31 Yanvar 2018 10:25
Metbuat.az-ın qonağı ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirovdur.
64 yaşlı Yaşar Aydəmirov ömrünün 42 ilini hərbidə keçirib.
- Yaşar müəllim, əvvəlcə istəyərdim hərbiyə gəlişiniz haqqında bizə bir az məlumat verəsiz. Bu sizin öz seçiminiz olub, yoxsa ailəniz təkid edib?
- 1972-ci ildə Azərbaycan SSRİ Ali Soveti adına Bakı Ümumqoşun Komandirlər məktəbinə girmişəm. Heç kimin təkidi və ya göstərişi olmayıb, öz arzumla olub. 1976-cı ildə ümumqoşun tağım komandiri, həm də zirehli avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisası verilərək hərbi məktəbi bitirmişəm. Sonra Sovet ordusunun müxtəlif qoşun hissələrinin bölmələrində xidmət etmişəm. 20 il Sovet ordusunda xidmət etmişəm, 22 il Azərbaycan ordusunda. Sovet ordusunda Gürcüstan ərazisində xidmət etmişəm, sonra Əfqanıstan Demokratik Respublikasında da. Gürcüstanda xidmət edərkən 1984-cü ildə bizim xidmət etdiyimiz xüsusi təyinatlı desant dəstəsini Əfqanıstana göndərdilər. O dəstənin tərkibində əsasən Qafqazdan olanlar, xüsusən də azərbaycanlılar çox idi. 2 il orada xidmət etdim. Oradan qayıtdıqdan sonra Azərbaycan Respublikasında dislakasiya olunan hərbi hissələrdə müstəqillik dövründə ərizəmi yazıb SSRİ ordusundan sənədlərimi götürüb milli orduya daxil oldum. Milli orduda Azərbaycan Ali Hərbi Məktəbində müəllim, baş müəllim, silsilə rəisi, sonra isə briqada komandirinin müavini, briqada komandiri olmuşam. Briqada komandiri kimi müəllim işlərəykən I kursun kursantları ilə 1992-ci il dekabrın əvvəllərində Ağdam bölgəsinə dislakasiya olunduq. Sonra isə Qubadlıda, Füzulidə və digər bölgələrdə ezamiyyətdə olduq. Müharibə vaxtı isə 701-ci motoatıcı briqadanın komandiri vəzifəsində idim. Ondan sonra sülh dövründə korpus komandiri vəzifəsində xidmət etdim, sonra isə Təşkilat Səfərbərliyi İdarəsinin rəisi oldum. Oradan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Çin Xalq Respublikasındakı səfirliyində hərbi attaşe vəzifəsində xidmət etdim. Xarici ezamiyyətdən qayıtdıqdan sonra Müdafiə Nazirliyinin yenə Təşkilat Səfərbərliyi İdarəsinin rəisi vəzifəsində çalışdım. Daha sonra isə yaşımla əlaqədar tərxis olundum. General-leytenantlar 58 yaşında həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunurlar. Hazırda ehtiyatda olmaqla bərabər, Heydər Əliyev adına Silahlı Qüvvələrin Hərbi Akademiyasında gələcək generallara, polkovniklərə və s. hərb məharəti ixtisasından dərs verirəm.
- Birlik komandiri olmusuz və bir çox əməliyyatlarda iştirak etmisiz. Bu əməliyyatlardan unudulmaz, hər zaman xatırladığınız əməliyyatlar barədə bir az məlumat verə bilərsizmi bizə?
