27 Dekabr 2017 18:37
Maarifçilik hərəkatının tarixi orta əsrlər Fransız inqilabları öncəsinə uzanır.
Russosu, Monteskiyösü ile Fransız maarifçiliyi uzun bir yol qət etmışdir. Fransız materializminin tarixində böyük rol oynayan maarifcilik əslində yalnız fəlsəfədə oyanış yaratmamış, eyni zamanda fransız ədəbiyyatı və incəsənətini oyatmışdır. Təbii ki reformist və yenilikçi düşüncə ümumilikdə fransız milli fikirində də böyük irəliləyişə nail olmuşdu.
Əslində maarifçilikdən bəhs edərkən, məqsədim heç də Fransa fəlsəfi fikir tarixindən bəhs etmək deyil. Sadəcə Lafayet dediyi kimi,maarifçi fikir adamları və yazarlar yalnız öz ölkəsi hüdudlarında deyil,sərhədlər aşaraq uğura nail olur. İdeyalar əvvəlcə öz coğrafiyasında, daha sonra isə digər məkanlarda özünə həyat enerjisi qazanır.
Azərbaycanda orta əsrlərdən yeni dövrə qədəm qoyarkən, beyinlərdə artıq müəyyən canlanma və irəliləyiş aydın sezilirdi.
Zərdabinin Milli mətbuatın əsasını qoyması, milli teatrımızın yaranması, Axundovun ərsəyə gətirdiyi əsərlər, Cəlil Məmmədquluzadə və silahdaşlarının bir yumruq olub, Azərbaycan xalqının beynində oyanma və qığılcamlar yaratmağa çalışması xurafata, əski monotonluğa, elmsizlik və təhsilsizliyə açdığı savaş öz bəhrəsini verərək dəyişimə səbəb olur.
İyiriminci əsrin əvvəllərində başlanan maarifçi xətt müxtəlif istiqamətlərdə vahid bir nöqtəyə fokuslanaraq, bütün lokal problemlərin həllinə, içtimai düşüncə sisteminin formalaşmasına cəhdlər edirdi.
Və bütün bu olaylar yönümündə Azərbaycan xalqında otruşmuş milli fikir formalaşmış və Azərbaycan maarifçiləri adlarını tarixə qızıl hərflərlə daxil edərək, xalqın mənəvi mirasına çevrilməyi bacarırlar.
Amma təəssüf ki, sonra kommunizmin vurduğu yaralar, sovet əsarəti bizləri asimilə etməyə çalışsa da, buna nail ola bilmədilər.
Azərbaycanın neçə-neçə aydın alimləri sovet represiyalarına məruz qaldı, maarifçilik hərəkatı böyük bir yara, eyni zamanda, həm də böyük bir irəliləyiş qeyd etdi. “Kirpi”, “Mozalan” kimi satirik dərgilərdə dövrün eybəcərlikləri tənqid olunur, bir çox tanınan imzalar həmin dərgilərlə əməkdaşlıq edirdilər.
Maarifçilik xətti uzun və şərəfli yoldur. Proses heç vaxt tükənmir, o, həmişə daha gələcəyə yönəlik və nəticəli olur.
Öz dəyərlərindən üz döndərən insanların bu qədər mənəvi sərvətlər içərisində necə bədxah ola bilməsi bəzən həm düşündürücü, həm də faciəvidir. Bir halda ki, sənin tarixin zənginliklərlə doludur, niyə başqasının dəyərlərini sevəsən ki?