METBUAT.AZ

Siyasət

Koreya niyə iki hissəyə bölünüb?

19 Dekabr 2017 14:34

Koreya yarımadasının və Koreya xalqının ikiyə bölünməsi, bir imperializm hekayəsidir.

Metbuat.az-ın məlumatına görə, Koreya 1910-cu ildən İkinci Dünya Müharibəsinin sonuna qədər Yaponiya imperiyasının koloniyası olub. Bu illərdə Asiya daxilindəki irəliləyişini davam etdirən Yaponiya imperiyası, Koreyada olduqca mərhəmətsiz müstəmləkə idarəsi qurmuşdu. 1945-ci ildə müstəqillik əldə etdiyi və yenidən qurulduğu vaxta qədər Koreyada Yapon rəhbərliyinə qarşı bir çox hərəkatlar meydana gəlib.

İkinci Dünya Müharibəsi başlayandan sonra Yaponiya imperializminin dayandırılması və müstəmləkələrin vəziyyəti gündəmə gəldi. 1 dekabr 1943-cü ildə, ABŞ, İngiltərə və Çinin qəbul etdiyi “Qahirə Bəyannaməsi”, zamanı çatanda Koreyanın müstəqilliyinin tanınacağını vəd edirdi. Yaltada isə ABŞ prezidenti Teodor Ruzvelt ABŞ, İngiltərə, Çin və SSRİ-nin Koreyada dördlü idarəçilik yaratmağını təklif edib, ancaq təklif qərara bağlanmamış konfrans dağılıb. ABŞ-ın bu təklifi Koreyaya tam müstəqillik vermək niyyətində olmadığının bariz nümunəsi idi.

Koreya müharibəsi

Potsdam Konfransında məsələ bir daha ortaya çıxıb. Bu dəfə Stalin, Yaponiyaya müharibə açmadan əvvəl Koreyaya müstəqillik veriləcəyi mövzusunda zəmanət istəyib və tələbində israr edib. Zəmanət verildikdən sonra, Sovetlər Birliyi, 1945-ci ilin avqustunda Yaponiyaya müharibə elan edib və Qızıl Ordu Yaponiya işğalı altındakı Koreyaya girib. Ancaq ABŞ, bu bölgəni SSRİ-nin tərkibinə vermək niyyətində deyildi. Qızıl Ordunun Koreyanın şimalını müstəqilliyə qovuşdurduğu zamanda, ABŞ Yaponiyanın iki şəhərinə atom bombası ataraq, Asiyadakı tarazlığı öz lehinə çevirmək və Sovetlər Birliyinə göz dağı vermək üçün qanlı addım atmış oldu. 1945-ci ilin sentyabrında ABŞ əsgərləri Koreyanın cənubuna giriblər. 10 avqust 1945-ci il tarixdə yapon kapitulyasiyasının qaçılmaz olması ilə əlaqədar, ABŞ və SSRİ öz aralarında Koreyanı 38-ci paralel üzrə bölməyə, yapon ordusunun 38-ci paraleldən şimalda Qızıl Orduya, cənubda isə ABŞ-a təslim olmalı olduğunu razılaşdırıblar. Beləliklə, yarımadanın şimalı Sovet, cənubu isə ABŞ nəzarətində olan iki hissəyə bölünüb. Nəzərdə tutulmuşdu ki, bu bölünmə müvəqqətidir.

Yaponiyanın təslim olmasında və avqustda idarəçiliyi Koreyaya verməyindən, sentyabrda ABŞ işğalının reallaşmasına qədərki qısa müddətdə ölkə üçün əhəmiyyətli inkişaflar olub. Koreyadan qaçaraq II Dünya Müharibəsi müddətində Qızıl Ordu və Çin kommunistləri ilə birlikdə döyüşən koreyalılar da ölkələrinə geri dönərək uzun müddət Yaponiya işğalına qarşı dirənənlərə qatılıblar. Koreyada Xalq Komitələri yaradılıb. Bir çox xalq komitəsinə kommunistlər və ya müstəqillik tərəfdarı olan əhali qatılıb. Xalq komitələrinin seçdiyi nümayəndələr 6 sentyabrda Seulda Milli Məclisdə toplanaraq Koreya Xalq Cümhuriyyətini elan ediblər.

