallarda yaxından iştirak edirlər.
Noyabrın 1-də bildiyiniz kimi, Azərbaycan, Rusiya və İran prezidentinin Tehranda üçtərəfli formatda növbəti görüşü keçirildi. Bir il əvvəl avqustda belə bir görüş Bakıda keçirilmişdi. Üçtərəfli format çox səmərəli formatlardan biridir. Bu da onun sayəsində baş verib ki, Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli münasibətlərə xüsusi prioritet verir. Xüsusilə qonşu dövlətlərlə münasibət bizim xarici siyasətimizdə ən böyük istiqamətlərdən biridir. Əgər bizim həm Rusiya ilə, həm də İranla yüksək səviyyəli ikitərəfli formatda münasibətlərimiz olmasaydı, heç belə üçtərəfli format da olmazdı. Bu format çərçivəsində atılan addımlar həm Azərbaycanın, həm Rusiyanın, həm də İranın milli mənafelərinə uyğundur”.
Millət vəkili bildirib ki, ötən ilin avqustundakı görüşdən indiyəqədərki dövr ərzində artıq İranın Azərbaycan qoyduğu investisiyaların həcmi artıb: “İndi Azərbaycanda bildiyiniz kimi, İranın investisiyası ilə avtomobil və dərman preparatları zavodu tikilir. Eyni zamanda, Rusiyanın investisiyalarının da həcmi artmaqdadır. Onlar da Azərbaycanda dərman preparatları zavodu tikməkdədilər. Nəqliyyat sahəsindəki əlaqələrimiz çox sürətlə inkişaf edir. Xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində görülən işlər çox ürəkaçandır. Bu gün Azərbaycan paytaxtından İran sərhədinə qədər bütün dəmir yolu xətləri hazırdır. Eyni zamanda, 81 metrlik Astara çayı üzərində İran Astarasına qədər körpü tikilib. Azərbaycan İran Astarasından Rəştə qədər dəmir yollur xəttinin çəkilməsi ilə bağlı 500 milyon dollarlıq həcmində kreditin ayrılmasına razılıq verib. Bu istiqamətdə yekun sənədləşmə işləri gedir”.
Elman Nəsirov qeyd edib ki, gələn ilin sonuna qədər Azərbaycandan İran sərhədinə qədər avtomobil yolunun, eyni zamanda, Azərbaycanın paytaxtından Rusiya sərhədinə qədər avtomobil yolunun tam istifadəyə verilməsi planlaşdırılır: “Bizim elektrik əlaqələrimiz artıq birləşib, birgə fəaliyyət göstərir. Enerji təhlükəsizliyi sahəsində bizim çox sıx əməkdaşlığımız var. Nəqliyyat sferası baxımından əlaqələr dediyim kimi, xüsusi məna və əhəmiyyət kəsb edir.
Beləliklə, Azərbaycanın təşəbbüsü ilə istənilən layihə uğurla yekunlaşmaqdadır. Bu da Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da gücləndirir. Azərbaycana beynəlxalq aləmdə çox etibarlı tərəşdaş kimi yanaşırlar. Hesab edirəm ki, son atılmış addımlar, Azərbaycan prezidentinin region liderləri ilə apardığı görüşlər və onların nəticələri, Azərbaycanın hədəflərinə doğru çatmağında çox mühüm həlqələr rolunu oynayacaq”.
Günay Elşadqızı \ METBUAT.AZ