6 Noyabr 2017 11:13
Səudiyyə Ərəbistanının daxilində baş verən hadisələr bütün dünyanı təəccübləndirib. Ölkədə 11 şahzadənin və onlarla yüksək rütbəli şəxs korrupsiya ittihamı həbs edilib.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti Fuad Çıraqovun sözlərinə görə, sülalə daxilində və ölkənin əsası qoyulandan sonra bu cür zəlzələ və qarşıdurma ilk dəfə idi baş verirdi:
“Müxtəlif qruplara bölünən 5000-dən çox şahzadə arasında indiyə qədər hakimiyyət və ölkənin sərvətlərinin bölgüsü barəsində səssiz konsensus ortaq məxrəc olub. Həmişə olan hakimiyyət uğrunda mübarizə isə bu dəfə şəhzadə Salmanın keçdiyi qırmızı xətlər çərçivəsindən kənara çıxmırdı. Dünyanın bu hissəsində islahatçı olmaq, cəmiyyətin daşlaşmış tabularına qarşı getmək həyat üçün çox təhlükəli bir yoldu. Yəni, demək istəyidiyim budur ki, Salmanın həyata keçirmək istədikləri və seçdiyi yol amansız mübarizə və qarşıdurma yoludur. Bu mübarizədə qalib gəlmək üçün özün də amansız olmağı bacarmalısan. Hələlik, Salmanın qətiyyətli və cəsarətli addımlarını görürük, bundan sonra onun və qarşı tərəfin hansı addımlar atacağını görəcəyik”.
Ekspertin sözlərinə görə, ölkələri və xalqları tətqiq etmək üçün bütün ölkələrə və cəmiyyətlərə xarakterik qanunauyğun universal tarixi-sosioloji dinamika və oxşarlıqlar var. Ölkəşünaslıq elminin əsası və fəlsəfəsində isə bu universal tarixi-sosioloji dinamikaları bilmək durur ki, bu sizə tədqiq etdiyiniz və nəzərdən keçirdiyiniz ölkədə proseslərin hansı məntiqi sonluğa getdiyini ehtimal etməyə imkan verir: “Fikrimcə, Şərqdə cəmiyyətin bütün strukturunu gələcək nəsillər üçün dəyişdirmək və proqres istiqamətində yönəltmək missiyasını üzərinə götürmüş tarixi şəxsiyyəti humanizm və insan hüquqları prizmasından qiymətləndirmək və mühakimə etmək yersizdir. Həmin prosesdə cəmiyyəti dəyişdirmək missiyasını üzərinə götürmüş şəxs (qrup) bəzən lazım olandan artıq zəruri inqilabi terrora və amansızlığa yol verir, bəzən isə proses yarımçıq qoyulur. Bunlara görə isə gələcək nəsillər tərəfindən müxtəlif prizmalardan tənqid və bəzən lənətlənir. Amma bu missiyanı üzərinə götürən şəxs (qrup) ortaya çıxana kimi köhnəliyin və feodalizmin qalıqları metostaz kimi cəmiyyətin orqanizmindən çıxmayaraq, onu inkişaf etməyə qoymur. Bu dövrdə zorakılıq və amansızlıq tarixi zəruriyyət və qanunauyğunluqdur. Atatürkün başçılığı ilə aparılan modernləşməyə, ölkənin feodal keçmişindən, strukturundan və buxovlarından qurtulması istiqamətində atılan addımlara bu prizmadan baxın. Ancaq mən şəhzadə Salmanı daha çox ilk Pəhləvi şahı Rza Pəhləvi və onun varisi Məhəmməd Rza Pəhləvinin ilk dövrü ilə müqayisə edərdim və oxşadardım. Salman da Pəhləvilər kimi monarx olaraq modernləşməni yuxarıdan başlamağa cəhd edir. Bir məqamı da unutmayın ki, Yaxın Şərqdə bu cür modernləşmə aparmaq üçün tam total mütləq hakimiyyət zərurətdir. Atatürk və Pəhləvilər kimi Salmana da istədiyi islahatları aparmaq üçün total hakimiyyət lazımdı. Onun indi etdikləri bu zərurətdən irəli gələn hakimiyyəti tam olaraq əlində cəmləşdirmək cəhdidir. Burda haşiyədən çıxaraq bir məqamı qeyd edim ki, modernləşmə ilə demokratikləşməni bir-biri ilə qarışıq salmayın.
İranda bugünkü Yaxın Şərqdə bəlkə də ən güclü modernləşmənin əsasını məhz Pəhləvilər qoyub. Nə qədər qəribə görünsə də İranda Pəhləvilər dövründə yarımçıq qalan modernləşmə prosesini sona İslam inqilabından sonra mollalar çatdırdı. Qərbdə sosial elmlər ilə məşğul olanlar belə düşünürlər. Məhz İran inqilabından sonra Qərbdə belə bir fikir yarandı ki, Yaxın Şərqdə elə islamçılar da əslində feodalizmin kökünü kəsə və modernləşməni apara bilərlər. Məhz bu dövrdən başlayaraq Qərbdə müxtəlif "müsəlman qardaşları" və "yumşaq islamçılarla" əməkdaşlığa başlanıldı və müxtəlif layihələr irəli sürüldü”.
Eskpert bildirib ki, bu gün Səudiyyədə cərayan edən hadisələr Yaxın Şərqdə gedən ümumi obyektiv tarixi proseslərin təzahürü və növbəti mərhələyə keçidin başlanğıcıdı: “Bu mərhələni Türkiyə və İran kimi ölkələr əgər 70-80 il bundan əvvəl müxtəlif formalarda keçmişdisə, indi Səudiyyə keçir. Bizim fərdi həyatımız üçün 70-80 il böyük rəqəmdi, qanunauyğun tarixi proses üçün isə qısa bir dövrdür. Şəhzadə Salman isə bu ümumi prosesdə mühüm tarixi şəxsiyyət kimi və ya ötəri bir şəxs kimi qalacaq, onu yaşayıb görəcəyik”.
Günay Elşadqızı \ METBUAT.AZ