ABŞ birlikləri İnxona gəldikləri zaman, 8 sentyabr 1945-ci ildə Xalq Cümhuriyyətinin nümayəndələri ilə qarşılaşıblar. Ancaq ABŞ, Cümhuriyyətin nümayəndələrini tanımadıqları kimi, 38-ci paralelin cənubunda tək nüfuz sahibinin özləri olduğunu açıqlayıblar. ABŞ bu müddət ərzində millətçilərlə daha yaxın iş birliyi görməyə başlayıb. Kommunistlərin rəhbərlik etdiyi Koreya vətənpərvərləri isə ABŞ-a qarşı kampaniyaya başlayıblar. Bu illərdə Cənubda özlərini solçu tərəf adlandıran bir çox partiya yaradılıb. Şimalda isə Sovetlər Birliyi Xalq Komitələrinin səlahiyyətini artırıb. Bu səbəbdən ölkədə Xalq Komitələrinin sayı sürətlə artıb. 1945-ci ilin dekabrında ABŞ və SSRİ ölkənin müvəqqəti idarə olunması barədə müqavilə imzalayıblar. Hər iki hissədə – şimalda və cənubda, hökumətlər formalaşdırılıb.


Koreya iki hissəyə bölündü – Şimali Koreya, Cənubi Koreya

1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər keçirilib, keçid hökuməti yaradılıb. Cənubda 1948-ci ilə qədər tətillər, tələbə hərəkatları dayanmaq bilmirdi. ABŞ-ın solçu qüvvələrə və sosial səfərbərliyə qarşı güvənc yeri ölkədəki millətçilər idi. 1948-ci ilin iyulunda millətçilər ABŞ-da təhsil alan Sinqman Rhee liderliyində rəhbərliyə keçiblər. Rhee rəhbərliyi solçulara, kommunistlərə qarşı təzyiqlərini artırıb, çoxlu sayda adamı ölkədən çıxarıb. Onlardan bəziləri ABŞ-ın dəstəklədiyi Rhee rəhbərliyinə qarşı partizan döyüşünə başlayıb, bir qismi isə Şimal tərəfə keçib.

Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan edilməsi olub. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçilib. Buna cavab olaraq, Şimalda da 1948-ci ilin 25 avqustunda Koreya Ali Xalq Məclisi yaradılıb. Məclis 1948-ci ilin 9 sentyabrında Koreya Xalq Demokratik Respublikasının yaradıldığını elan edib. Nazirlər Kabinetinə başçılıq Kim İr Sena tapşırılıb. O, eyni zamanda Koreya Əmək partiyasının sədri də seçilib. Beləliklə də Koreyanın iki yerə bölünməsi hüquqi baxımdan da təsbit olunub.

Şimalda Kommunist Partiyası cənubdan gələn siyasi qrupların iştirakı ilə ümumi bir cəbhəyə çevrilib. 25 iyun 1950-ci ildə Şimaldakı silahlı qüvvələr Cənubdakı ABŞ dəstəkli rəhbərliyə qarşı hərəkətə keçiblər və 38-ci paralelə daxil olublar. ABŞ dərhal Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını hərəkətə keçirib və Şimalın bu hərəkətini pisləyib. Qərar, Təhlükəsizlik Şurasının üzvü SSRİ-nin, şura üzvlüyünə Çin Xalq Respublikası yerinə, Milliyyətçi Çin olaraq bilinən Tayvanın alınmasına etiraz etdiyi üçün Təhlükəsizlik Şurasını boykot etdiyi dövrə təsadüf edib. 27 iyulda ABŞ rəhbərliyi, Koreya yarımadasındakı qarşıdurmaya müdaxilə etmək qərarı verib. Bu arada, BMT-nin Təhlükəsizlik Şurası də, üzv dövlətləri Cənuba kömək etməyə çağıran qərar qəbul edib. ABŞ-ın müharibəyə müdaxilə etməyindən qısa müddət sonra, Çin də müharibəyə qatılıb.


Koreya müharibəsində atəşkəs

1951-ci ildə tərəflər, Koreya yarımadasında müharibədə 38-ci paralel boyunca sabitləşiblər. Tərəflər arasında mütləq bir qələbə qazanan tərəf olmadığı üçün atəşkəs danışıqlarına başlanılıb və 1953-cü ildə atəşkəs imzalanıb. Ancaq müharibənin bitməyi hələ də rəsmən elan olunmayıb. Bu müharibə Koreya xalqına böyük bəlalar gətirib. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edilib və yaralanıb. 1 milyona yaxın çinli əsgər öldürülüb və şikəst edilib. BMT qoşunlarının itkisi 54 min nəfər olub, ölkənin iqtisadiyyatına güclü zərər dəyib. Ümumilikdə müharibədə təxminən 3 milyon insan həyatını itirib. Müharibə nəticəsində Koreyadakı bölünmə davamlı qalıb. ABŞ-ın Cənubdakı suverenliyi sona çatıb. Tərəflər arasında bir neçə “birləşmə danışıqları” baş tutsa da, bu, heç bir nəticə verməyib və illərdir Şimali Koreya, Cənubi Koreya olaraq davam edir.


