23 Noyabr 2017 10:32
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəman Metbuat.az-a özəl müsahibə verib. Müsahibəmizdə cənab səfir iki ölkə arasındakı münasibətlər, Azərbaycan-Küveyt əlaqələri barədə ətraflı məlumat verib.
Əvvəlcə cənab səfirin keçdiyi həyat yolu ilə bağlı məlumat verək. Elxan Cahangir oğlu Qəhrəmanov 1965-ci il, aprelin 22-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirən səfir 1989-1991-ci illərdə Elmlər Akademiyasında, “Örnək” nəşriyyatında redaktor işləyib. 1991-1995-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1995-1997-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində ikinci katib, 1997-1998-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində ikinci katib, 1998-1999-cu illərdə isə Nazirlikdə birinci katib kimi çalışıb.
1999-2001-ci illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 2000-ci ilin avqust ayında Vyana Diplomatik Akademiyasında, 2001-ci ilin yanvar ayından 2006-cı ilədək Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində birinci katib, 2006-cı ilin yanvarından, 2006-cı ilin mart ayına kimi Azərbaycanın Dubaydakı konsulu olub. 2006-cı ilin aprel ayından, 2007-ci ilin sentyabr ayına kimi Xarici İşlər Nazirliyində şöbə müdiri işləyib. 2007-ci ilin oktyabr ayından 2009-cu ilin noyabr ayına kimi Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində Müvvəqəti İşlər İdarəsinin vəkili işləyib.
2009-cu ilin noyabr ayında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin fövqaladə və səlahiyyətli səfiri təyin olunub. Prezident İlham Əliyevin 2016-cı il yanvarın 27-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
- Cənab səfir, əvvəlcə istəyərdik Azərbaycan və Küveyt arasındakı münasibətlərdən danışaq. Azərbaycanla Küveyt arasındakı mövcud əlaqələri necə qiymətləndirirsiniz?
- İlk öncə sizə bu müsahibəyə görə təşəkkürümü bildirirəm. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin hərtərəfli inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ərəb ölkələri ilə ikitərəfli əlaqələrdə dostluq, əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurduğu və daha sonra onun siyasi varisi Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasi xəttinin olduqca böyük töhfəsi var.
Bildirmək istərdim ki, Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən münasibətlər kifayət qədər yaxşıdır. 2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan prezidenti cənab İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri və səfər çərçivəsində Küveyt Dövlətinin əmiri şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşü iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Küveyt dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 1994-cü ilin 10 oktyabr tarixində Azərbaycan ilə Küveyt arasında diplomatik əlaqələr qurulub. Müstəqillik əldə edildikdən sonra iki ölkə arasında əlaqələr yaxın dostluq və qardaşlıq mərhələsinə qədər gəlib çatıb. 2004-cü ildə respublikamızın Küveytdə və 2006-cı ildə Küveyt dövlətinin ölkəmizdə səfirliklərinin təsis edilməsindən sonra bu əlaqələr daha da inkişaf etməyə başlayıb. Hazırda ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir, digər sahələrdə də əlaqələrin inkişaf etdirilərək arzuolunan səviyyəyə çatdırılması istiqamətində səylər göstərilir.
Bunu demək kifayətdir ki, bu müddət ərzində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 saziş imzalanıb, 12 sənəd isə tərəflər arasında baxılmaqdadır və yaxın gələcəkdə bu sənədlərin əksəriyyətinin imzalanması istiqamətində müvafiq işlər görülür. Bu müddət ərzində Azərbaycan və Küveyt arasında əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiya yaradılıb və komissiyanın artıq iki iclası keçirilib, eyni zamanda parlamentlərarası işçi və dostluq qrupları yaradılıb. Azərbaycan və Küveyt beynəlxalq təşkilatlarda da çox uğurlu əməkdaşlıq edirlər.
Ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrində də sıx əməkdaşlıq əlaqələri mövcuddur. 2016-cı ilin 4-5 aprel tarixlərində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan ilə Küveyt arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədi ilə Küveytə səfərini misal olaraq göstərmək olar.
- İki ölkə arasındakı iqtisadi əlaqələr hansı səviyyədədir? Ölkəmizdə Küveyt şirkətləri fəaliyyət göstərirmi, Azərbaycana investisiya qoymaqda maraqlıdılarmı? Azərbaycanla Küveyt arasında hansı sahələrdə ticarət əlaqələri mövcuddur?
