METBUAT.AZ

Siyasət

“Növbəti mərhələ üçün substantiv danışıqların baş tutmasına ehtiyac var”

13 Noyabr 2017 14:51

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir müddət öncə bildirib ki, noyabrın 16-da Moskvada həmsədrlərlə görüş keçirəcək. XİN rəhbəri qeyd edib ki, ondan bir neçə gün əvvəl Ermənistan prezidenti və erməni həmkarı da Moskvada olacaq: “Təklif olub ki, üçtərəfli görüş olsun, ancaq hələ ki, dəqiq olan budur ki, həmsədrlərlə görüşüm olacaq”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə görüşündə yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşünün təşkilinə dair məlumatının olub-olmaması barədə suala belə cavab verib: “Görüş planlaşdırılır. Bu görüşü konkret təşkilat keçirəcək. Görüşün vaxtı bilinən kimi məlumat verəcəyik. O ki qaldı müxtəlif formatlarda təmaslara, bunlar da istisna deyil, üzərində işlənilir”. M.Zaxarova ilin sonunadək nazirlərin görüşünün keçirilməsinin planlaşdırıldığını bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, prezidentlərin son görüşündən sonra xarici işlər nazirlərinin görüşü gözlənilən idi: “Amma istənilən görüş konkret predmet əsasında baş tutmalıdır ki, növbəti mərhələyə imkan yaransın. İndiki şəraitdə danışıqlar prosesinin sadəcə bərpa olunması istiqamətində iş görüldüyünün şahidi oluruq.

Növbəti mərhələ üçün Azərbaycanın daha öncə bəyan etdiyi substantiv danışıqların baş tutmasına ehtiyac var. Ermənistan prezidentinin son açıqlamaları sübuta yetirir ki, onlar, danışıq prosesinin irəliləməsində maraqlı deyillər. Rusiya tərəflərə hər hansı təzyiq göstərməyəcəyini və tərəflərin verəcəkləri qərarı dəstəkləyəcəyini bəyan edib.

Qeyd olunanları nəzərə alsaq, görünən budur ki, yaxın dövr ərzində problemin danışıqlar yolu ilə həlli görünmür, yəni qısa zaman ərzində baş verəcək bir proses deyil. Ermənistana qarşı sanksiyalar tətbiq olunmasa, sərt addımlar atılmasa, işğalçı ölkənin hər hansı konstruktiv mövqe nümayiş etdirəcəyini gözləmirəm”.

Günay Elşadqızı \ METBUAT.AZ


metbuat.az.