METBUAT.AZ

Siyasət

NATO-da Türkiyəyə qarşı qısqanc münasibətin səbəbi nədir?

22 Noyabr 2017 16:15

Türkiyə ilə NATO arasında Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi bpyük gərginliyə səbəb oldu. Qonşu ölkənin ABŞ-la münasibətlərindəki gərginlik isə bir müddətdir davam edir. Düzdür, NATO rəhbərliyi Türkiyədə üzr istəyib, ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu üzrü qəbul etməyib. NATO ilə gərginlik bir müddət öncə, Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksini almaq istəməsi ilə artmışdı. Bütün bunlar Türkiyənin NATO üzvlüyündən çıxa biləcəyi və ABŞ-la münasibətlərinin pisləşməsi ilə bağlı müəyyən suallar doğurur. Ötən gün Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalin bildirib ki, NATO ilə əlaqələri dayandırmağı düşünmürük, amma Türkiyənin qurucusu Atatürk və hazırki dövlət başçısı Ərdoğana qarşı belə bir addımın atılmasına reaksiya verməyəcəyimizi gözləmək olmaz.

Metbuat.az olaraq məsələni politoloqlarla müzakirə etmişik.

Politoloq Rufiz Qonaqov Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyəyə qarşı son zamanlar NATO tərəfindən ədalətsizliklər edilir: “Bilirik ki, ötən il Türkiyədə hərbi dövlət çevrilişinə cəhd oldu. Yalnız prezident-xalq birliyi sayəsində hərbi dövlət çevrilişi cəhdinin qarşısı alındı. Həmin zamanlarda bu proseslərdə Türkiyədə olan NATO-nun xüsusi bazasının adı çəkildi. Bu da onu deməyə əsas verir ki, baxmayaraq ki, Türkiyə NATO ölkəsidir və zaman-zaman böyük töhvələr verib, ancaq burada Türkiyəyə qarşı qısqanc mövqe var. Türkiyənin bu gün nəinki bölgədə, müsəlman dünyasında, eyni zamanda bütün dünyada nüfuz sahibi olması və dünyada baş verən hadisə və proseslərə nüfuz etməsi, böyük dövlətə çevrilməsi, həm daxildən, həm xaricdən güclənməsi müəyyən beynəlxalq gücləri narahat etməkdə davam edir. Bunun nəticəsində də həmin şəkil məsələsi meydana gəldi, burada sözsüz ki, əsas məsələlərdən biri Türkiyəni zəiflətmək, hansısa məsələləri ortaya atmaqla yeni problem yaratmaqdır. Düzdür, bununla bağlı üzrlər istənildi NATO-nun rəhbərliyi tərəfindən, eyni zamanda müxtəlif ölkələrin rəhbərlərin tərəfindən, amma bu o zaman edildi ki, həmin məsələ ortaya çıxdı, aydınlaşdı. Burada əsas məsələ ondan ibarət idi ki, Türkiyə bu gün qeyd etdiyim kimi artıq dünyada böyük nüfuz sahibidir, güclü bir dövlətdir. Türkiyənin Ərdoğana qədərki tarixinə nəzər yetirsək, həmişə bu ölkəyə qarşı beynəlxalq təşkilatlar da, digər ölkələr də demək olar ki, istədikləri siyasəti aparıblar. Amma bu gün cənab Ərdoğan yalnız Türkiyənin maraqlarına zidd olmayan, əksinə, maraqlarına cavab verən addımlar atır. Bu gün Türkiyənin iqtisadiyyatı güclənir, fərqi yoxdur silah Rusiyadan alındı, NATO-dan alındı. Cənab Ərdoğan deyir ki, “biz bu silahı istəyirik, hansısa NATO ölkəsi versin, Türkiyə öz sərhədlərini müdafiə etməlidir”. Əgər özünü müdafiə etmək üçün silah verilmirsə, nə fərqi var onu Rusiyadan alacaq, ya başqa bir ölkədən. Bütün bunlar hamısı bəhanələrdir. Əsas məsələ ondan ibarətdir ki, bu gün həmin qüvvələr, istər NATO dövlətləri, istərsə də başqa ölkələr olsun Türkiyənin güclənməsini istəmirlər. Demək ki, Türkiyənin gücündən və nüfuzundan qorxurlar, əsas məsələ bundan ibarətdir. Bu gün hansısa silah məsələsini ortaya atıb, bundan bir bəhanə axtarmaq əlbəttə ki, absurd məsələdir.

