11 Yanvar 2018 14:14
“Cənab Prezidentin tapşırığı ilə 2020-ci ilə qədər “ASAN xidmət” mərkəzlərinin sayının 20-yə çatdırılması nəzərdə tutulur”.
Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, hazırda 12 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: “Bu il Mingəçevir, Şəki və İmişlidə yeni “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin 2020-ci ilə qədər Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında da yeni “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi gözlənilir”.
Anar Hüseynovun sözlərinə görə, “ABAD” publik hüquqi şəxs tərəfindən isə Azərbaycanın 19 rayon və şəhərindən ümumilikdə sənətkarlıqla bağlı 159, kənd təsərrüfatı sahəsi üzrə isə 27 ailə seçilib: “Bu günə kimi Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub.
“ABAD”a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu vağzalı, Şamaxının Dəmirçi kəndində və Qəbələdə “ABAD” sərgi-satış mərkəzləri yaradılıb. Hazırda “ABAD” sərgi-satış mərkəzlərində 186 “ABAD”çı ailənin ümumilikdə 2500-dək çeşiddə əl işləri, 51 çeşiddə ərzaq məhsulları (cem, mürəbbə, bal, kolbasa, pendir) təqdim olunur”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” mərkəzlərinin (bundan sonra – mərkəzlər) vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Günay Elşadqızı / METBUAT.AZ
Türkiyə tarixində ilk – Müxalifətin prezidenti dəstəkləməsinin səbəbi nədir?