METBUAT.AZ

Siyasət

“Bu bizə, torpaq sahibi olan Azərbaycana meydan oxumaqdır”

4 Dekabr 2017 16:16

Son zamanlar Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların intensivləşdiyinin şahidi oluruq.

Ancaq Ermənistan hər zaman olduğu kimi, yenə də danışıqlar prosesinin intensivləşməsindən narahat olaraq fikri yayındırmağa, danışıqlara mane olmağa çalışır. Hər halda, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi bunu deməyə əsas verir. Sarkisyanın Qarabağa qəfil səfər etməsinin arxasında yenə də öz təxribat əməllərindən istifadə etməkdir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, Ermənistanda hakimiyyətdə olan hərbi cani və onun komandası, cinayətkar qurum heç vaxt heç bir danışıqla 1 metr də olsun torpaqdan çıxmaq niyyətində olmayıblar və olmayacaqlar da: “Çünki onlar çox dəqiq bilirlər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra onların həm siyasi hakmiyyətinin sonu olacaq, həm də onlar törətdikləri hərbi, insanlığa qarşı olan və digər cinayətlərə, Xocalı soyqırımına görə cavab verməli olacaqlar. Ona görə onlar çox ciddi cəhdlə çalışırlar ki, işğal prosesi davam etsin, status-kvo qorunub, saxlansın. Bununla da onlar həm öz hakimiyyətlərinin ömrünü uzatmağa çalışırlar, həm də öz mövcudluqlarını qoruyub, saxlamaq fikrindədilər”.

Millət vəkili bildirib ki, Azərbaycanın səbrinin də bir həddi var: “Artıq mənə elə gəlir ki, bu məsələlərin vaxtı çoxdan çatıb. Buna ermənilər özləri öz ədalətsiz, tərbiyəsiz hərəkətləri ilə bizi məcbur edirlər. Ermənistana havadarlıq edənlər öz ədalətsiz mövqeləri ilə bizi məcbur edirlər ki, Azərbaycan, torpaqlarını azad etmək üçün hərbi güc yoluna əl atsın. Biz bunu istəməzdik, bütün beynəlxalq təşkilatlara, vasitəçilərə fikrimizi deyirik ki, bu cırtdan, işğalçı dövləti başa salın ki, bizim torpaqlarımızdan öz hərbi birləşmələrini çıxartsın. Ancaq bunu etmirlər. Desək ki, edə bilmirlər, bu səhv fikir olar. Sadəcə olaraq, etmirlər və etmək istəmirlər. Bunlar vaxt udmaqla, yubatmaqla məşğuldular. Bu da son nəticədə bizi məcbur edəcək ki, öz hüquqlarımızdan, beynəlxalq hüququn bütün normativ aktlarından istifadə edərək, ərazilərimizi işğalçılardan təmizləmək üçün anti-terror əməliyyatlarına başlayaq və hərbi gücümüzü tətbiq etməklə ərazilərimizi işğaldan azad edəcək, ərazi bütövlüyümüzü təmin edək. Bu, birmənalıdır. Ancaq işğalçı dövlətin havadarları bir az yaxşı fikirləşsələr, bunun olmaması, yenidən müharibənin alovlanmaması, qan tökülməməsi üçün cırtdan, işğalçı dövləti başa salarlar. Biz görürük ki, başa salmaq istəmirlər, işğalçı özü də başa düşmək istəmir, öz fikrindən çəkilmir, bu zaman artıq bizim 2 yox, bir yolumuz qalır - hərbi gücümüzdən istifadə edib, torpaqlarımızı işğaldan azad edək. Görürsünüz, Sarkisyan sirk meymunu kimi əyninə də bir dəst hərbi paltar geyinib, gəlib, bizim ərazilərimizdə göstəriş verir, tapşırıq verir, hərbi təlimlər keçirtdirir, hərbi təlimləri müşahidə edir. Bu nə deməkdir? Bu bir növ, haqqa, ədalətə, sülhə, bizə, torpaq sahibi olan Azərbaycana meydan oxumaqdır. Yəni mən istədiyim vaxt gəlirəm də, gedirəm də, təlim də keçirirəm, nəzarət də edirəm, komandanlıq da. Bunu yerində oturtmaq, cəzalandırmaq üçün Azərbaycanın yeganə yolu hərbi güc tətbiq edib onları torpağımızdan süpürüb atmaqdır, ikinci bir yolu yoxdur”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistanın bu addımının qarşısı alınmasa, terror təhlükəsi...” - Aydın Mirzəzadə


metbuat.az.