22 Yanvar 2018 12:28
- Şair müəllim, siz Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında yaxından iştirak etmisiz. Müstəqil Azərbaycan inkişaf etdikcə, təbii ki, ordumuz da inkişaf edib. O dövrlə bu dövrdə Silahlı Qüvvələrimizdə hansı dəyişikliklər olub?
- Çox sağ olun məni dəvət etdiyinizə görə. Ümumiyyətlə mən deyim ki, 1992-ci il müstəqilliyimizin ilk addımlarının ilidir. Əlbəttə ordumuzun quruculuğu ilə bağlı çox böyük işlər görülüb. Ancaq qısa zamanda ordunun inkişafı olduqca böyük olub. Belə qısa zamanda 1992-ci ildə yaranmış pərakəndə bölmələrdən ibarət olan ordumuz artıq bu gün regionda ən güclü ordudur. Dünyada ən güclü orduların sırasına gəlib çıxmağı əlbəttə ki, böyük işdir. Ordunun yaranması, formalaşması, demək olar birinci növbədə Azərbaycan Respublikasının 1993-cü ildə ümumilli lider Heydər Əliyevin qayıdışından sonra olub. Birincisi, 1993-cü ilə qədər müəyyən proseslər gedirdi, ordunun bölmələri müəyyən insanların təsiri altında idi. Ümumi komandanlıq yox idi. Ona görə də 1993-cü ildə Heydər Əliyev gəlib artıq ali baş komandan olandan sonra ordunun formalaşması başlayıb. Yəni vahid komandanlıq altında Silahlı Qüvvələr yaranıb.
O silahlı qüvvələr çox çətin vəziyyətdə idi o vaxtlar, yəni torpaqların rayonbarayon getdiyi bir zaman idi. Heydər Əliyevin gəlişi əlbəttə xalqın inamını qaytardı. Xalqın nümayəndəsi olaraq həm orduda xidmət edənlər, həm də onun payız müraciətində, yəni Qarabağdakı vəziyyətlə bağlı xalqa olan müraciətindən sonra səfərbərliklə gələn heyət artıq başqa heyət idi. O vaxtlar bilirsiz ki, fərarilik baş alıb gedirdi və müəyyən şəkildə inamsızlıq var idi. Heç bir istiqamətdə hücum əməliyyatı apara bilmirik. Torpaqlarımızı düşmənin hücumundan qoruya bilmirdik. Heydər Əliyevin gəlişindən sonra artıq o insanlarda inam yarandı və bilindi ki, Ali Baş Komandanımız kimdir. Onun gəlişindən sonra bilirsiz ki, düşmənin irəliləməsi həm dayandırıldı, həm də 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı keçirildi, hücum əməliyyatı. Nəticədə o istiqamətdə vuruşan bölmələrimiz, hərbi hissələrimiz 25-30 km-ə qədər irəliləyib, 23 yaşayış məntəqəsini azad edib, o cümlədən Horadiz qəsəbəsini və Cocuq Mərcanlı kəndini. Eyni zamanda düşmənin əks hücumunun qarşısı alınıb böyük itkilər verən düşmən “Bişkek sazişi” imzalamağa məcbur edilib.
O dövrlər iqtisadiyyatın çətin dövrü idi, ordu da dağılmış vəziyyətdə idi, çünki kadr potensialımız demək olar ki, çox az idi. Bundan başqa, bilirsiz ki, rus ordusu var idi. Rus ordusu gedəndən sonra burada qalmış texnikanın çoxu yararsız vəziyyətə düşmüşdü, çünki silah-sursatın yararlısı artıq döyüşlərdə müəyyən şəkildə istifadə edilmişdi. Qalan texnika o qədər də yararlı deyildi. Çox böyük çətinliklərimiz var idi. O çətinliklərdən adlayaraq, ümumimilli lider Heydər Əliyevin ümumi rəhbərliyi altında silahlı qüvvələri yaratmağa başladıq. O Silahlı Qüvvələr hələ Heydər Əliyevin dövründə silahlandı, lazım olan texnika ilə təmin olundu və bu gün də davam edir. Naxçivanski adına liseyi Heydər Əliyevin liseyi kimi hesab edirdilər, çünki oranı Sovet dövründə o yaratmışdı. Naxçivanskini oxuyub bitirən və hərbi peşəkar zabitlər artıq Heydər Əliyevin respublikaya gəlişindən sonra digər postsovet məkanından respublikaya qayıtmağa başladılar və biz, artıq Silahlı Qüvvələri formalaşdırdıq.