- Ölkələrimiz arasında münasibətlər bütün istiqamətlər üzrə intensiv inkişaf edir, lakin təəssüflə qeyd etmək istərdim ki, iqtisadi-ticarət sahəsində münasibətlərimiz hələ də arzuolunan səviyyəyə yüksəlməyib. Azərbaycanın ərəb ölkələri ilə xarici iqtisadi əlaqələrinin inkişafında potensial imkanlar olduğu halda, bunlardan istifadə lazımi səviyyədə deyil. Dövlət başçımızın iqtisadi əlaqələrin səviyyəsini siyasi münasibətlər səviyyəsinə çatdırılmasını tələb etdiyini nəzərə alaraq, bu istiqamətdə işləyirik və düşünürəm ki, tezliklə vəziyyət yaxşılaşacaq. Azərbaycanın Küveyt ilə iqtisadi münasibətlərinin inkişafı məqsədilə ölkəmizin bütün imkanlarının, xüsusilə biznes, investisiya, turizm imkanlarının Küveytdə daha geniş təbliğinə, eləcə də zəngin maliyyə resurslarına malik Küveytin işgüzar dairələri ilə sağlam prinsiplər əsasında sıx əməkdaşlığın qurulması perspektivlərinin araşdırılaraq reallaşdırılmasına çox böyük ehtiyac var. Başlıcası odur ki, ölkələrimiz ümumi maraqlara, ümumi dinə, ümumi mədəniyyətə malikdir və bu, indiki mürəkkəb dünyada münasibətlərin inkişafı üçün çox yaxşı əsasdır.
Bildirmək istərdim ki, ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu və bu gün prezident İlham Əliyevin investisiya sahəsində də uğurla davam etdirdiyi islahatlar siyasəti uzun müddətdir ki, öz bəhrəsini verməkdədir. Müasir şəraitə uyğunlaşdıran investisiya mühiti xarici sərmayəçilərin ölkəmizə olan diqqətini daha da artırıb. Küveyt sərmayəçiləri əsas etibarilə turizm, daşınmaz əmlak, kənd təsərrüfatı, otel biznesi və digər sahələrə maraq göstərirlər. Onlar bizimlə görüşlərdə ölkəmizin inanılmaz dərəcədə inkişaf etdiyini və bununla da regionun liderinə çevrildiyini vurğulayır, Azərbaycanda xarici sərmayələr üçün yaradılan qanunverici bazanın gerçəyə cavab verdiyini alqışlayırlar.
2016-cı ilin 16-17 noyabr tarixlərində “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanıb və 2017-ci ildən başlayaraq Azərbaycan-Küveyt arasında birbaşa reyslərinin həyata keçirilməsinin iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişaf etməsinə təkan verəcəyinə inanıram.
Belə ki, 2017-ci ilin yanvar ayının 20-dən etibarən “Azərbaycan Hava Yolları”na (AZAL) QSC-ə məxsus təyyarə Azərbaycan-Küveyt arasında ilk dəfə olaraq xüsusi çarter reysləri həyata keçirməyə başlayıb. Eyni zamanda, Küveytin “Əl-Cəzirə” aviaşirkəti də cari ilin 20 yanvar tarixindən etibarən, ilkin olaraq ayda bir dəfə olmaqla birbaşa çarter, daha sonra isə müntəzəm reyslər həyata keçirməyə başlayıb. Bununla yanaşı, cari ilin iyun ayından etibarən "Vataniyya" aviaşirkətinə məxsus təyyarə ölkəmizə çarter, daha sonra müntəzəm reyslər həyata keçirməyə başlayıb. Hazırda “Əl-Cəzirə” aviaşirkəti həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri və "Vataniyya" aviaşirkəti isə həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri birbaşa müntəzəm reyslər həyata keçirir.
Bildiyiniz kimi, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsinə dair Azərbaycan Prezidenti müvafiq fərman imzalayıb. Hazırda ərəb ölkələri arasında ölkəmizin ticarət nümayəndəsi yalnız Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Küveyt daxil olmaqla digər ərəb ölkələrində də ticarət nümayəndəmizin təyin olunacağına və bunun ölkəmizin Küveyt ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, eləcə də ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliğini daha da artıracağına ümid edirəm.
- Ölkələrimiz arasında turizm perspektivi də genişlənib. Son zamanlar Azərbaycana çoxlu sayda ərəb turistin gəldiyini müşahidə edirik. Yəqin ki, turistlərin ölkəmizlə bağlı fikirləri ilə tanışsız. Onlar nədən razı, nədən narazı qalıblar? Ən çox nəyi seviblər, bəyəniblər?
- Bəli, son illərdə Azərbaycana gələn ərəb turistlərinin sayında xeyli artım müşahidə olunmaqdadır. 1 fevral 2016-cı il tarixindən etibarən, bir sıra ölkələrin, o cümlədən Küveyt vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanması Azərbaycan ilə Körfəz ölkələri, xüsusilə də Küveyt arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi işinə ciddi təkan verib. Azərbaycanın turizm potensialının, qədim tarixi və zəngin mədəniyyətinin təbliği istiqamətində Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlər ölkəmizə turist səfərlərinin sayına müsbət təsir göstərib. Belə ki, 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə 2017-ci ilin ilk yarısında ölkəmizə Küveytdən gələn turistlərin sayı təxminən 8 dəfə artıb. Yerli turistlərin müxtəlif sosial şəbəkələrdə yerləşdikləri şəkillərə olan şərhlərdən, Azərbaycanın təbii və müasir gözəlliyinin, təbiətinin, habelə insanlarımızın qonaqpərvərliyinin və milli mətbəximizin ləzizliyinin onları necə heyrətləndirdiyinin şahidi oluruq.