- Azərbaycan ordusunda uğurlu əməliyyatlar kifayət qədər olub. Mənim komandanlıq etdiyim motoatıcı briqada təlim-məşq toplantısı keçirdikdən sonra Füzuli bölgəsinə getdik və 1-2 gün ərzində Aşağı Əbdürrəhmanlı kəndi alındı. O zaman Ağdam, Bərdə, Tərtər dördyolunda vəziyyət çox kəskin idi. Yağışlı havada bir neçə tabora əmr verildi və əmr veriləndən sonra ora gəlib müdafiəni təşkil etdik. Sağda və solda da vəziyyət gərgin idi, hər gün o ərazilərdə müdafiə zolağını genişləndirməyə başladıq. Ən çox yadımda qalan Füzuli bölgəsində irəliləyən motoatıcı briqadanın, yəni komandanlıq etdiyim briqadanın tabor komandirlərini və əsasən də əsgərlərin şəxsi şücaəti, qəhrəmanlığı idi, onları saxlamaq mümkün deyildi. Bunlar Azərbaycan hərb məharəti tarixinin ən önəmli yerlərindən biridir. Bilirsiz ki, aprel döyüşləri də bir daha bunu göstərdi.
- Prezident İlham Əliyev də çıxışlarında qeyd edib ki, əgər üçüncü qüvvələr olmasa, yalnız Azərbaycan və Ermənistan ordusu qarşı-qarşıya olarsa, torpaqlarımızı çox tez müddətə işğaldan azad edəb bilərik. Əgər belə bir şey olsa, Azərbaycan ordusu torpaqları neçə müddətə geri ala bilər?
- Mən indi bunu reklam üçün və ya başqa məqsəd üçün demirəm. Aprel döyüşlərini götürək, iki bölmə iki istiqamətdən hücuma keçmişdi. Bölmədir, manqadır, tağımdır və s. bunların içərisində ən böyüyü tabordur. Fərz edin ki, iki tabor iki istiqamətdə hücum etməklə erməni ordusu necə sarsıldı? İki gün döyüş keçəndən sonra onlar kəşfiyyat idarəsinin rəisini, rabitə idarəsinin rəisini işindən azad etdilər. Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavinini vəzifədən azad etdilər. Bu nə deməkdir? Azərbaycan tərəfindən 3 gün əks həmlə olan kimi onlarda rabitə sistemi tam pozuldu. Nə qədər kəşfiyyat-diversiya qruplarını ora göndərmək istədilər, heç biri də nəticəyə nail olmadı. Təminatda həddindən artıq problem yarandı, ərzağı, silah-sursatı, yeməyi, suyu gətirib çatdıra bilmədilər. 1-2 ay da vaxt keçdikdən sonra Müdafiə naziri və Baş Qərargah rəisini də vəzifədən azad etdilər. Bir az da vaxt keçdi, onlar öz ordularının tabeliyini verdilər üçüncü dövlətə. Indi görün, o iki tabor əvəzinə iki birləşmə, heç demirəm birlik, hücuma keçsəydi, nə olardı? Hətta bir birlik keçsəydi, nə olar? Bir birliyin tərkibində 10-15 birləşmə var, onda necə olacaqdı? Demişəm, yenə təkrar edirəm, Azərbaycan ordusu 3 gün, 5 gün və ya 10-15 gün müharibə aparmayacaq. 1-2 günün zərbəsi erməni ordusunu tam sarsıdacaq, darmadağın olacaq. Azərbaycan ordusu Qarabağ ərazisinə marşla yürüş edərək, dövlət sərhədləri xəttinə çıxacaq. Onlar müdafiəni qura bilmədilər. Lazımdırsa, sübut edim. Uzun müddət kütləvi informasiya vasitələrində, digər ölkələrin mətbuatında təbliğat aparırdılar ki, böyük müdafiə xətləri var. Dünyada böyük sərkərdələrin böyük müdafiə xətləri olub, həddindən artıq çətin anlar olub.