Əslində Rusiya ilə yaxınlaşması məsələsi həm Türkiyənin, həm də Moskvanın maraqlarına cavab verən məsələdir. Çünki Azərbaycan bildiyiniz kimi, bölgədə böyük infrastruktur layihələri həyata keçirir. İstər enerji layihələri olsun neft və qazla bağlı, istər dəmir yolu layihəsi olsun, bu məsələdə də təbii ki, Türkiyə və Rusiyanın da ö maraqları var. Bu gün Rusiya Türkiyə vasitəsilə, Türkiyə də Rusiya vasitəsilə böyük turizm ticari əlaqələrinə, eyni zamanda böyük iqtisadi əlaqələrə də malikdir. Niyə də olmasın? Türkiyə təkcə Qərblə əməkdaşlıq etməlidir? Nəyə görə Rusiya ilə və ya digər bölgə ölkələri ilə, müsəlman dünyası ilə əməkdaşlıq etməsin? Əgər bu, Türkiyənin maraqlarına uyğundursa, edəcək. Türkiyə müstəqil dövlətdir. Türkiyə heç bir beynəlxalq təşkilat qarşısında öhdəlik götürməyib ki, hansısa ölkə ilə iqtisadi və siyasi əlaqələri genişləndirməsin. Ötən il dövlət çevrilişinə cəhd zamanı nəyə görə NATO müdaxilə etmirdi Konstitusiya quruluşunun bərpası üçün? Nəyə görə, cənab Ərdoğan yalnız öz xalqına müraciət sayəsində bu vəziyyəti aradan qaldırdı? Burada çoxlu ziddiyyətli məqamlar var. O məqamlar da əlbəttə, həmin beynəlxalq təşkilatlar, eləcə də NATO-nun öz daxilində axtarılmalıdır. Türkiyə ilə Rusiyanın həmişə tarixi dostluq, siyasi, iqtisadi, diplomatik və s. əlaqələri olub və bundan sonra da ola bilər. Bu, çox normal haldır, eyni zamanda bölgədə yerləşən digər ölkələr kimi, Azərbaycan da bunda maraqlıdır ki, Rusiya ilə Türkiyənin münasibətləri, ümumiyyətlə bölgə ölkələrinin münasibətləri yaxşı olsun, Dağlıq Qarabağın işğal faktı aradan qaldırılsın, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Bütün bunlara görə də, əlbəttə ki, həm NATO, həm də digər dövlətlər tərəfindən qısqanclıqlar var, bu, istisna olunmur. Amma hər dövlət özünün müstəqil daxili və xarici siyasətini aparır, ona görə də heç kəsin haqqı yoxdur ki, digər ölkənin daxili işlərinə qarışsın.

Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Türkiyə ilə NATO arasındakı münasibətlərin reallığının bir neçə səbəbi var: “Ziddiyyətlər əsasən, Türkiyənin regionda oynadığı roldan və Rusiya-Türkiyə intensivləşməsindən sonra baş verib. NATO-nun Türkiyə ilə münasibətlərində şübhəsiz ki, bu təşkilatın aparıcı gücü və əsas donoru olan Amerika Birləşmiş Ştatlarının da rolu var. Bu səbəbdən NATO ilə Türkiyə arasındakı münasibətlərin Türkiyə-ABŞ münasibətlərinə də təsir göstərəcəyi şübhəsizdir. Türkiyə regionda söz sahibi olmaq niyyətini ortaya qoyduqdan və Suriyada, İraqda siyasət yürütməyə başladıqdan sonra NATO üzvü olan bir çox ölkələrin qardaş dövlətə qarşı münasibətlərində ciddi dəyişiklik baş verdi. Türkiyənin daxili siyasətində baş verən hadisələr də bu münasibətə təsir göstərir. Bəzi Qərb liderləri Türkiyənin xarizmatik liderini sevmirlər. Əslində Türkiyəyə olan münasibətin kökündə Ərdoğana olan münasibət dayanır. Türkiyəni əvvəlki formatda görmət istəyirlər. O formatda ki, Türkiyənin daxili siyasətinə müdaxilə etmək mümkün idi və ölkədəki separatçı qrupları maliyyələşdirmək, onları silahlandırmaq, dəstəkləmək mümkün idi. Bunun qarşılığında isə Türkiyə hər hansı ciddi reaksiya vermirdi. Amma göründüyü kimi, indiki şəraitdə Türkiyə bu qəbildən olan davranışlara kifayət qədər sərt reaksiya verir, öz ərazi bütövlüyünü, maraqlarını qorumağa çalışır. NATO-nun nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq, üzv ölkələrin hər hansı birinə müdaxilə, təhlükə yaradılması əslində, NATO üzvü olan bütün ölkələrə müdaxilə və təhdid kimi qəbul olunmalıdır. Belə olduqda, eyni reaksiyanı NATO-nun üzv olan ölkələri də göstərməlidir. Yəni, Türkiyəyə qarşı terror aktlarını həyata keçirən, bölməyə çalışan aqressiv separatçı, terrorçu qruplara qarşı NATO eyni mövqedən çıxış etməli və onlara qarşı birgə mübarizə aparmalıdır. Amma biz bunun əksini görürük, NATO üzvü olan ölkələrin bir çoxunda, PKK və demək olar, onun tör-töküntülərinin rəsmi qərargahları yerləşir, onların silahla təmin edilməsində, maliyyələşməsində aktiv iştirak edirlər. Bu da Türkiyəni seçim qarşısında qoyur. NATO üzvü olan ölkələrə sual ünvananlanır ki, siz kimin dostusuz, kiminlə müttəfiqsiz? Bunu dəqiqləşdirin, sonra isə Türkiyə ilə yola davam etmək olar.

