METBUAT.AZ

Siyasət

“Hərbi sənayemizin inkişafı Azərbaycanın inkişafı deməkdir”

18 Dekabr 2017 16:12

“Yaxın zamanlarda daha 2 zavodun – artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması, mexaniki emalı və həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur”.

Metbuat.az-ın məlumatına görə, bunu müdafiə naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda 58 istehsal müəssisəsi var, zavodların sayı 18-dən 28-ə çatdırılıb: “2007-ci ildən 2017-ci ilədək keçən 10 illə müqayisədə ümumi məhsul həcmi 6,7 dəfə artıb. Müdafiə təyinatlı məhsullar isə 42 dəfə artıb. Ötən dövrün müvafiq dövrü ilə bu ilin müvafiq dövrü arasında müqayisədə Müdafiə Nazirliyinə və digər qurumlara verilən müdafiə təyinatlı məhsulların həcmi 7,1% artıb”.

Yavər Camalov bildirib ki, ölkə başçısının tapşırığı ilə 2009-cu ildən Müdafiə Sənayesi Nazirliyi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə edir: “Beynəlxalq sərgilərdə iştirakın nəticəsidir ki, Azərbaycan bu gün 10-dan artıq ölkəyə öz məhsullarını ixrac edir. Ötən il ixrac olunan məhsullar kooperasiya ilə birlikdə əvvəlki illə nisbətən 2,7 dəfə artıb. İsrail şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edəcəyik. İndi isə Türkiyə şirkıti ilə bir neçə istiqamətdə danışıqlar aparılır və 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrdə biz 23 mm-lik snayper yaradıb, silahlanmaya qəbul etməliyik, hansı ki, onun atış məsafəsi 3000 m olacaq”.

Nazirin sözlərinə görə, düşmən tərəfin pilotsuz uçuş aparatlarını endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir: “Kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarının artıq ilkin sınaqlarına başlamışıq. Düşmənin həm canlı qüvvəsini, həm də texnikasını məhv etmək qabiliyyətinə malik olacaq. Həm özü müəyyənləşdirəcək, həm də məhv edəcək. Digər tərəfdən, elektro impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir”.

Nəzərə alsaq ki, müharibə şəraitində yaşayan ölkəyik və 25 ildir ki, torpaqlarımız işğal altındadır, o zaman hərbi sənayemizin inkişafı da bizi yalnız sevindirə bilər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda olan hərbi sənaye Silahlı Qüvvələrin baş komandanı, prezident İlham Əliyevin bilavasitə nəzarətində olan sahədir:

“Müharibə şəraitdə olan bir ölkə üçün ən böyük ehtiyac hərbi sənayenin inkişafıdır. Çünki Azərbaycanın hərbi sənayesi nə qədər çox inkişaf edəcəksə, o inkişaf demək olar ki, Azərbaycan Silahlı Qüvvələrində öz əksini tapacaq. Ancaq bu, Azərbaycanın özünün istehsal etdiyi silah-sursat olacaq, heç kimdən asılı olmayaraq, heç bir danışığa getməyərək müharibə şəraitində olan ölkə üçün çox vacibdir. Bizim qarşımızda böyük və mühüm məsələ durur. Bu, torpaqlarımızı düşmənin işğalından azad etmək və sərhədlərimizi bərpa etməkdir. Nə cür əməliyyat olursa-olsun, nə cür planlaşdırılırsa-planlaşdırılsın, təminat olmadan uğur əldə etmək mümkün olmayacaq. Azərbaycan Silahlı Qüvvələri bu gün patronlardan tutmuş mərmilərə kimi, silahlardan tutmuş pilotsuz uçuş aparatları, müasir elektron avadanlıqlarına qədər hərbi sənaye tərəfindən təmin edilməlidir. Bilirsiz ki, Azərbaycan hərbi sənayesi Silahlı Qüvvələrin ehtiyacını nəzərə alaraq inkişaf edir. Bu gün Müdafiə Sənayesi Nazirliyi kustar üsullarla istehsalata üstünlük vermir, bugünkü hərbi sənaye dünyada ən müasir silahların istehsalı üçün addımlar atır, elmi cəhətdən inkişaf edir. Hərbi sənayenin peşəkarları artıq inkişaf etmiş ölkələrin hərbi sənaye obyektlərində müəyyən təcrübə qazanaraq ölkəyə qayıdırlar və burada onu tətbiq edirlər”.

Ekspertin sözlərinə görə, hərbi sənayenin inkişafı birinci növbədə Azərbaycanın inkişafı deməkdir: “Çünki ölkəmizin hərbi sənayeni bugünkü vəziyyətə çatdırması Azərbaycanın imkanlarını, gücünü göstərir. Azərbaycan, Silahlı Qüvvələrinə, hərbi sənayesinə görə, Cənubi Qafqazda ən güclü dövlətdir. Bu gün Azərbaycan istehsal etdiyi silah-sursatı artıq iri miqyaslı, beynəlxalq povilyonlara çıxarır və diqqət çəkir. Bu gün artıq həm alış, həm də satış haqqında çoxsaylı sazişlər var. Yəni bu gün Azərbaycanın hərbi sənayesində istehsal olunan silah-sursat ancaq Azərbaycanda yox, xarici ölkələrə də satışa çıxarılaraq, ölkəmizə xeyir gətirən sahəyə çevrilib.

