24 Yanvar 2018 10:03
“Metbuat.az-da mətbuat katibləri” layihəmizə bu gündən start verdik. Layihəmiz çərçivəsində hər həftə dövlət qurumları, özəl təşkilat və müəsisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edəcəyik.
İlk müsahibimiz mediaya daim açıq olan mətbuat katiblərindən biri - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıdır.
Metbuat.az Anar Cəbrayıllı olan müsahibəsini təqdim edir:
- Gəncliyiniz 90-cı illərin çətin dövründən keçib. O illərdən xatirələrinizdə nələr qalıb?
- Bizim yeniyetməlik və gənclik illərimiz çox pis dövrə düşdü. SSRİ-nin dağılması, iqtisadi böhran. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə, Qarabağ savaşı başladı. 20 Yanvar, Xacalı faciələrini yaşadıq. Qürurlu tərəfi odur ki, Azərbaycan müstəqilliyinin 19-20 yaşlı gəncləri biz olduq. Gəncliyimiz sıxıntı, acı içərisində keçdi. Vətən torpaqları itirdik, müharibədə sinif yoldaşlarımız, dostlarımız şəhid oldular. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bu, həm qürürlu, həm acı, həm də çətin oldu. Bu gün “Kəndimizə istirahətə gedirəm” - deyən adamlara həsət aparıram. Həmin an bir dalğa kimi gözümün önündən keçir. Nostalji hisslər yaşayıram. Xüsusən də, çiskinli havada insanı bədbinlik basır. İnsan xəyalən öz yurduna qayıdır. Amma şükürlər olsun ki, müstəqilliyimizi gördük. Bu gün müstəqil Azərbaycanımız var. 90-cı illərin ortalarından başlayaraq inkişaf seyr elədik. Bu gün Azərbaycan regionumuzun lider dövlətinə çevrilib.
Xatırlayıram, 90-cı illərdə tələbə vaxtlarımızda çörək növbəsində dayanardıq. 1992-ci ilin payızında test imtahanı vermək üçün paytaxta gəlmişdim. Qohumlarımız Yeni Günəşli qəsəbəsində yaşayırdılar. İmtahana onlarda qalmışdım. Həmin vaxt çörək növbəsində gödəkçəmin kürəyi ortadan cırılmışdı. Çörək növbəsində çox adam olurdu – qoca, qadın, uşaq. Hətta çörək almaq üçün gecədən növbəyə dayananlar belə vardı.
- Necə bir ailədə böyümüsünüz?
- Atam riyaziyyat müəllimi olub. Ailədə 5 uşaq olmuşuq. Hamımız ali təhsil almışıq. Ziyalı ailəsi olmağımıza baxmayaraq çox zəhmətkeş olmuşuq. 2 hektar üzüm bağımız olub, üzüm becərmişik. İnək, qoyun, keçi, toyuğumuz olub. Bağ-bostan əkib-becərmişik. Hərdən mənə belə sual verirlər ki, hansı kənddənsən? Deyirəm ki, dünyanın ən gözəl kəndində dünyaya gəlmişəm. Kiçik Qafqazın ətəklərində gözəl bir kəndimiz olub. Bizim kənd şimaldan Dağlıq Qarabağla, Hadrutla, şərqdən də Füzuli rayonu ilə sərhəd olub. Dağların, meşələrin əhatəsində, saf suları, bulaq və kəhrizləri olan bir kənd. 17 yaşıma kimi həmin kənddə yaşamışam. Axrıncı dəfə institutun 1-ci kursunu bitirdikdən sonra kəndimizdə 10-15 gün olmuşam. 1993-cü ilin avqustun 15-dən kəndimizi məcbur tərk etdik.
- Ali təhsil aldığınız illər necə keçib?