60 ildən çox davam edən gərginlik

Atəşkəs imzalansa da, 60 ildən çoxdur Şimali Koreya ilə Cənubi Koreya arasında gərginlik davam edir. 1968-ci ildə Şimali Koreyanın komando qüvvələri Cənubi Koreya prezidentinin evi olan Mavi Evə hücum edib. Ancaq intihar hücumu uğursuzluqla nəticələnib. 1974-cü ildə Cənubi Koreya prezidenti Park Geun Hye çıxış edən zaman Şimali Koreyanın agenti tərəfindən silahlı hücuma məruz qalıb. Açılan atəş nəticəsində prezidentin həyat yoldaşı dünyasını dəyişib. 1983-cü ildə Şimali Koreya, Burmaya səfər edən Cənubi Koreya heyətinə qarşı bombalı hücum həyata keçirib. Kabinetin 4 üzvü ilə yanaşı, 16 adam hücum nəticəsində həyatını itirib. Cənubi Koreya, hücuma görə, Şimali Koreyanın rəhbəri Kim Jong İli günahlandırıb.

1987-ci ildə iki Şimali Koreya agenti, Koreya Hava Yollarına aid sərnişin təyyarəsinə bombalı hücum edib. Təyyarədəki 115 sərnişindən hamısı həyatını itirib. 1991-ci ildə həm Şimali, həm də Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olub. 1996-cı ildə Şimali Koreya, Koreya Müharibəsini sona çatdıran atəşkəsə artıq əməl etməyəcəklərini açıqlayıb və müharibədən sonra təmizlənmiş ərazilərə birlik göndərib. Eyni ildə Şimali Koreya sualtı qayığı hücum etmək üçün Cənubi Koreya sahillərinə çatıb. Şimali koreyalılardan 24-ü öldürülüb, biri tutulub, biri isə itkin düşüb. 1998-ci ildə Cənubi Koreya, dənizinə icazəsiz olaraq daxil olan Şimali Koreyanın kiçik sualtı gəmisini ələ keçirib. Sualtı gəminin 9 üzvünün hamısı ölü tapılıb.

Tarixi zirvə

2000-ci ildə Pxenyanda həyata keçirilən tarixi zirvədə, Şimali Koreya prezidenti Kim Jonq İl ilə Cənubi Koreya prezidenti Kim Dae-Jungla görüşüb. Şimali Koreya, Cənubi Koreyaya qarşı olan təbliğat yayımlarını dayandırmağa qərar verib. İki ölkə arasında yüksək təhlükəsizlik zonasında olan atəşkəs qəsəbəsi Panmunjomdakı əlaqə bürolarının yenidən açılmasına qərar verilib. Bundan əlavə, Cənubi Koreya 3500-dən çox Şimali koreyalı məhbusu əfv edib.

2001-ci ilin mayında İsveç Baş naziri Goran Perssonun başçılıq etdiyi Avropa İttifaqı (AB) heyəti bu günə qədər Şimali Koreyaya ən yüksək diplomatik səfər edib. Görüşlər Cənubi Koreya ilə mövcud həssas əlaqələrin inkişafına yönəldilib. 2002-ci ilin yanvarında ABŞ prezidenti Corc Buş Şimali Koreyanın, İran və İraqla birgə "kəskin ox" hissəsi olduğunu açıqlayıb. Rəsmi Pxenyan, Buşun müharibə elan etməsinə çox yaxın olduğunu bildirib.

2002-ci ilin iyununda Cənubi Koreyanın ev sahibliyi etdiyi Dünya Kubokunun keçirildiyi vaxtda, Şimali Koreya donanmasıyla qarşıdurma nəticəsində, 6 Cənubi, 30 Şimali Koreya dənizçisi öldürülüb. Şimali Koreya 2003-cü ilin yanvarında nüvə silahlarının yayılmasının qarşısının alınmasına yönələm “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”dən (NPT) geri çəkildiyini elan edib. İyulda Pxenyan, nüvə bombası istehsal etmək üçün kifayət qədər plutoniumun olduğunu açıqlayıb. Bir ay sonra, avqustda Şimali Koreyanın nüvə proqramı üçün Pekində keçirilən və altı böyük dövlətin qatıldığı görüşlər nəticəsiz qalıb. Oktyabrda rəsmi Pxenyan, 8000 ədəd yanacaq çubuğunu yenidən işlədiyini və 6 nüvə bombası yaratmağa kifayət edəcək qədər materiala sahib olduğunu elan edib.

