METBUAT.AZ

Siyasət

“İşğal olunan ərazilərdəki cinayət dəstə nə vaxtsa Azərbaycan qanunları qarşısında cavab verəcək”

15 Noyabr 2017 16:00

Prezident İlham Əliyev ötən gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki çıxışında bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Ölkə başçısı qeyd edib ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək: “Beş il bundan əvvəl partiyamızın 20 illik yubileyində mən qeyd etmişdim ki, artıq üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. İndi bu ölkələrin sayı 10-dan çoxdur - cəmi beş il ərzində. Ona görə, bu istiqamətdə də ardıcıl siyasət aparılacaq”.

Azərbaycan prezidenti bildirib ki, bununla paralel olaraq, hərbi gücümüzü də artıracağıq: “Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaq. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərib. Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”.

Millət vəkili Elman Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, hələ Dağlıq Qarabağ və ətrafındakı 7 rayon hələ işğal olunmamışdı, ancaq 1991-ci ilin oktyabrında erməni cinayətkarları “Dağlıq Qarabağ Respublikası” adlı qeyri-qanuni separatçı qondarma qurum yaradıblar:

“O qurum yaradılan gündən indiyə qədər orada öz ağılları ilə prezident, parlament seçkisi keçiriblər. Guya ki, bura respublikadı, prezidenti, parlamenti də var, daha sonra referendum keçiriblər. Ancaq qeyri-qanuni, hüquqi əsası olmayan cinayətkar separatçı qurum olduğu, heç bir rəsmi qurum tərəfindən tanınmadığı üçün onların keçirdikləri bütün seçkilərin, referendumun da heç bir hüquqi əsası yoxdur, qeyri-qanunidir və qəbul olunmur. Bunu Azərbaycan olaraq biz öz tərəfimizdən bəyan edirik, yəni, həmin bölgə bizim ərazimizdir. Təbii ki, heç bir dövlət, beynəlxalq qurum nə həmin qurumun özünü, nə də keçirdikləri referendumu qəbul edir. Çünki Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılır və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu birmənalı bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən qəbul olunur. Buna görə də həmin cinayətkar dəstənin oradakı hərəkətləri də təbii ki, cinayət tərkiblidir, Azərbaycanın qanunları pozulur. Onlar nə vaxtsa Azərbaycan qanunları qarşısında cavab verəcəklər”.

Millət vəkili qeyd edib ki, cənab prezident dünən bunu bir daha bəyan elədi: “Dövlət başçısı daima çıxışlarında bildirir ki, “biz öz torpaqlarımızın bir qarışını belə kiməsə güzəştə getməyəcəyik, bu, müvəqətti dövrdür ki, ermənilər özlərini orada hələ ki, azad hiss edirlər. Ancaq bu, belə davam etməyəcək”. Azərbaycan prezidenti İlham Əliyev ötən gün çıxışında bir daha bəyan elədi ki, heç vaxt razı olmayacaq ki, ərazimizdə ikinci erməni dövləti yaransın.

Bu yaxınlarda Kataloniyada, Şimali İraqda olan hadisələri hamımız izlədik. Bu məsələlərə ikili standartlarla yanaşması, özlərinə aid olmayanda separatizmə dəstək vermələri, separatizmi himayə etmələri Avropanın özünə tərəf çevrildi. Avropalılar 25 ildən çoxdur 50-60 min erməninin xətrinə dəymək istəmirlər, onları himayə edirlər, hətta bir çox Avropa dövlətlərində onların nümayəndəlikləri var. Ancaq 7 milyondan çox əhalisi olan Kataloniyadakı müstəqillik referendumuna görə bütün Avropa ayağa qalxdı və qurumun ləğvi haqqında qərar qəbul olundu, bu hərəkəti törədənlər haqqında həbs-qətimkan tədbiri seçildi”.

Elman Məmmədov bildirib ki, inanırıq ki, cənab prezidentin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik və oradakı cinayətkarlar da öz cəzasını alacaq, başda da Serj Sarkistan, Koçaryan kimiləri.

Günay Elşadqızı / METBUAT.AZ


metbuat.az.