- Bizim vaxtımızda Azərbaycan Dövlət İqtisad Universiteti Dövlət İqtisad İnstitutu idi. 1992-ci ildə test üsulu ilə Maliyyə-kredit fakultəsinə imtahan verdim. 1993-cü ilin yanvarın 18-də dərslərimiz başladı. 1997-ci ildə, son 5 illik buraxılışı oldu, bizim buraxılış. Maliyyə-kredit fakultəsini fərqlənmə ilə bitirdim. Sonra hərbi xidmətdə oldum. Hərbi xidmətdən sonra aspiranturaya qəbul oldum. İqtisadi nəzəriyyə üzrə təhsil aldım. Bizim təhsil illərimiz də çətin keçib. Xatırlayıram, dərsələr bir neçə gün idi ki, başlamışdı. Kitabxanalardan sosializmdən - Marks, Engels, Lenindən bəhs olunan kitabları maşınlara yığıb daşıyırdılar. O vaxt internet də yox idi, yeni kitablar da gəlməmişdi. Bizim yaxın bir qohum Moskvadan “Ekanomiks” kitabı alıb göndərmişdi. Ondan çox istifdə edirdik. O vaxt kitab tapmaq çox çətin idi. Səmimi deyəcəm, qocaman müəllimlər testlə instituta daxil olan uşaqları qəbul etmirdilər. Bizdən əvvəl qəbul komissiyasında olmuş bu müəllimlər, bizim kimi kasıb uşaqların qiymətini kəsirdi semestr imtahanlarında. Hətta bizim potokda 1966-cı il təvəllüdlü tələbə vardı. Müəllimlərindən soruşan zaman deyirlər ki, sizin dövrün tələbələri indiki tələbələrdən savadlı idi. İndiki tələbələrdə sanki əzbərçilik var.
Atam müəllimi olub. Tam səmimi deyirəm, repetitor kimi mənimlə məşğul olmayıb. Sadəcə arada bilmədiyim sualların cavabını soruşmuşam. O vaxtlar bütün fənləri oxuyurduq. O vaxt Azərbaycan tarixi yeni tədris olunduğu üçün ondan çətinlik çəkirdik.
- Hansı işlərdə çalışmısınız?
- 90-cı illərdə iş tapmaq indiki kimi asan deyildi. İndi nə qədər mətbuat orqanları, özəl şirkətlər, banklarımız var. İlk işimə “Avrasiya” qəzetində 1998-ci ilin aprel ayında başaldım. Millət vəkili Sahib Alıyev orada məsləhətçi kimi çalışırdı. Onunla görüşdüm. Dedi ki, qələmini bilməyimiz üçün bir yazı yazmalısan. Mən də çek investisiya fondları ilə bağlı yazı hazırladım, bəyəndilər və məni işə götürdülər. 1 ay təcrübə keçdim. Ondan sonra işə düzəldim. Sonra “Reytinq”, "AzərNews" qəzetlərində çalışdım. 2001-ci ildə ANS televiziyasında iqtisadiyyat xəbərləri açıldı. Ora dəvət aldım və 10 ilə yaxın orada çalışdım. 2011-ci ilin mart ayından “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəriyəm.
- 2001-2011-ci illərdəki jurnalist fəaliyyətiniz nələr olub?
- ANS televiziyasında çalışdığım dövrdür. Azərbaycanda ilk dəfə olaraq iqtisyadiyyat xəbərlərini yaratdıq. Böyük maraq vardı. O vaxt internet yox idi. Məlumat toplamaq çətin idi. Tələbələr, müəllimlərin bir qismi son xəbərləri, statistik məlumatlar, ilin hesabatları, ümumdaxili məhsul, inflyasiyasiya və digər rəqəmləri ilk olaraq bu xəbərlərdən öyrənirdilər. Kifayət qədər məhsuldar bir dövr oldu. ANS-də müxbir kimi fəaliyyətə başladım. Sonra isə iqtisadiyyat xəbərlərin şef-redaktoru oldum. Bu gün mətbuatda, mətbuat xidmətlərində, dövlət orqanlarında çalışanların bəziləri bizim yanımızda öyrəniblər. Maraqlı bir dövr oldu. Dostlar, tanışlar qazandıq. İqtisadiyyat verilişi ilk dəfə idi yaranmışdı. Bizim verilişə ən çox qulaq asanlar biznesmenlər idi, indi görüşəndə deyirlər bunu.
