METBUAT.AZ

Siyasət

“Avropa Məhkəməsi qərarı ilə ermənilərin işğalçı olduğunu təsdiq etdi”

13 Dekabr 2017 13:31

Xəbər verdiyimiz kimi, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə yeni qərar çıxarıb.

Metbuat.az-ın məlumatına görə, qərara görə, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. Ermənistan hökumətinə təzminatın ödənilməsi üçün 3 ay vaxt verilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkil Elman Məmmədov deyir ki, burda söhbət ermənilər tərəfindən ərazisi işğal olunmuş, yurdu-yuvası dağıdılmış insanlara ödənilən məbləğin miqdarından getməməlidir: “Biz buna diqqət yetirməməliyik, bizi maraqlandıran əsas məsələ budur ki, Avropa Məhkəməsi təsdiq edir ki, müraciət edən azərbaycanlı məcburi köçkünlərin işğal vaxtı ev-eşiyi, əmlakı dağıdılıb, haqları pozulub. Əgər bunu təsdiq edib, hər hansı bir məbləğdə cərimə kəsirsə, demək artıq həmişə ermənilərin müdafiəsində dayanan Avropa qurumları, dövlətləri, o cümlədən, indi Avropa Məhkəməsi özünün bu qərarı ilə işğal faktını etiraf edir və təsdiqləyir. Bizə bu lazımdır.

Demək, Avropa bizim uzun zamandır dediklərimizi artıq öz məhkəməsində təsdiq edir ki, həqiqətən də Azərbaycanın 20% torpağı ermənilər tərəfindən işğal olunub və işğal vaxtı bu vətəndaşlara ermənilər tərəfindən ziyan vurulub. O məbləğ əslində qəpik-quruşdur, ancaq bizi, Azərbaycanı maraqlandıran məsələnin hüquqi tərəfidir. Ümumi müstəvidə bizim artıq məsələni udmağımızdır ki, Avropa məhkəməsi ermənilərin işğalçı olduğunu, işğal faktını təsdiq edir ki, bəli ortada işğal faktı var. Bu, bizim üçün çox vacibdir.

O ki, qaldı zərərin ödənməsinə, bizə dəyən ən böyük zərər doğma ev-eşiyimizdən, yurd-yuvamızdan ermənilər tərəfindən çıxarılmağımız, məcburi köçkün olmağımızdır. Bizə dəyən bu zərər o vaxt tamam ödəniləcək ki, doğma yurd-yuvamıza qayıdacağıq və cinayətkarlar cəzasını alacaqlar. Ancaq bu gün bizi maraqlandıran odur ki, o məhkəmədə Çıraqovların xeyrinə qərar çıxarıldı. Bu, bötüvlükdə Azərbaycanın xeyrinədir, yəni Avropa Məhkəməsi ermənilərin işğalçı olduğunu təsdiq edir”.

Qeyd edək ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov də Azvisiona-a açıqlamasında məsələni şərh edib. Onun sözlərinə görə, “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müəyyən etdiyi maddi və mənəvi təzminat çox azdır. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da Ermənistan Respublikası tərəfindən 6 nəfərin hüquqlarının pozulması, onların evlərinin dağıdılması, yurdsuz qalması, məcburi köçkün vəziyyətinə salınması və digər pozuntular barədə qərar qəbul etmişdi. Bu qədər pozuntu qarşısında Avropa Məhkəməsinin hər bir şikayətçiyə 5 min avro həm maddi, həm mənəvi ziyana görə kompensasiya müəyyən etməsi gülüncdür. Digər qərarlara baxanda, məsələn, kiminsə bir gün həbsdə qalmasına görə 10 min avro təyin etməsi qarşılığında bu qərar anlaşılan deyil. Bu qərar Avropa Məhkəməsi tərəfindən ikili standartların tətbiq edilməsindən xəbər verir: “Qərardan şikayət verilə bilməz. Çünki qərarı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası qəbul edib. Bundan şikayət vermək mümkün deyil. Ermənistan tərəfi bu günə qədər “Çıraqovlar və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarın icrası ilə bağlı hansı tədbirlərin görüləcəyi barədə Avropa Şurasının Nazirlər Komitəsinə Tədbirlər Planı təqdim etməyib. Bu məsələ ilə bağlı necə davranacaqlarını isə bilmirik”.

Günay Elşadqızı / METBUAT.AZ

Ermənistana 3 ay vaxt verildi - DİQQƏT!


metbuat.az.