- Elxan müəllim, Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ məsələsində Küveytin mövqeyi necədir? Səfirlik tərəfindən haqq səsimizin eşidilməsi üçün hansı işlər görülür? Bilirik ki, bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilərin törətdiyi təxribatla bağlı Küveyt Xarici İşlər Nazirliyinə nota göndərmisiz
- Qeyd etmək istərdim ki, səfirlik tərəfindən ölkəmizin ən ağrılı məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun mahiyyəti, yaranma səbəbləri, tarixi kökləri, münaqişənin ağır nəticələri, Ermənistan tərəfindən işğal olunmuş ərazilər, qaçqın və məcburi köçkünlərin vəziyyəti, Minsk Qrupu çərçivəsində aparılan danışıqlar, Azərbaycanın ədalətli, sülhsevər, Ermənistanın isə münaqişənin həllinə qeyri-konstruktiv mövqeyi barədə məlumat və materiallar, Küveytin dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, Küveytdə akkreditə olunmuş diplomatik missiyalar və beynəlxalq təşkilatların nümayəndəliklərinə çatdırılıb. Ermənistanın beynəlxalq hüququn normalarına, BMT və ATƏT-in təməl prinsiplərinə, münaqişə ilə bağlı qəbul olunmuş qətnamə və qərarların icrasına məhəl qoymaması, işğalçı dövlət kimi tanınması istiqamətində aparılan təbliğat işləri davam etdirilib. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərlə əlaqədar olaraq Küveyt Xarici İşlər Nazirliyinin və digər aidiyyəti qurumlarında yüksək vəzifəlilər ilə işçi qaydada məsləhətləşmələr və müxtəlif formatlı görüşlər keçirilib.
Küveyt dövləti istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini davamlı şəkildə dəstəkləyir.
İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın yaralanması ilə bağlı səfirliyimiz tərəfindən təcili olaraq müvafiq Nota hazırlanaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı ilə birgə ərəb və ingilis dillərində Küveytin Xarici İşlər Nazirliyinə, həmçinin ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara göndərilib.
Həmçinin, məsələ ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin internet saytında 6 iyul tarixində “Ermənilərin son təxribatçı hücumu Ermənistanın terrorçu bir dövlət olduğunu sübut edir”, həmçinin “Əl-Cəridə” qəzetinin 08 tarixli buraxılışında “Ermənistanın mülki vətəndaşları atəşə tutması beynəlxalq qanunları pozur” başlığında müsahibələr nəşr edilib. Göstərilənlərlə yanaşı, Küveytin Elektron xəbərlər portalında və “Əl-Biləd” xəbərlər agentliyində də məsələ ilə bağlı müsahibələrim nəşr edilib.
Bununla əlaqədar, Küveytin Elektron xəbərlər portalının direktoru və “Əl-Biləd” xəbərlər agentliyinin baş redaktoru Ziyad Sania Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində iki nəfərin həlak olması, bir nəfərin ağır yaralanması və mülki obyektlərin dağıdılmasını şiddətli şəkildə pisləyib.
- Bildiyimiz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi” ilidir. Bu il eyni zamanda ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bu, Küveytdə necə qarşılandı, oyunlarla bağlı təəssüratları necə oldu?
- Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi” ilinin elan olunması, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi oyunları, Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat vermək məqsədilə cari ildə Küveyt kütləvi informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının iştirakı ilə səfirliyimiz tərəfindən mətbuat konfransı keçirilib. Bildirmək istərdim ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları Küveytdə razılıqla qarşılanıb. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən küveytlilər bu oyunların uğurla keçirildiyini, yüksək səviyyədə təşkil edildiyini, ölkəmizin beynəlxalq standartlara uyğun müasir arenalar, yüksək səviyyəli xidmət sahələrinə malik olduğunu, habelə Azərbaycanın İslamiadanı yüksək səviyyədə təşkil etməklə idman dünyasında mühüm mövqeyini daha da möhkəmləndirdiyini bildiriblər.
- Elxan müəllim, ölkədən kənarda Azərbaycanın inkişafı necə hiss olunur, necə müşahidə etmək olur?
- İlk növbədə bildirmək istərdim ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan uğurla inkişaf edir və gün-gündən çiçəklənir. Təbii ki, Azərbaycanın son illərdə əldə etdiyi çoxsaylı uğurları həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır. Küveytlilər də ölkəmizə səfər edib geri döndükdə Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini və çiçəkləndiyini, paytaxtı Bakının gözəl, valehedici və qeyri-adi şəhər olmasının şahidi olduqlarını bildirirlər.
Xalqımızın, ölkəmizin rifahı və tərəqqisi naminə bundan sonra fəaliyyətimizin daha da genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin yaradılması istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik. Azərbaycan xalqına daim rifah, tərəqqi və çiçəklənmə arzulayıram.
Günay Elşadqızı / METBUAT.AZ
NATO-da Türkiyəyə qarşı qısqanc münasibətin səbəbləri... - Politoloqların şərhi