METBUAT.AZ

Siyasət

“Üç böyük dövlət Dağlıq Qarabağ problemini anındaca həll edə bilər”

2 Noyabr 2017 12:30

Xəbər verdiyimiz kimi, Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Dağlıq Qarabağ probleminə də toxunub: “Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

Dövlət başçısı Tehranda həm İran, həm də Rusiya prezidentləri ilə təkbətək görüşlər də keçirib. Maraqlıdır, üçtərəfli əməkdaşlığın, Rusiya və İranla yaxın münasibətin Dağlıq Qarabağ probleminin həllində müsbət rolu ola bilərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Sahib Alıyev deyib: “Tehran görüşü bir daha onu göstərdi ki, bizim regionda, yəni, bütövlükdə Böyük Qafqazda əsas beynəlxalq siyasətin subyekti olaraq çıxış edən ölkələr Azərbaycan, Rusiya, İran və Türkiyədir. Ermənistan bu proseslərdə subyekt rolunda iştirak etmir. Əlbəttə, əgər bizim iki qonşumuz Rusiya və İran Azərbaycanın onlarla səmimi tərəfdaşlıq və əməkdaşlıq səylərinə adekvat hərəkət etsələr və həqiqətən də bu regionda əmin-amanlığın daha da artmasına çalışsalar, Dağlıq Qarabağ probleminin həllində çox mühüm töhvələr verə bilərlər. Suriyadakı proseslər bildiyiniz kimi, olduqca mürəkkəb proseslərdir. Bu ölkədə nələrin baş verdiyini açıq-aydın görürük. Regionun 3 böyük dövləti – Rusiya, Türkiyə və İran Suriya kimi yerdə müəyyən müsbət reallığa nail ola bildilərsə, bir yerdə Dağlıq Qarabağ problemini də anındaca həll edə bilərlər. Bunu da nəzərə almalıyıq ki, Ermənistandakı hərbi xunta da tamamilə bu iki dövlətdən asılı vəziyyətdədir. Yəni, istənilən halda ümid edirəm ki, 3 dövlət arasındakı genişlənən əməkdaşlıq, dərinləşən tərəfdaşlıq hər halda problemin həllinə təsirsiz ötüşməyəcək. Ən azından biz, ümid edirik və iki böyük qonşu dövlətdən bunu çox gözləyirik.

Rusiyadan ona görə gözləyirik ki, Minsk qrupunun həmsədr ölkələrindən biridir. İrandan isə gözləməyə haqqımız var, çünki eyni kökü, eyni mədəniyyəti paylaşırıq. Yəni, doğrudan da qonşu İran, müsəlman dövlətləri ilə bağlı bəyan etdiyi siyasəti yürüdərsə, onda bu münaqişəsinin, problemin həll olunmasında indi gördüyümüzdən qat-qat artıq fəal və prinsipial mövqe ortaya qoymalıdır”.

Günay Elşadqızı / METBUAT.AZ/


metbuat.az.