Uçuş aparatlarının döyüşlərdə hansı əhəmiyyəti olmasına gəldikdə isə, bu haqda geniş danışmaq olar. Çünki pilotsuz uçuş aparatları bizim gözümüzdür, daimi məlumat mənbəyimizdir. Bu artıq düşmənə zərbə endirmək imkanları deməkdir. Yəni pilotsuz uçuş aparatlarının həddindən artıq geniş imkanları var. Bu, çox vacib silahdır. Elektron kəşfiyyat, məlumat imkanları, optik cihazlarda elektron imkanları – bu da bu gün hərbi sənayemizin inkişafını göstərir. Azərbaycan Müdafiə Nazirliyi lazım olan silah-sursatın keyfiyyətini hərbi sənayedən ala bilir. Azərbaycan Müdafiə Nazirliyini Müdafiə Sənayesi Nazirliyinin ən böyük partnyorudur. Bu gün müdafiəyə ayrılan vəsaitlə digər dövlətlərdən yox, öz hərbi sənayemizə ödəməklə onlardan alınır və inkişafına səbəb olur. Bu çox vacib məsələdir. Birinci Qarabağ müharibəsində silah-sursatın çatışmazlığı var idi, olanlar da talan olunmuşdu və döyüş gedən digər ölkələrin silah satışında da müəyyən məhdudiyyətlər var idi. Bütün bunları nəzərə alaraq, bu gün işğal altındakı torpaqlarımızı azad etmək üçün ən vacib məsələ hərbi sənayemizin inkişafıdır. Hərbi sənayenin inkişafı Azərbaycanın və Silahlı Qüvvələrimizin inkişafı deməkdir. Gələcəkdə də ən inkişaf etməli sahələrdən biridir. Ona görə də hərbi sənayemizin inkişafı hər birimizi sevindirə bilər və bu, qürur mənbəyimizdir”.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycanda müdafiə sənayesi sektorunun formalaşması və inkişaf dövrü Sovet dövrünün ilk illərinə düşür: “Böyük Vətən Müharibəsi illərində bu proses daha geniş vüsət alıb. Azərbaycanın müstəqillik qazanmasından, daha doğrusu, Ermənistanın işğal faktorundan sonra bu proses yenə başlandı. Lakin müdafiə sənayesi sektorunun proqramlı, geniş miqyaslı formalaşması prosesi son 11-12 il əvvələ bağlıdı. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu sektorun bütün zavodlarının ora birləşdirilməsi, həmin sahənin inkişafına səbəb oldu. Bundan sonra atıcı silahların yaradılması, həmçinin milli müəssisələrin modernləşməsi, yəni Sovet dövründən qalan hərbi texnikaların modernləşdirmə prosesi həyata keçirildi.


Son bir neçə ildə isə Azərbaycan xarici şirkətlərlə, xüsusilə də İsrail şirkətləri ilə birgə müasir texnologiyaların yaradılması işinə başlayıb. Bu adətən pilotsuz uçuş aparatlarının və digər silahları dəqiq vuran silahların yaradılması texnologiyasının yaradılması prosesidir. Pilotsuz uçuş aparatlarının yaradılması ilə bağlı razılıq 3-4 il əvvəldən mümkün olub. Artıq 2016-cı ilin sentyabr ayında Bakıda keçirilən “ADEX” hərbi sənaye sərgisində müdafiə sənayesi naziri ilə müdafiə naziri arasında imzalanma olub. İmzalanma hərbi pilotsuz uçuş aparatlarının yaradılması və alğı-satqısı ilə bağlı olub. Yəni Müdafiə Sənayesi Nazirliyi bunu yaradıb, Müdafiə Nazirliyinə verməlidir. Dediyim kimi, bu proses artıq başlanılıb, sadəcə istiqamətlər genişləndirilir. Bu, çox təqdir olunası məsələdir. Müdafiə sənayesi nazirinin dediyi kimi də, bu proses genişləndiriləcək”.

R.Məmmədli deyir ki, hərbi pilotsuz uçuş aparatları düşmənin hərəkətdə olan hədəfini, müdafiə məntəqəsini dəqiq zərbə ilə məhv etmək məqsədi daşıyır: “Bu, həm kəşfiyyat xarakterli funksiyanı dəqiq yerinə yetirir, həmçinin də lazım gəldikdə düşmənin hədəfini raket zərbəsinə bənzər formada vura bilir. Nazirin dediyi 23 mm-lik snayperlə bağlı bildirmək istəyirəm ki, artıq Azərbaycan Silahlı Qüvvələri yarımzirehli maşınların məhv edilməsi üçün “İstiqlal” snayperin istehsalını həyata keçirib, silahlanmada da mövcuddur. Bundan sonra isə “Yalquzaq” silahının yaradılması prosesi yekunlaşır, yəqin ki, onun da yaxın vaxtlarda kütləvi silahlanmaya verilməsi prosesinə başlanılacaq. Bu silah öz nəslində imkanlarına görə öndə olan silahlardan biridir və canlı qüvvənin məhv edilməsi məqsədini daşıyır”.

Günay Elşadqızı / METBUAT.AZ


metbuat.az.