METBUAT.AZ

Siyasət

“Vaxt gələcək ki, həmin liman vasitəsilə 20-30 milyon tona qədər yük daşınacaq”

2 Noyabr 2017 12:55

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılışındakı çıxışı zamanı ölkəmizin nəqliyyat sektoru ilə bağlı məlumat verib.

Metbuat.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir və ölkəmizdə bu sahəyə çox böyük sərmayə qoyulur:

“2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var – 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilmişdir. Bu zavod bütün növ gəmiləri istehsal edir. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmlə işləyəcək.

Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bax, bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir”.

Millət vəkili Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, nəqliyyat dəhlizi Azərbaycanı çox əhəmiyyətli bir dövlətə çevirir: “Regionun əsas nəqliyyat dəhlizləri demək olar Azərbaycandan keçir. Xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi və bu, Pekindən Londona qədər gedəcək. Xəzər dənizində yüklərin qəbul olub daşınması, Qazaxıstanla, Türkmənistanla, İranla əlaqə qurmaq üçün belə limanın inkişafına böyük ehtiyac var. Çünki bizdə köhnə Bakı Limanı çox geniş deyildi, bəzi yükləri qəbul edə bilmirdi, texniki cəhətdən demək olar tam təmin olunmamışdı deyə belə bir qərar verildi. Ona görə də hazırda Bakı Ticarət Dəniz Limanı tikilir. Bu, çox böyük, əhəmiyyətli limandır. Planlaşdırılır ki, həmin ərazidə 200 min əhalinin yaşaya biləcəyi evlər də tikilsin. Mən özüm də orda olmuşam, görüləcək işlərlə tanış olmuşam. Birinci mərhələni yavaş-yavaş ərsəyə gətirirlər, bitirmək üzrədilər. Eyni zamanda, cənab prezidentin Sərəncamı ilə orada Azad Ticarət Zonası yaradılacaq. Həmin Zona iqtisadi blok şəklində fəaliyyət göstərəcək. Yəni bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki həm dəniz yolu olacaq, həm dəmir yolu olacaq. Vaxt gələcək ki, həmin liman vasitəsilə ola bilər 20-30 milyon tona qədər yük daşınacaq. Belə bir liman Qazaxıstanın Aktau şəhərində də tikilir. Onlar da öz yüklərini həmin liman vasitəsilə bizim Ticarət Limanına gətirəcək və oradan da gəmi ilə Avropaya çıxaracaqlar”.

Qeyd edək ki, Azərbaycanın sərhəddaxili və quru limanlarından fərqli olaraq yeni Azad Ticarət Zonası (ATZ) beynəlxalq multimodaldaşıma sistemində və Azərbaycandan keçən Avrasiya təchizat zəncirində aparıcı rol oynayacaq. Dayanaqlı yerli və regional logistika şəbəkəsi, eləcə də, logistika bazarı Ələt liman layihəsi üçün sağlam əsas təmin edəcək.

Liman Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edəcək. ATZ xüsusi iqtisadi zonanın bir hissəsi kimi Yük Avtomobilləri Dayanacağı, Beynəlxalq Logistika Mərkəzi və Yerli Logistika Mərkəzi kimi bir sıra komponentləri əhatə edir. Ələt qəsəbəsində yaranmaqda olan yeni Azad Ticarət Zonası beynəlxalq yük daşınma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidməti olacaq.

Yeni Bakı Limanının (Ələt qəsəbəsi) da daxil olduğu ATZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcək. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulubdur. Misal üçün neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və s. sahələr üzrə istehsalat sahələrinin qurulması nəzərdə tutulub. Ümumiyyətlə, ATZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. 2040-cı ilə qədər ölkə iqtisadiyyatının ÜDM-na kumulyativ təsiri (Cumulative impact to GDP) 57 milyard dollar səviyyəsində hesablanıb.

Xatırladaq ki, 17 mart 2016-cı ildə cənab Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Günay Elşadqızı \ METBUAT.AZ


metbuat.az.