31 Yanvar 2018 17:38
“Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Qarşımızda duran bütün vəzifələr artıqlaması ilə icra edilir”.
Metbuat.az-ın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev bildirib. Dövlət başçısı bildirib ki, 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı: “Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi. Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.
Ölkə başçısı bildirib ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir: “Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.
Millət vəkili Zahid Oruc Metbuat.az-a açıqlamasında bildirib k, ölkə başçısının son 14-15 ildə, XXI əsr dönəmində Azərbaycanın keçdiyi yola qiymət verməsi və xüsusilə də regionlarla bağlı məsələni hər zaman diqqətində saxlaması, onun göstəricisidir ki, Azərbaycan yalnız paytaxtdan ibarət deyil: “Bölgələri inkişaf etdirmədən böyük uğurlara çatmaq da mümkün deyil. Nəzərə almalıyıq ki, 1990-cı illər, Qarabağ müharibəsinin ağır nəticələri rayonlarımızda özünəməxsus problemlər, qaçqın və məcburi köçkünlərin o yerlərdə məskunlaşması və ona bağlı humanitar problemlər yaratsa da, hətta bunlar olmadan belə SSRİ-nin dağılması səbəbilə infrastrukturun yenilənməsi, sənaye obyektlərinin tamam fərqli reyslərə keçməsi, Azərbaycanda iqtisadiyyatın ukladının dəyişməsi, peşəkar kadrların formalaşması zərurəti, regional bazarların tapılması və s. məsələlər bir nömrəli problem kimi qarşıda dururdu. Bu səbəbdən belə bir açıq tendensiyanı görürdük ki, adamlar öz regionlarından paytaxta doğru üz tutur, Bakı öz yükündən iki-üç dəfə artıq yüklənir, bu isə əmək bazarına on minlərlə insanın daxil olması deməkdir. Paralel şəkildə on minlərlə insan mənzil bazarında gərginliyi artırır, əvəzində isə bölgələrdə sönüklük şəraiti davam edir. Bu səbəbdən çox strateji bir qərar idi ki, həqiqətən də rayonları o şəraitdən çıxarmaq mümkün olsun. Açıq demık lazımdır ki, rayonlarda biz hətta qaranlığı, zülməti görürdük, ümidsizlik var idi. Adamların ümidsizliyi də dediyimiz kimi ancaq o perspektivlə bağlı deyildi, düşünürdülər ki, nə zaman bu infrastruktur yaxşılaşacaq, yollar müəyyən qədər düzələcəkmi, elektrik enerjisi vaxtında veriləcəkmi, su sistemi qaydasına düşəcəkmi və s. Hər bir halda hökumət ölkə başçısının rəhbərliyi altında bunu çox uğurlu şəkildə gerçəkləşdirməyə nail oldu. Düşünürəm ki, ən vacib məsələlərdən birincisi, Bakıya sürətlə gəliş xeyli dərəcədə azalıb. Bu fakt inkar edilməz həqiqətdir”.
Millət vəkili qeyd edib ki, prezident İlham Əliyevin güclü iradəsi, siyasi liderlik potensialı bu dövr ərzində çox uğurla vətənimizin mənafelərinin xeyrinə işlədi: “Ona görə bu məsələlər çox rahatlıqla təqdim olundu. Bölgələrin inkişafı ilə paralel deyərdim ki, cənab prezident orada ölkədə sabitlik, əmin-amanlıq, təhlükəsizlik məsələlərini xüsusi vurğuladı. Bunun da səbəbləri var. Çünki 90-cı illərdə təhlükələr daxildən gəlirdi. Bu rayonların həyatında da özünü göstərirdi, müxtəlif silahlı qruplar, ayrı-ayrı cinayətkar dəstələr və s. Problem bütün bölgələrdə var idi. Separatizm təkcə paytaxta yaranan bir təhdid deyildi ki. Amma cənab prezident vurğuladı ki, indiki beynəlxalq mürəkkəb şəraitdə ölkədə sabitlik təmin edilir. Bu isə hər bir bölgə sakininin, hər bir vətəndaşımızın xeyrinədir. Indi biz görürük ki, təhlükələr ixrac olunur, xaricdən sanki yönləndirilir. Əvəzində terror inkişaf edir, 2011-ci ildə ABŞ prezidenti Corc Buş 11 sentyabr hadisələrini əsas götürüb Əfqanıstanda “Taliban”ın üzərinə yeridəndə kimsə ağlına gətirmirdi ki, bu, ölkədən çıxacaq və 7 il ərzində dünya məkanında terrorun bayrağı, əhatə dairəsi, məkanları bu qədər geniş yayılacaq. Əvəzində isə milyonlarla insan ya həlak olacaq, ya da öz yurd-yuvalarından didərgin olacaq. Ona görə də hər bir rayonun inkişafı Azərbaycanda sabitliyin, əmin-amanlığın qorunub-saxlanmasından asılıdır. Bu mənada cənab İlham Əliyev ölkənin bütövlüyünü təmsil edən şəxsiyyətdir. Hər bir ərazini şəxsən gedib tanıyan adamdır. Cənab prezident gənclik illərindən ölkəni, Qarabağ bölgəsini qarış-qarış tanıyır. Fikrimcə, prezidentin də gücü, istedadı bundan ibarətdir”.
Günay Elşadqızı / METBUAT.AZ
"Qeyrətini qorumaq üçün övladını göndərir ki, get, vuruş!" – Yaşar Aydəmirov