5 Dekabr 2017 11:48
KIMLIYIMI AÇ, KIMLIYIMI AÇ, TARIM....
Ey dili qafil fil faili məchul fani...
Dünya ayda məskən salır. Marsda şəhər salır, yerləşimlər təşkil edir. Məsələn, bunu ruslar 50 il öncədən etmirmi? Bunu ingilislər yarım əsr öncədən reallaşdırmırmı? Uzaq planetlərdə məskunlaşmaq, o yerlərə səfərlər təşkil etmək, səyahətlər düzənləmək, öncəliklə yeni bir dünyada yeni həyat yaşamaq digər böyük etnosların və güclərin artıq arzusu deyil, yaşamı, reallığı, gerçəyidir. Bizləri isə buralarda Qarabağ, Təbriz sorunlarıyla, Fələstin, Bağdad problemləriylə üz-üzə qoyub başımızı qatırlar. Həm zamanımızı, ömrümüzü, həm də şüurumuzu, bacarıq və təcrübəmizi iylədirlər, çürüdürlər. Hansı ki, o uzaq yerləri, məskənləri, diyarları, aləmləri bir zamamlar biz nişan verən olmuşduq.
Bu bəs deyilmiş kimi, fərqli-fərqli heyvan və millət türünün sintezindən, izdivacından yeni canlılar alırlar. Bu “adamları” içimizə ötürüb onlarla bizi uğraşdırırlar. Bizlər isə onların bu kurnaz və şeytanca şəbəkələrindən xəbərsiz şəkildə Allaha dua edir, bizi qorumasını və arzularımızın həyata keçməsini diləyirik. Hansı arzularımızın? Torpaqlarımızı geri alaq, günahlarımızı Allah bağışlasın, cənnətə düşək. Uşaqlarımız sağlam olsun, ali məktəblər bitirsin və yaxşı yerlərdə işləyib yaxşı qazanclar əldə edib firavan və sakit bir həyat sürsünlər deyirik.
Bu bəsmiş kimi, onların icad elədiyi elektron insanlar, robotlar bizim qədərimizin cizgilərini bəlirləyən, işlərimzi əlimizdən alıb yerimizə yaşadıqlarını görür və sevinirik, heyrət edirik, yeni və çağdaş dünyanın gəlişməsinə öygülər yağdırırıq. Bu nədir, ilahi, camaat buludlar üzərində şəhərlər salır, məskənlər qurur, biz yerin altında necə dəfn olunacağımızın hesabını aparırıq.
Camaat uzaqdan bir iynənin ucuyla belə evimizin içinə qədər girir, işləyir, əlimizdəki telefonlar vasitəsiylə bizi sinifləşdirir, kateqoriyalara ayırır, nə düşündüyümüzü belə bizdən öncə fərq edir, bizi uzaqdan dalğalarla, şüalarla istədikləri şəkidə yönləndirir, biz isə əlimizə silah alıb, qılınc alıb kimlərləsə dağlarda, dərələrdə üz - üzə qan töküb şəhidlik mərtəbəsinə ucalmaq istəyirik.
Bu bəs deyilmiş kimi, ilahi sezgilərimizi bir tərəf edən olaylar varlığımı alt üst edir. Yazacağımız şeiri, romanı, çəkəcəyimiz rəsmi, oynayacağımız tamaşanı, bəstələyəcəyimiz mahnıları onların icad elədikləri qurğular, texnologiya bizdən daha tez və səlqəli, daha çox oxucu toplaya biləcək bir çevikliklə, istedadla ortaya qoyur. Bəs biz kimik, İlahi? Bizi bu dünyaya nədən göndərdin? Bütün bunlara şahid olmamız üçünmü, ya bu “möhtəşəmlik” önündə matımızı - mutumuzu qurutmaq, əlimizi çənəmizdə dondurmaq üçünmü? Bəs o zaman biz kimi? Axı bu heyranlıq və heyrət məngənəsində mənim kimliyim açılmır? Bəs qorxmursanmı, kimliyi açılmayan bir qövm sənin üzünə ağ ola bilər? Kimliyimi aç, kimliyimi aç, Tanrım?
Bütün bunlar bəs deyilmiş kimi, mən onların, bu şeytanca, iblisanə icadlarının müəlliflərininin, ssenaristlərinin də bizdən olduğunun, onları da SƏNİN yaratdığının fərqindəyəm. O sarıdan onları da özümünkülərdən hesab edirəm. Ancaq onlar məni niyə özününkü hesab etmir, Tanrım? Əgər belə deyilsə, nədən icad elədikləri bir çox ilacları, pereaparatları sınaqdan çıxarmaq üçün labaratoriyalarda bizim üzərimizdə təcrübədən keçirirlər, nədən? Bir zamanlar bu əməllərini və əyləmlərini eyni şəkildə heyvanların, bitkilərin, başqa insan olmayan canlıların üzərində sınaqdan çıxarırdılar. Necə ola bilər ki, mən və mənim kimi qövmlərin mənsubiyyətini daşıyan canlar, qəfildən (əslində bu proses tədricən sürdürüldü;-x.t.) heyvanların yerində özümüzü təsdiqləmiş oluruq, bu necə olur, Tanrım? Axı onları da sən yaratdın və mən də bu səbəbdən, eyni Müəllifin məhsulu olduğumuz sarıdan, onları da özümdən hesab edirəm. Belə çıxır ki, mənə yapılan və edilənləri artıq “onlar”, “başqaları” deyil, elə özüm-özümə edir, yapır, özüm-özümə tətbiq edirəm. Daha bundan sonra, nə sözüm ola bilər ki?