4 Noyabr 2017 12:00
Salam Mehman. Mənəm ee… Bethovenə qulaq asan "mama uşağı". O davalara-zada qoşulmayan oğlan. Heç indi də qoşulmuram ha... nəyimə lazım?! Sadəcə sözün yadıma bir hadisə saldı, dedim onu Bethovenlə bölüşüm.
Deməli Bethoven əmi, bir dəfə Salyanda toydayam, toya dava düşdü. Elə-belə, yüngülvari. Qansız, filansız. Bildim ki, indi meyxana deyənlərin gəlmə vaxtıdı. Elə zaldan çölə çıxırdım ki, bir tənbəki alışdıram, bir səbəbi qohumfason şey girdi qoluma. Dedi ki, "ə, qohum, bu nə davadı səncanı?!" Sevindim. Dedim deyəsən bu 100% ömründə bir dəfə də olsun sənə qulaq asıb. Davam elədi ki, "İnşallah, Allah qoysa, mən deyən olmasın, bəs, Allah deyən olsun, oğlumun toyunda bir dava salacam, bir dava salacam ki, qan su yerinə axsın. Sözü-söhbəti ərşə çatsın”. Dedim "İnşallah". Elə bu dəmdə Əhməd adlı meyxana deyən mikrafonu götürdü əlinə ki, bəs "mən özümü bu kəntdə kənar bilmirəm, səni də sənətdə peşəkar bilmirəm" zad. Ləqəbi də "Li" idi. Əhməd Li. Əhməd Lidən sonra da Həzi gəldi. Ləqəbini unutmuşam. Deyəsən "Aslan" idi. Həzi Aslan. Nəysə işim yoxdu... bu dava salanlar hamısı qucaqlaşıb öpüşdü. Qohumfason şey də Əhmədin cibinə bir "beşdiy" basdı, mən də mamamı götürüb, getdim evə.
A Mehman, gəl bir hadisə də sənə danışım. Taa ağzımı açmışam. "Nəsimi" filminə baxırdım, Nəsimi Topal Teymura dedi ki, bəs "kamil-cahil". Topal Teymur da susmağı (Nəsimini öldürməməyi) bacarır. Bu elə bir növ kamillik, müdriklik, sənin dilinlə desək "yaxşı oğlan" əlaməti idi.
İndi a Mehman, əgər mən sənin həyatı qəbul elədiyin çərçivədə yoxamsa, deməli avtomatik olaraq sən də mənim həyatı qəbul elədiyim çərçivədə yoxsan. İndi nətər olur ki, mən susuram, qarışmıram, amma sən danışırsan, qarışırsan?!
Hə, yaxşı yadıma düşdü: Bethovenə zəng eləmişdim, fikrini öyrənəm. Dedi ki, "mən dava olanda davalara qoşulurdum, özümə qulaq asmırdım, çantamı götürüb məktəbə getmirdim, hava qaralmamış evə qaçmırdım, gecələr küçəyə çıxmağa qorxmurdum deyə, meyxanaya yaxın durmuşdum. Daha doğrusu meyxana mənə yaxın durmuşdu. Mehmanı da tanıyıram, qulaq asıram, sənətinə hörmət edirəm. O, elə söz deməz"