2006-cı ilin iyulunda Şimali Koreya, orta və uzun məsafəli raketlərin sınağını keçirib. Amerikalı səlahiyyətlilər, Şimali Koreyanın ABŞ-a qədər çata biləcəyini iddia etdiyi raketlərin havada partladığını bildirib. Oktyabrda Şimali Koreya ilk nüvə bombası testi keçirdiyini açıqlayıb. 2007-ci ilin fevralında davam etməkdə olan altı ölkə ilə görüşlərdə Pxenyan, nüvə yanacağı üçün əsas nüvə reaktorunu bağlamağa razı olub. Mayda 56 ildən sonra ilk dəfə sərnişin qatarı Şimali-Cənubi Koreya sərhədini keçib. Həmin ilin noyabrında Şimali və Cənubi Koreya baş nazirləri 15 ildən sonra ilk dəfə görüşüblər. 2008-ci ilin fevral ayında Cənubi Koreyanın yeni mühafizəkar prezidenti Li Myunq Bak, Şimali Koreyaya nüvə silahsızlaşması və insan hüquqları sahəsində irəliləyiş olacağı şərtləri ilə kömək etməyə razılıq verəcəyini bildirib.

2008-ci ilin mart, aprelində Şimali Koreyanın Cənubi Koreya ilə ortaq sənaye mərkəzindən Cənubi koreyalı idarəçilərin işdən çıxarılması və Şimali Koreyanın uzun və orta mənzilli raket sınağından sonra Cənubi Koreyanın döyüş gəmisini Şimal tərəfin sularına göndərməsi, iki ölkə arasındakı münasibətlərin yenidən gərginləşməsinə səbəb olub. Həmin ilin iyulunda Şimali Koreya əsgərlərinin özəl turistik bölgə olan Kumqanq Dağında Cənubi koreyalı turisti vurması iki ölkə arasındakı gərginliyi pik həddə çatdırıb. Şimali Koreya dekabrdan etibarən Cənubi Koreya ilə nəqliyyat yolu ilə əlaqəyə son verəcəyini açıqlayaraq, Cənubi Koreyanı hücumçu siyasət aparmaqda günahlandırıb. 2009-cu ilin yanvarında Şimali Koreya, Cənub tərəfi ilə bütün hərbi və siyasi razılıqları ləğv edəcəyini açıqlayıb və Seulu “düşmən niyyəti bəsləmək”də günahlandırıb.

Həmin ilin mayında yer altında nüvə sınağı keçirəcəyini açıqlayan Şimali Koreya, yenidən 1953-cü ildə imzalanan atəşkəsə əməl etməyəcəklərini bildirib. ABŞ-ın müdafiə naziri Robert Geyts “nüvə gücünə sahib olan Şimali Koreya qəbul edilməyəcək” deyib. İyunda Şimali Koreya Cənubi Koreya şirkətləri tərəfindən işlədilən “Kaesong” fabrikin ərazisində danışıqlara başlamaq istədiyini bildirib. Avqustda Pxenyan Seula jest edərək, Cənubi Koreyanın keçmiş lideri Kim Dae-Junqun cənazə mərasiminə heyət göndərib. Pxenyan həmçinin Cənubi Koreyanın 4 balıqçısını azad edib və iki ölkədə ayrı düşən ailələrin bir araya gətirilməsi üçün danışıqları davam etdirməyə razılıq verib. Ancaq noyabrda Koreya yarımadası sularında iki ölkənin donanması arasında yenidən qarşıdurma yaşanıb.

2010-cu ilin fevralında Şimali Koreya, Cənubi Koreya və mübahisəli dəniz sərhədindəki dörd sahənin dəniz təlimi aparılması üçün istifadə ediləcəyini bildirib. Bundan əlavə, sərhədə yaxın əraziyə raketi alovlandıracaq platformalar quraşdırılıb. Həmin ilin 26 martında Şimali Koreya sualtı gəmisindən atılan partlayıcı sualtı silahla Cənubi Koreyanın “Cheonan” adlı döyüş gəmisini batırıb. Nəticədə gəmidə olan 46 nəfər həyatını itirib. Cənubi Koreya Şimali Koreyanı “Cheonan” döyüş gəmisini batırmaqda günahlandırıb. Ancaq Pxenyan bunu rədd edib.