Gərək, düşünülmüş şəkildə kütləvi şəkildə artilleriyadan istifadə etmək, mühəndis istehkam qurğularını dağıtmaq üçün başqa silahdan istifadə edirlər. Iki taborun hücumu ilə ön xətlərində bütün sistem pozuldu, deməli heç bir xətt yoxdur. Heç bir müdafiə-istehkam qurğuları yoxdur, sadəcə müxtəlif əngəlli sahələr var, ermənilər bunun təbliğatını yüksək səviyyədə aparırlar. Götürək digər amili. Dünyanın bir çox dövlətləri, imkanlı, varlı dövlətləri professional ordu səviyyəsinə keçmək istəyirlər. Qərb dövlətləri, NATO dövlətlərinin də adını çəkə bilərəm, digər yaxın 2-3-cü dövlətin adını da. Ermənilər bir neçə dəfə cəhd göstəriblər onu eləməyə, amma alınmayıb, niyə? Çünki külli miqdarda vəsait lazımdır. Bu gün Azərbaycan ordusunun döyüş qabiliyyətini təyin edən vəzifələr var. Məsələn, orduda müxtəlif vəzifələr olur, tank komandiri döyüş qabiliyyətini təyin edən vəzifədir. Top komandiri döyüş qabiliyyətini təyin edir, raket qurğusunun operatoru, tankın sürücü mexaniki və s. digər vəzifələr var ki, döyüş qabiliyyətini təyin edir. O vəzifələrdə də, demədiyim digər vəzifələrin hamısında da professionallar oturub. Ya MAXE dediyimiz müddətdən artıq xidmət edənlər və yaxud gizirlər. Onu öyrətmək lazım deyil ki, bu tankı harada işə salmaq lazımdır. Biz Ermənistan ordusundakı kimi, təzə gələn əsgərləri tankın üzərində sürücü mexanik təyin eləmirik, top komandiri təyin eləmirik. Bizdə sadəcə yardımçı, ikinci, üçüncü vəzifələrdə əsgərlər xidmət edir. Bundan başqa, götürək təlimlər məsələsini. Cərrah hər ay əməliyyat keçirməsə, nə cərrahdır? Azərbaycan ordusu hər ay irimiqyaslı təlimlər keçirir. Təlimlər də haradan başlanır? Manqa təlimlərindən başlayır milli birləşməyə qədər. Müdafiə Nazirliyi Azərbaycan ordusunun il ərzində nə qədər əməliyyatını keçirir? Hər bir birləşmənin təlimini keçirmək üçün nə qədər vəsait lazımdır. Niyə? Çünki döyüş atışlarından istifadə olunur. Elə-belə atışlar olmur, biz döyüş atışları ilə təlimlər keçiririk. Ermənistan ordusu buna qadirdimi? Bu yaxınlarda keçirdikləri təlimi görmədinizmi? 6-7 dənə tankı sağa sürürlər, sola sürürlər, 1-2 dənə də mərmi atdılar. Bu təlimdirmi? Ermənistan ordusu, 1, 2, 3 briqadanı çıxarıb təlim keçirməyə vəsaitin varmı? Digər misalı çəkim, onlarda ön xəttə duranlar kimlərdir? Maaş verib, mülkiləri gətirib 15 gün oturdurlar, 15 gün sonra da onlar gedir, başqaları gəlir. Gələn əsgərlər də ehtiyat hissələrində həddindən artıq azdır.
Niyə atəşkəs rejimini pozurlar, 115, 120, 130 dəfə və s.? Keçmişdə, lap qədim dövrdə böyük Çin hərb sənətini yazanlar deyirlər ki, əgər düşmən sistematik, müxtəlif ərazilərdən güllə atırsa, demək canının qorxusundan güllə atır ki, yaxın gəlmə. Başqa bir misal çəkim, həmin vaxt ermənilər vəlvələ saldılar xarici kütləvi informasiya vasitələrinə ki, Azərbaycan ordusunda səfərbərlik elan edilib. Dünyanın bir neçə ordusunda, eləcə də Azərbaycan ordusunda səfərbərlik elanına ehtiyac yoxdur, çünki Azərbaycan ordusu tam komplektləşdirilib. Amma onlar neynədilər? Yaşlı kişiləri gətirdilər keçmiş döyüşçülər adı ilə ki, ön xəttə göndəririk və başladılar onlarla lovğalanmağa. Sual yaranır, yaxşı, siz keçmiş döyüşçüləri gətirdiniz, bəs, hanı sizin gənc əsgərləriniz? Siz 65-70 yaşında qocaları göndərirsiniz? Digər qrup çıxış elədi ki, bir qrup döyüşçü özləri icazə almadan ön xəttə gəlmək istəyirlər. Deməli, onlarda anarxiyadır, sual yaranır ki, siz o silahları haradan götürürsünüz? Silah ya anbarda olur, ya da ki, silah saxlanma otaqlarında, bölmələrində. Deməli, sizdə nizam-intizam yoxdur. Onların yüzlərlə kəşfiyyat-diversiya qrupu təxribat eləmək istəyiblər ki, haradasa bizi sarsıtsınlar. Bədbəxtlər özləri bilirlər ki, bizi sarsıda bilməzlər, hansı əməliyyatı, təxribatı etmək istəyirlərsə, qarşısı alınır. Götürək ön xəttəki vəziyyəti, onlar nə qədər itki veriblər. Itkiləri gizlədirlər, itki sayı çox olanda onları müəyyən müddət ərzində aparırlar Ermənistana, kütləvi informasiya vasitələrində göstərmirlər, onların anası da anadı. Ali Baş Komandanımız ermənilərin itkiləri barədə danışanda dedi ki, ölmək istəmirsinizsə, rədd olub gedib bizim torpaqlarımızdan. Mən bunları sadəcə reklam xatirinə demirəm.