- Ssenarist kimi hansı işlərə imza atmısınız?
- 2003-cü ildə ANS-də çalışdığım vaxtlarda dedilər ki, Bakı şəhərinin həyatı, infrastrukturu ilə bağlı film çəkmək lazımdır. Bu iş mənə həvalə olundu. Şəhərlə bağlı 13 film çəkdik. Şəhərin su təchizatı, yol infrastrukturu, metropoliteni, avtomobil nəqliyyatı, qaz, elektrik, istilik təchizatı, səhiyyə ilə bağlı filmlər çəkdik. 13 film oldu. Orada filmin ssenaristi, rejissoru, müxbiri də mən idim. Bir rejissor, bir montajor, bir operator, bir də mən – dörd nəfərə bu filmləri ərsəyə gətirdik, məncə normal alınırdı.
- “Azərsu” ASC-yə necə dəvət olundunuz?
- 2011-ci ildə “Azərsu”ya dəvət aldım. Rəhbərliklə görüşdük və başladım işləməyə. Ona kimi bir neçə təşkilatlardan dəvətlər vardı. Hətta həmin təşkilatlardan birinin sədrinin müavini ilə də görüşmüşdüm. Vəzifə və əməkhaqqını da razılaşdırmışdıq. Amma qismət “Azərsu” imiş. Bu il “Azərsu”da çalışmaımın 7 ili olacaq. Mənim üçün tanış sahə idi. ANS-də işlədiyim dövrdə bu qurumla ən çox mən işləyirdim, üstəlik Şəhər layihəmizdəki su və kanalizasiya sistemi ilə bağlı film hazırlamışdım. Ona görə işin ən azı 50%-ni mənimsəmişdim. Bunlara görə də “Azərsu” ASC-də çalışmaq asan oldu.
- Gələcəkdə yenidən televiziya qayıtmaq istərdiniz?
- Hər şey mümkündür. Bu işlə məşğul ola-ola televiziyadan hər hansı bir iş təklifi gələrsə, cavabım “yox” olar. Çünki fiziki baxımdan bunu çatdırmaq mümkün deyil. “Azərsu”da işlərimiz kifayət qədər çoxdur.
- Çalışdığınız illər ərzində qurum olaraq hansı işlərə imza atmısınız?
- Əvvəllər Bakının mərkəzində belə insanların su təchizatında ciddi problemlər olurdu. İnsanlar əllərində vedrələr, bidonlar həyətlərdəki krantlardan su daşıyırdı. Bakıətrafı qəsəbələrdə, məsələn Hövsanda yayda demək olar ki, su olmurdu. Ayda 1-2 dəfə su verilən yerlər vardı. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşaası, infrastrukturun yenilənməsi, Bakı şəhərində anbarlarda, su təchziatı qurğularında görülən işlər nəticəsində fasiləsiz su istifadəçilərinin xüsusi çəkisi 30%-dan 80%-ə yüksəlib. Bu, özü kifayət qədər böyük rəqəmdir. Təkcə “Azərsu” ASC-nin abonentlərinin sayı son 7 ildə 2 dəfəyə yaxın artıb. 1 milyon 400 mini keçib. Bölgələrdə insanların təmiz içməli suya çıxışı pis vəziyyətdə idi. Amma bu gün Biləsuvar, Şirvan və Salyan sakinləri Bakı sakinlərinin içdiyi sudan içirlər. O cümlədən Sabirabad və Saatlı sakinləri. 47 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması həyata keçirilib. Təkcə 2017-ci ilin statistikasına baxanda “Azərsu” ASC 1300 km-dən çox içməli su xətti çəkib. Görülən işləri üst-üstə cəmləsək, son 7 ildə Azərbaycan vətəndaşlarının dayanaqlı və keyfiyyətli içməli su ehtiyacı 90%-dan çox təmin olunub. Xüsusən, Bakı şəhəri, Abşeron yarımadası və rayon mərkəzlərində. Cənab Prezident qarşımızda hədəf qoyub ki, Azərbaycanın hər bir şəhəri, kəndi keyfiyyətli içməli su ilə təmin olunmaldır. Artıq bu sitiqamət üzrə kifayət qədər işlərə imza atmışıq. Bunu ən yaxşı abonentlərimiz deyə bilər. Hər şey göz qabağındadır.
