METBUAT.AZ

Sosial

Nə qədər neqativ?!

14 Noyabr 2017 13:22

Yağışlı günlər adama düşünmək və yenidən düşünmək üçün əvəzsiz seçimlər verir. Məsələn, mən heç də ədəbiyyatçı romantikasını da nəzərdə tutmuram. Sözün açığı, bu günə qədər yağışdan filan təsirlənib hansısa şeir yaxud hekayə də yazmamışam. Əslində qış fəslində doğulduğumdan ya nədəndir, həmişə qışı və qışın öncəsi olan payızı çox sevmişəm. Amma ötən doğum günümdə qarda yıxılmağım və diz qapağım sınandan sonra evdə 4 ay yatanda bir şeyi dəqiqləşdirdim ki, mən deyəsən daha nəinki soyuğu sevir, hətta qorxuram da. Ciddi deyirəm.

Amma fəsillərin, ayların, günlərin soyuğundan daha dəhşətli olan bir şey var, o da insanların soyuqluğudur. Adamın insan soyuqluğu qədər üzülə biləcəyi şeylər sayısızdır, amma mənəvi buzluq niyəsə insanda qarşısı alınmaz mənəvi get-gəllər və suallar yaradır.

Hərdən düşünürəm ki, niyə bu qədər aqresivik? Yağışlı günlərdə evə qapanıb qriplə mübarizə aparanda sadəcə kitab oxumaqla zaman keçirirdim və çalışırdım ki, sosial şəbəkələrdən uzaq durum. Real həyatda gözəl dövlətimizin layiqli vətəndaşı olmayan insanların bir çoxu sosial şəbəkələrdə təhlilçiyə, ekspertə, bəzən də politoloqa çevrilir. İnternet tam azaddır və əlbəttə ki, insanlara heç bir qadağa qoyula bilməz. Bu, öz yerində. Amma düşündürən odur ki, çoxluq kədər, qəm eyforiyasına bürünüb, insanlarda inanılmaz laqeydlik var elə bil ki. Bizim ümummilli fəlaətlərimizdə belə reaksiyamızı tam ortaya qoymaqdan qaçmamalıyıq. Hansısa bir səhifənin xəngəl şəklinin altında polemika da öz yerində, amma vaxt ayırıb ölkəmiz əleyhinə Tvitterdə kampaniya aparan ermənilər və onların əlaltısı olan bloggerlərin cavablarını verə bilmərikmi?

Edənlər var və olacaq, amma çoxluqda bu məsuliyyət şüuru olmalıdır, özü də təcili və təxirəsalınmaz formada. Vətəndaşlıq yalnız şəxsiyyət vəsiqəsi daşımaqla olmur. Müəyyən dairələrin məkrli planlarına cavab verəcək bir tvit yazsaq, əlahiddə zaman məfhumundan məhrum olmarıq. Lağlağı dili, hər şeyi məsxərəyə qoymaq, özünün sanki zamanı yoxmuş kimi bəhanələrə sığınmaq yaxşı heç nə vəd etmir. Biz vaxt darlığı məsələsindən əvvəllər kitax oxumamaq, teatr və sərgilərə getməmək məsələsində tez-tez istifadə olunduğunu görmüşük. Amma smartfon erasında elə ictimai nəqliyyatda getdiyin yerdə hansısa mənfur saxtakarın böhtanlarına bir vətəndaş kimi cavab yazmaq inanın ki, vaxt ittkisi deyil. Bilirəm ki, bizdə həm də qəribə bir qrup da formalaşır ki, “mənə nə” deyib, hər şeyə müxalif olmaqla özlərini nihilist və sair adlarla qəlibləyirlər. Məncə, heç bir ideologiya dövlətçilik şüurundan və vətəndaşlıq anlayışının dərkindən üstün deyil.

Məni daha çox düşündürən ən əsas məsələlərdən biri də yadlaşma tendensiyasıdır. Bəli, biz bilirk ki, “ölənlə ölünmür”. Onsuz da hamımız öləcəyik, insan ən yaxınını itirsə belə həyata dörd əlli yapışmalıdır. Amma elə dəyərlər, itkilər var ki, ona reaksiyasız da qalmaq olmur.

Tendensiyanı şəxsi həyatımda da hiss etmişəm, başıma gələn ən pis olaylarda belə bəzi dostların çox anlıq reaksiyaları olub, bir gün sonra heç kim heç nə ilə maraqlanmayıb. İnsanların borcudurmu? Xeyr, əsla. Sadəcə bəlkə də indi özüm daha irrasional olmuşam və qlobal nizamsızlığın hökm sürdüyü bu çağda can vətənimin insanlarını daha həmrəy görmək istəyirəm. Bəli, biz aprel döyüşlərindəki tarixi zəfərimizə həmrəy münasibət göstərdik, ağrılarımızda hamımız bir ola bilirik. Fərdi münasibətlərimizdə də daha anlayışlı, tolerant və vəhdət olacağımızı da bilirəm.

Ona görə daha müsbət fikirli olmağa çalışıram. Yaxınlarıma da bunu deyirəm.

Körpələr biz böyüklərdən öyrənir. Onlara mənfi yüklü bir gələcək ötürmək haqqımız yoxdur.

Tural İsmayılov / Metbuat.az


metbuat.az.