Şimali Koreya-ABŞ gərginliyi

Son aylarda dünyanın ən çox diqqətini çəkən, Şimali Koreya-ABŞ gərginliyinin tarixi iki ölkənin keçmişinə qədər gedib çıxır. Bu keçmiş Şimali Koreyada dövlətin monopoliyasının təbliğat aparatları tərəfindən dəfələrlə xatırlanır. ABŞ-ın “The Intercept” sayt “Bizə niyə nifrət edirlər?” başlıqlı məqalədə dövlətin tək başına idarə etdiyi təbliğat maşını altında əzilən Şimali Koreya xalqının, ABŞ-a qarşı duyduğu nifrətin yalnız dövlətin yaratdığı bir duyğu olmadığını yazıb: “Koreya xalqının ABŞ-a qarşı duyduğu nifrətin bir qismində gerçək payı olan, Şimali Koreyanın təkrar-təkrar xatırlatdığı, ABŞ-ın isə qayğısız şəkildə unutduğu hekayəyə söykənir. Nə qədər amerikalı, ABŞ döyüş təyyarələrinin 1950-1953 illər arasında Şimali Koreyaya 635.000 ton bomba və 32.557 ton napalm bombası (müəyyən ədəddə yanıcı mayenin jeleləşdirilmiş benzin ilə qarışığı) atdığını yaxşı xatırlayır. Bu rəqəm, ABŞ-ın İkinci Dünya Müharibəsində Yaponiya üçün istifadə etdiyi bomba miqdarından daha çoxdur”.

Hələ də müharibədədilər

Şimali Koreya ilə ABŞ, 1950-53-ci illər arasındakı Koreya döyüşünün sonunda rəsmi olaraq heç bir sülh müqaviləsi imzalamayıb. 27 iyul 1953-cü ildə Koreya müharibəsini dayandıran və hələ də qüvvədə olan “Panmunjom” atəşkəs müqaviləsi, Şimali Koreya ilə ABŞ arasındakı müharibəni rəsmi olaraq bitirəcək hüquqi dəyərə sahib deyildi. Atəşkəs razılaşması yalnız, əsirlərin dəyişdirilməsi, Şimali-Cənubi Koreya arasında əsgərdən təmizlənən bölgənin inşa edilməsi və açıq ixtilafların təxirə alınmasını nəzərdə tuturdu. Bəzi mənbələrə görə, müharibənin heç vaxt rəsmi olaraq dayandırılmaması, “rəsmi olaraq” müqavilənin tərəfləri olan Çin və ABŞ arasında yeni müharibəyə səbəb ola bilər.

Şimali Koreya niyə ABŞ-a nifrət edir?

Çikaqo Universitetinin tarixçisi Brus Kuminqsin, “Koreya müharibəsi: Bir keçmiş” adlı kitabında, ABŞ-ın üç il boyunca Şimali Koreyada dinc əhalinin ölümünə əhəmiyyət vermədən bombardman etdiyini yazır. “The Intercept”-in yazdığına görə, Koreya müharibəsində ABŞ hava qüvvələrinə rəhbərlik edən General Kurtis LeMay, Şimali Koreyada əhalinin 20 faizini öldürdüklərini etiraf edib. Amerikalılar 11 sentyabr 2001-ci ildəki terror hadisəsindən sonra “ərəblər və müsəlmanlar niyə bizə nifrət edir?” sualından sonra, artıq “Şimali Koreya niyə bizə nifrət edir” sualına da cavab axtarırlar.

Büdcəsinin böyük hissəsini hərbi xərcə ayıran Şimali Koreya ilə ABŞ arasında qarşılıqlı təhdidlər günü-gündən artır. Son dövrlərdə Şimali Koreyanın tez-tez nüvə sınaqları keçirməsi, ABŞ-Şimali Koreya gərginliyini pik həddə çatdırıb, bu gərginliyə, Cənubi Koreya, Yaponiya, Rusiya və Çin də qatılıb. Hələ ki, gərginlik ABŞ-la Şimali Koreyanın bir-birini qarşılıqlı şəkildə təhdid etməsi ilə davam edir, bu təhdidlərin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.

Günay Elşadqızı / METBUAT.AZ

QÜDS: Bu şəhəri müqəddəs edən nədir? - 52 hücum, 23 işğal...


metbuat.az.