- Hobbiniz varmı? Boş vaxtınızda hansı işlərlə məşğul olursunuz?
- Boş vaxtımda kitab da oxuyuram, futbola da baxıram, uşaqları gəzməyə aparıram. Ümumiyyətlə, təbiəti sevən adamam. İnsan var ki, günlərlə evdən çölə çıxmır. Məndə isə əksinə. Evdə qaldığım vaxt ürəyim partlayacaqmış kimi olur. Təbiətin qoynunda olmağı, dostlarla vaxt keçirməyi istirahət bilirəm.
- Hansısa bir biznesiniz var?
- Yox. Bizneslə məşğul olmuram.
- Jurnalistlərin suallarına daim cavab verən mətbuat katiblərindən birisiniz. Lakin bu gün bəzi mətbuat katiblərindən jurnalistlər heç cür açıqlama ala bilmirlər. “Email”ə göndərilən sullar çox vaxt cavabsız qalır. Sizcə bunun səbəbi nədir?
- Bunu daha çox həmin qurumun rəhbərliyinin münasibəti kimi qiymətləndirirəm. Bu gün “Azərsu” ASC-nin sədri Qorxmaz müəllim tələb edir ki, mətbuatla iş yüksək səviyyədə qurulmalı və jurnalistlərin sualları cavablandırılmalıdır. Biz də çalışırıq buna əməl edək.
Etiraf edim ki, bəzən mətbuat xidmətini qınamaq da olmur. Elə mətbuat xidməti var ki, məsələn bir il bündan əvvəl mediya açıq olduqları halda, bu gün bağlıdırlar. Onun səbəbini araşdırmaq lazımdır. Mətbuat ximətini buna görə qınamaq düzgün olmazdı. Hər halda, hər bir qurumda Mətbuat xidməti institutu yaradılıbsa, bu da mətbuata xidmət etməlidir. Mən həmişə deyirəm ki, cavabı olmayan sual yoxdur.
- Artıq ikinci dəfəri ki, ev verilən jurnalistlər və mətbuat katibləri sırasında adınız çıxmır. Bununla bağlı müraciət etmişdiniz, yoxsa?
- Ev ilə bağlı müraciətim olmayıb. 2007-ci ildə Bakıda ipoteka ilə ev almışam. Müraciət etmək fikrim də yoxdur. Çünki kifayət qədər ehtiyacı olanlar var. Əgər ev alası olsam, gərək ikisindən birini kirayə verəm (gülür).
- Son olaraq, oxucularımıza nə demək istəyərdiniz?
- Sözüm oxuculardan daha çox sizədir. Çünki bizlə, dövlət, özəl qurumlarla, şirkət və müəsisələrlə oxucular arasında körpü sizsiniz. Yəni, bu gün oxucuya hansı məlumat ötürsəniz, oxucu da onu oxuyacaq. Düzgün məlumat versəniz, düzgün informasiya alacaqlar. Bu gün bəzi rekert saytlar hansısa bir qurumla bağlı düzgün olmayan infromasiyalar yayırlar.
Oxucularımız gərək çox məlumatlı olsunlar. Məqsədli şəkildə jurnalistika ilə məşğul olan saytları seçə bilsinlər. Bizim bir çox oxucularımız ucuz xəbərə, şouya maraq göstərir, onlara daha çox inanırlar, nəinki sizin kimi saytlara. Oxucularımıza tövsiyyəm odur ki, ağı qaradan seçə bilsinlər. Adı çəkilməyən etibarlı mənbələrə çox da etibar etməsinlər.
Xəyalə Məmmədova
Fotolar: Sərvan Şəldiyev
“Ya Azərbaycanda qalıb bu sənətlə sağollaşacaqdım, ya da...” - Amerikada yaşayan azərbaycanlı videoqrafla MÜSAHİBƏ – TIKLAYIN!