Azərbaycan ordusunun bir birləşməsi tərpənsə, onların ordusunda böyük fəlakət yaranacaq. Götürək başqa bir sahəni, bu gün Ermənistan nə istehsal edir, Azərbaycan hansı silahları istehsal edir? Bu barədə kütləvi informasiya vasitələrində kifayət qədər məlumat var. Ali Baş Komandan da açıqlayıb hansı silahlar istehsal olunur. Ali Baş Komandanın, Müdafiə və Müdafiə sənayesi nazirlərinin ixtiyarı var ki, kütləvi informasiya vasitələrində açıqlasınlar ki, hansı silahlar istehsal olunur. Ermənistan ordusu buna qadirdimi? Azərbaycan təkcə neçə min pilotsuz uçuş aparatları istehsal edir? Ermənistan, sən nə istehsal edirsən? Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi elan olunub ki, Azərbaycan bu gün zərbə pilotsuz uçuş aparatları istehsal etməyə başlayır. Bu uçuş aparatları hər hansı hədəfi uzaqdan vurmaq qabiliyyətinə malikdir. Digər tərəfdən, Azərbaycan xaricdən hansı silahları alır? Bir neçə gün əvvəl açıqlandı ki, Rusiyadan zirehli transartyorlar alınır, bunlar ən son istehsal olunan, modern silahlardır. Ermənistan ordusu, sən buna qadirsənmi? Guya Rusiyada birinci yeri tutdular, onlara bir ədəd “T-90” tankını bağışladılar. Azərbaycan o “T-90”-ı külli miqdarda alır. Onların reklam etdikləri “İsgəndər”in əvəzinə Azərbaycan 3-4 sistemli alıb, adlarını açıqlaya bilmirəm sadəcə. Onlar nəyi reklam edirlərsə, onun əvəzini Azərbaycan bir həftə, 10 günə verir. Silah bazarı dünyanın ən bahalı bazarıdır. Azərbaycan buna layiqdir, bunu ala bilir. Ermənistanın o vəsaiti varmı? Digər tərəfdən, dünyanın hansı ordusu yardımlar hesabına özünü saxlayır? Ordu yardımla saxlanılarmı? Ordu büdcədən vəsait almalıdır, şəxsi heyətin maaşını da, təlimlər üçün də, yeni silahlar almaq üçün də, yeni taktiki təlim sınağı keçirmək üçün də. Ermənistan, sən bunların hansına qadirsən? Bugünkü Azərbaycan ordusu Ermənistan ordusundan sayına, keyfiyyətinə görə bir neçə dəfə yuxarıdır. Məhz Azərbaycan ordusuna dünyanın müxtəlif analitik-informasiya mühitində yüksək qiymət verilir.
- Yaşar müəllim, aprel hadisələrini qeyd etdiniz siz də. Aprel döyüşlərində Azərbaycanın geri aldığı ərazilər nəticəsində hansı bölgələrimizdə bu gün əhali təhlükəsiz vəziyyətdə yaşaya bilir?