Digər amil Türkiyənin silahlanması ilə bağlıdır. Türkiyə təhdid, ciddi təhlükə qarşısındadır. Bu səbəbdən, Türkiyənin qarşısında duran əsas məqsəd ölkənin müdafiəsini, xüsusilə də hava hücumundan müdafiə sistemini gücləndirməkdən ibarətdir. Amma NATO digər üzv ölkələrdə hava hücumundan müdafiə sistemlərini quraşdırdıqları halda, Türkiyəyə bu sistemləri hətta öz vəsaitləri hesabına satmaqdan imtina edir. Belə olduqda Türkiyə alternativlərə əl atır və Rusiyadan zenit raket kompleksi almaq məcburiyyətində qalır. Bu da NATO tərəfindən ritorika ilə qarşılanır və Türkiyəyə qarşı Rusiya ilə əməkdaşlığa görə sərt ittihamlar irəli sürülür. Situasiya belədir - NATO üzvü olan bəzi ölkələr Türkiyəni əlaltı kimi görmək istəyirlər, Türkiyə də bu statusu qəbul etmir, regionun güc mərkəzi kimi önə çıxmaq, ərazi bütövlüyünü qorumaq istəyir. Yaranmış ziddiyyətlərin kökündə də bu amil dayanır. Amma bunun hara qədər irəliləyəcəyini öncədən söyləmək mümkün deyil. Türkiyə NATO-nun ən aparıcı üzvlərindən biridir, döyüş qabiliyyətinə görə ikinci gücü hesab olunur. Türkiyənin hər hansı hərbi blokda təmsil olunması, həmin hərbi blokun gücünü daha da artırır və balansı maksimal dərəcədə dəyişir. Yəni, Türkiyə NATO-nu tərk edərsə, bu artıq, NATO üçün böyük problemə çevrilə bilər. Həmçinin Türkiyənin coğrafi mövqeyi də NATO üçün strateji əhəmiyyət kəsb edən bir mövqedədir. NATO ilə Türkiyə arasında ziddiyətlər kəskinləşərsə, blokda parçalanma baş verərsə, bu həm də onlar üçün Türkiyə coğrafi mövqeyinin itirilməsi deməkdir. Hesab edirəm ki, Türkiyənin NATO-da qalması üçün və mövcud reallıqlarla, Türkiyənin iddiaları ilə barışılması üçün mövcud ritorika müəyyən dövrdən sonra azalacaq”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, Türkiyə və ABŞ arasındakı gərginlik əsasən Fətullah Gülən məsələsinə görə başlayıb: “Fətullah Gülənin ekstradisiyası mümkün olmadıqdan sonra bu proseslər daha da dərinləşməyə başlayıb. İkinci məsələ, Rza Zərrabın məhkəməsində bəzi prokurorların məhz FƏTO-çu olmağı gündəmə gəlmişdi. Məsələ ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışından sonra bu problem də yarandı. Üçüncü məsələ, NATO-nun keçirdiyi təlimlərdə Atatürkün və Ərdoğanın hədəf seçilməsi və atəş açılmasıdır. Buna görə NATO rəhbərliyi cənab Ərdoğandan üzr istədi.

Bu səbəblərə görə də Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında belə gərginliklər yaranır. Düşünürəm ki, NATO və ABŞ heç vaxt Türkiyədən imtina etməyəcək. Çünki Türkiyənin geosiyasi və coğrafi mövqeyi elədir və boğaz elə yerləşib ki, bütün qoşunlara silah-sursat çatdırılması məhz dəniz yolu ilə həyata keçirilir. Həm Yaxın Şərq layihəsinin həyata keçirilməsində, həm də regionda baş verən proseslərlə bağlı məsələlərə Türkiyə birbaşa nəzarət imkanına malikdir. Eyni zamanda, ABŞ-la Türkiyə arasındakı gərginlik son vaxtlar Rusiya ilə Türkiyənin yaxınlaşması da ola bilər. Buna görə müəyyən addımlar atılır. İnandırıcı deyil ki, Türkiyə ilə Rusiyanın münasibəti lap yüksək səviyyədə inkişaf edəcək, əksinə, ABŞ-la Türkiyənin münasibəti daha da inkişaf edəcək. Bunların heç biri Türkiyəyə təsir göstərməyəcək, ABŞ-la Türkiyə arasındakı münasibətlər düşünmürəm ki, inkişafdan qala”.

Günay Elşadqızı / METBUAT.AZ


metbuat.az.