- Mərkəzi istiqamətdə Tapqaraqoyunlu kəndindən irəlidə ermənilər çox yaxşı müdafiədə durmuşdurlar. Tapqaraqoyunlu və ətraf kəndləri atəş altında saxlaya bilirdilər. Lələ Təpə zirvəsini almaqla işğaldan azad olunan Cocuq Mərcanlı və digər 15-20 kəndi nəzarət altında saxlamaq mümkün olur, yəni Arazboyu kəndləri. Hər hansı avtomobillə gediş olanda, ya da piyadalar gedəndə, yerli əhali işləyəndə, mal-qara otarılanda Lələ təpədən ermənilər nəzarət edə bilirdi. Lələ təpə alınandan sonra həmin kəndlər ermənilərin nəzarəti altında olmaqdan və atəşə tutulmaqdan xilas oldu. Bundan əlavə, Lələ təpədən o tərəfə bizim Silahlı Qüvvələrimiz işğalda olan Cəbrayılın digər kəndlərini və ermənilərin bir çox mövqelərini nəzarət altına ala biliblər. Bir-bir xırdalamaq istəmirəm, nəyə nəzarət edirlər, necə nəzarət edirlər deyə, onu demək də düzgün deyil. Aprel hadisələrində bir neçə zirvə işğaldan azad olunub. Hərbçilər həmişə hücuma keçəndə birinci zirvələri tutmalıdır. O zirvələr ətraf əraziləri nəzarətdə saxlayır, oradan atəş açmaq da rahatdır, müşahidə aparmaq da, oradan orduların idarə edilməsi, rabitə əlaqələri də rahatdır. Ona görə o zirvələr tutulub. Orada elə gözəl əməliyyatlar olub ki, mən onu rəsmi açıqlama olmadan açıqlaya bilmərəm. Bəzən deyirlər ki, bizdə də orada şəhid olub. Birincisi, şəhid ona görə olub ki, əgər söhbət qeyrətdən, namusdan, torpağı işğaldan azad etməkdən gedirsə, şəhid verməlisən. Ermənilər o torpağı elə-belə verəndilərmi? Ikincisi də, əks həmləyə iki bölməmiz iki istiqamətdə keçdi. Sözsüz ki, onlar əllərində olan artilleriyanı bir az cəmləşdiriblər hər iki istiqamətdə. Amma birləşmə gedəndə o qədər vəsait yoxdur axı onlar zərbə endirsin. Belə əməliyyatlarda, strateji yüksəkliklərin alınmasında olan şəhid sayına görə çox deyil. Ermənilər və bəzi xarici kütləvi informasiya vasitələri ajiotaj yaratmaq istədilər ki, Azərbaycanda çoxlu şəhid olub, bunlar boş söhbətlərdir, hamısı cəfəngiyyatdır. Bu cür şişirtmək erməniyə xas olan xüsusiyyətdir.
- Ermənistanda tələbələrin möhlət hüququ ləğv edilir və onlar əsgər göndərilir. Digər tərəfdən də, aprel hadisələri zamanı da biz bunu gördük ki, ermənilər qadın hərbçilərinin şəklini paylaşıb, onlarla fəxr edirdilər. Tələbələrin və qadınların əsgər aparılması Ermənistanda əsgər çatışmazlığı olduğunun sübutu ola bilərmi?
- Səbəb ancaq budur. Birincisi, tələbələr niyə əsgər aparılır? Çünki hərbi çağırış dövründə çağırış ehtiyatları yoxdur. Çağırış ehtiyatları yoxdursa, hərbi hissələri komplektləşdirə bilmirlər. Bundan başqa, axı onların vəziyyəti ağır olduğu üçün gələn gənclərin nə qədəri xəstədir, bir amil budur. Ikinci amil, bunlarda psixoloji cəhətdən də xəstəlik var ki, pul verib əsgərlikdən saxlayırlar, Rusiya və digər ölkələrə qaçırırlar. Onda ordunu nə ilə komplekləşdirsinlər? Bütün işçi qüvvələrini aparacaqlar? Hərbçini əgər MAXE və ya gizir vəzifəsinə götürürlərsə, buna da vəsait lazımdır. Ona görə də rahat yol tapırlar ki, tələbələri çağırsınlar, bir də reklam xatirinə qadın hərbi qulluqçuları ki, bizdə qadın snayperlər hazırlanır, tank sürürlər və s. hamısı yalan sözlərdir. Hansı erməni qadın gəlib Azərbaycan torpağında vuruşub, hərbi xidməti icra edəcək? Ağıllı erməni Dağlıq Qarabağa gələr? Ağıllı erməni anası övladını Dağlıq Qarabağa göndərər? Ağıllı erməni qadını oğul dünyaya gətirərmi? Bilir ki, 10 ildən, 15 ildən sonra gedib öləcək. 10 il, 15 il, 20 il əvvəl doğulanlar hardadılar? Dağlıq Qarabağda xidmətə göndərinlərin nə qədər müraciəti olur ki, bezmişik, qaçıb getmək istəyirik o tərəfə. Sadəcə olaraq, onları idarə edən ideoloji bir mərkəz var. Bəlkə də heç onların böyükləri də istəmirlər, bilmirlər buradan necə çıxsınlar. Onlar kimdir ki, kənardan idarə olunan dövlətdir, necə müstəqil qərar qəbul edə bilərlər ki? Hansı müstəqil istehsal sahəsi yarada bilərlər? Ordunun hansısa bir alayını, birliyini saxlamağa vəsaitləri varmı? 200-300 milyonla ordu saxlamaq olarmı? Onlar baxsınlar bizim müdafiə büdcəmizə, ayrılan vəsaitə. Bu 10 dəfədən də artıq deyilmi?
- Bildiyiniz kimi, Ermənistan Metsamor Atom Elektrik Stansiyasından bir təhdid kimi istifadə edir. Metsamor AES Cənubi Qafqaz üçün və bütün dünya üçün bir təhlükədir. Ermənilər bundan nə kimi istifadə edə bilər?
- Onlar birinci Bakı-Supsa neft kəmərini demişdilər ki, partladacıyıq. Bakı-Tbilisi-Ceyhanı da demişdilər, Mingəçevir Su Elektrik Stansiyasını demişdilər. Azərbaycanın belə güclü güc strukturları varsa, o cür mühafizə edirlərsə, onlar hansı hərəkəti edə bilərlər? O boyda müdafiə zolağından bir dənə balaca deşik tapa bilməzsiniz ki, Ermənistan əsgərinin hansısa gülləsi vurub keçə bilsin. Sadəcə Metsamor Atom Elektrik Stansiyası sözsüz ki, region üçün bir təhlükədir. O sadəcə yenə də ermənilərin boş təbliğatıdır. Beynəlxalq ictimaiyyət də Metsamor AES-in texniki cəhətdən zəif olduğunu, nasaz olduğunu, onu bağlamaq məsələsini qaldırırlar, burada da bizim Azərbaycanın da sözsüz ki, rolu var.
- Yaşar müəllim, bəzən belə məlumatlar yayılır ki, Serj Sarkisyan əsgər tapmadığı üçün Azərbaycanın işğal olunmuş torpaqlarına PKK terrorçularını yerləşdirir. Bu məlumat doğru ola bilərmi?
- Heç bir zaman. Düzdür, I Qarabağ savaşında bir neçə dövlətdən könüllü ermənilər gəlmişdi. Dünyanın bir çox ordularında bəzən xarici muzdlulardan istifadə edib. Onlara öz əsgərlərindən 3-4 qat artıq vəsait verilir. Ermənistan o pulu haradan verəcək? O sözlər reklamdı. Əslində o reklam Azərbaycan xalqını, ordusunu sarsıtmaq üçün deyilən söz də deyil. Gərgin vəziyyətdə olan xalqını, millətini sakitləşdirmək üçün deyirlər ki, biz belə işlər görürük. O cür məlumatlar özləri üçün hesablanıb. Azərbaycan tərəfdə heç kim bunu ciddi qəbul etmir, heç qəbul ediləsi də deyil. Öz caamatı üçün edirlər ki, mitinq etməsinlər, etiraz etməsinlər. Tələbələrə, şəhid ailələrinə deyirlər ki, “səsinizi çıxartmayın biz böyük bir ordunun qarşısında dayanmışıq, ciddi işlər görürük, siz sakitləşin, əngəl törətməyin”. Ona görə də o cür xəbər yaymaq onlar üçün ucuz reklamdır. Ona nə biz inanırıq, nə də digər dövlətlər.
- Bildiyiniz kimi, son dövrlərdə, xüsusilə də ötən ildən Dağlıq Qarabağla bağlı danışıqlar intensivləşib. Ancaq bu danışıqlardan hələ ki, bir nəticə əldə edə bilmirik. Necə düşünürsüz, 2018-ci ildə danışıqların bir nəticəsini görə bilərikmi. Hərb sahəsini bilən bir ekspert kimi necə düşünürsüz, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll oluna bilərmi, yoxsa bizi yeni müharibə gözləyir? Yəni Qarabağı müharibə yolu ilə geri ala bilərik?
- Hərbçi danışıqlara inanmamalıdır. Çünki Ali Baş Komandan da bir neçə dəfə çıxışında deyib ki, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Ali Baş Komandan ən yüksək rütbəli hərbçi olaraq bütün hərbçilərə tapşırıq verib ki, hər an hazır olun. Ona görə məni nə ATƏT, nə Minsk qrupunun dedikləri maraqlandırır. Bilirəm ki, onlar uzadacaqlar, bizim diplomatlar da, siyasətçilər də bunu deyirlər. Ordu hər an tapşırığı yerinə yetirmək üçün hazır olmalıdır. Erməni bizə səhər zəng vurub deyəcək ki, “gəlin öz torpağınızı götürün, hazırlamışıq?” Siyasi tərəfini bilmirəm, heç düşünmək də istəmirəm, heç müraciət eləmək də istəmirəm. Sadəcə hərbçi hər an müharibəyə hazır olmalıdır.
- Azərbaycan ailəsində oğul dünyaya gəlir, daima vətənpərvərlik ruhunda böyüdülür, şəhidlərimiz haqqında məlumat verilir, Dağlıq Qarabağ məsələsi haqqında danışılır. Oğullarımız vətənpərvərlik ruhunda əsgər gedir. Həlak olanda isə şəhidlik zirvəsinə qalxır. Ermənistanın işğal altındakı Dağlıq Qarabağa göndərdiyi əsgərlər isə öz vətənində vuruşmur, başqa bir dövlətin ərazisində vuruşur. Bizim əsgərlərimiz şəhidlik zirvəsinə yüksəlir, bəs başqa bir dövlətin ərazisində xidmət edib, həlak olan əsgərə nə ad verilir?
- Onlara heç bir ad verilmir. Ona görə də onların anaları ayağa qalxır ki, bizim övladlarımız Ermənistandan kənarda gedib vuruşurlar, itib-batırlar və ölürlər. Ona görə də onların yüksək rütbəli zabitləri, siyasi rəhbərliyi ölən əsgərlərin analarından qaçırlar. Bizdə isə ən yüksək vəzifəlilər də şəhid anasının qarşısına çıxa bilir. Biz ona deyəndə o ana da qəbul edir ki, övladı öz namusumuz, qeyrətimiz, torpağımız üçün vuruşub, şəhid olub. Biz Ermənistanı işğal etməyə getməmişik ki. Ona görə də Ermənistanda narazılıq baş alıb gedir ki, niyə oğullarımız Dağlıq Qarabağa getməlidir, Azərbaycanın kifayət qədər əsgəri, silahı-sursatı var. Buna görə də ermənilərdə itkilər həmişə çox olacaq. Onların ali rəhbərliyi və ya hərbi rəhbərliyi nə cavab verə bilər? Övladları ölən analar tələb edir ki, cavab verin, onlar isə cavab verə bilmir. Biz haqq işimizə görə mübarizə aparırıq, buna görə vuruşmağa da hazırıq, biz biclik bilmirik, mərdi-mərdanə vuruşuruq. Bu həmişə belə olub, eradan əvvəl Atropaten vuruşmasında da elə olub, Cavanşirin vuruşması da, Babəkin vuruşması da, hamısı. Atropat özü kəşfiyyat dəstəsinin komandiri olub, gediblər İran qoşunlarına kömək eləməyə. Azərbaycanım digər tayfaları da elə vuruşublar. Bizim qızlar o vaxtı yunanlara qarşı necə vuruşublar at belində, xəncər əlində. Onlar bilirdilər ki, böyük ordu qarşısına çıxırlar. Erməni belə şey edəndi?
- Ermənistan ordusunda xaos, özbaşnalıq olub və getdikcə də daha çox artdığının şahidi oluruq. Qeyri-döyüş şəraitində ölənlərin sayının çox olduğunu da bilirik. Ölənlərin sayının bu qədər çox olması, nizam-intizamsızlıqdan irəli gəlirmi, yoxsa ağır psixoloji şəraitdə döyüş keçməkləri ilə əlaqəlidirmi? Yəni səbəb nədir?
- Yenə hamısı gəlib çıxır vəsaitə. Pul ayrılmalıdır ki, əsgər yaxşı geyinsin, onlar üçün yaxşı yemək hazırlanmalıdır, o yemək yaxşı şəkildə verilməlidir. Onların başının üstündə də zabit olur, gizir olur, onların yaxşı maaşı olmalıdır, ev verilməlidir. Bütün bunları etmək üçün də vəsait lazımdır. Axı Ermənistan ordusunda bu pul yoxdur. Bunlar hamısı da son nəticədə gətirib çıxarır nizam-intizamın aşağı düşməyinə. Ordunun da nizam-intizamı olmursa, o ordu heç bir qələbədən söhbət edə bilməz. Sadəcə ajiotaj yaradılar öz daxilində, nəyinsə üstünü bağlayırlar, hansısa itkini gizlədirlər. Apreldə bir balaca döyüş olan kimi sarsıldılar. Indi onun miqyası və ya müddəti çox olsa, qaçacaqlar, heç onları orada tutmaq mümkün olmayacaq.
- Yaşar müəllim, müəyyən bir hərb yolu keçmisiz, illərinizi vermisiniz, bu sahədə yəqin ki, kifayət qədər əsgər yetişdirmisiz. Sonda istəyərdim bu haqda danışasınız, keçmiş əsgərlərinizlə əlaqələriniz varmı, sizi axtarırlarmı? Bu əlaqələrinizdən bir az danışardız, bununla da söhbətimizi yekunlaşdıraq
- Bayramlarda çox zəng edirlər, toylarda, xeyirdə-şərdə görəndə gəlib görüşürlər. Bəlkə heç imkanı da yoxdur, amma məni görəndə deyir, komandir, gəlin bir limonad alım, su alım. Bilirəm ki, onun heç ona imkanı yoxdur. Bəzən həddindən artıq utanan adam olur, görürəm ki, baxır. Deyirəm ki, əjdaha, mənim əsgərim olmusan? Deyir, “bəli”. Deyirəm, bəs niyə yaxınlaşmırsan? Problemi olanlar da bilirlər harda dərs deyirəm, gəlib müraciət edirlər, biri sürücü olmaq istiyir, biri MAXE olmaq istəyir. Pis xasiyyətim odur ki, yox deyə də bilmirəm. Zəng edirlər, axtarırlar. Bilirəm ki, sabah müharibə başlasa, nə qədər əsgərim mənimlə birgə arxamca gələcək. Mən xoşlamamışam ki, onları hardasa qoyub, geri çəkilim. Onlar da məni qoyub, heç vaxt kənara çəkilməyiblər. Mən çox misal çəkə bilərdim, həyatdır, bu Azərbaycan psixologiyasıdır, Azərbaycan əsgərinin həyatıdır. Azərbaycan anası övladını yetişdirəndə vətənin mühafizəsi, qeyrətini qorumaq üçün övladını göndərir ki, get vuruş.
Günay Elşadqızı / METBUAT.AZ