Ümumilli lider özündən sonra bizə Ali Komandan yetişdirib saxladı, cənab prezident İlham Əliyevi. Prezident İlham Əliyev Ali Baş Komandanlıq sükanını götürərək Silahlı Qüvvələrin formalaşmasını, təminatını, inkişafını davam etdirərək, bu gün qürurlu, güclü, cavab verə biləcək, torpaqlarımızı azad edə biləcək, regionda birincilik qazana biləcək, dünyada ən güclü Silahlı Qüvvələrin sırasına salınan Silahlı Qüvvələrimizi formalaşdırıb. Bax Silahlı Qüvvələrimiz bu yolu keçib.
- Bildiyimiz kimi, Ermənistanın iqtisadi vəziyyəti ağırdı, regionda həyata keçirilən böyük layihələrdən kənarda qalıb. Ancaq hər zaman Ermənistan rəhbərliyi belə fikir formalaşdırmağa çalışır ki, dünyadakı ən güclü silahları alırlar. Bildiyimiz kimi, silahları, hərbi texnikanı almaq üçün kifayət qədər vəsait lazımdır. Doğrudan da Ermənistan bu silahları, hərbi texnikanı ala bilərmi?
- Təəssüflər olsun ki, dünyada iki standartlar mövcuddur. Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyev bunu çox gözəl ifadə etmişdi. Demişdi ki, əgər bu gün Azərbaycan və Ermənistanı təkbətək qoysalar, Azərbaycan öz torpaqlarını qısa zamanda azad edə biləcək. Bax, həmin o üçüncü qüvvələr hansılar ki, Qarabağ probleminin həll olunmamasın marağındadır, onlar geopolitik şəkildə öz maraqlarına uyğun vəziyyətdən istifadə etmək üçün əlbəttə Ermənistanı da silahlandırır. Biz bilirik kim silahlandırır onları. Belə olan vəziyyətdə işğalçı dövlət də silahlanır, halbuki bütün dünya Azərbaycan torpaqlarının işğal olunduğunu qəbul edib. Bu gün Qarabağdakı qondarma respublikanı Ermənistan özü belə qəbul edə bilmir, tanıya bilmir, çünki beynəlxalq normalar buna imkan vermir. Heç bir ölkə qondarma Qarabağ dövlətini qəbul etmir, tanımır, bu şəraitdə işğalçı qüvvələrin silahlandırılması heç bir normaya sığışmayan bir şeydir.
Bilirik ki, Rusiyanın orada bazası var və Ermənistan heç vaxt müstəqil siyasət yürütmür, adı müstəqil olsa da özü müstəqil deyil. Iqtisadiyyatı asılıdır, Silahlı Qüvvələri asılıdır, Ermənistanın özündə Rusiya bazası yerləşir, Ermənistana silah ayırırlar, ancaq o silahın vəsaitini ödəməyə onların imkanı yoxdur. Bunun nəticəsində də onlar o silahlanmanı kredit hesabına həyata keçirirlər. Ermənistan o kreditləri bəzən öz müəssisələri hesabına ödəyirlər. Yəni kreditin müəyyən faizini bəzi hallarda Ermənistan hansısa zavod və ya müəssisələri Rusiyaya verməklə ödəyirlər. Ona görə Ermənistanda cəmiyyət ayağa qalxır ki, biz, gələcək nəslə hansı Ermənistanı saxlayırıq. Bu gün getdikcə iqtisadiyyatı çökən, zəif vəziyyətdə olan Ermənistan bu gün silah almağa məcburdur, ona görə ki, Qarabağda işğalçı qüvvələri silahlandırmaq lazımdır. Azərbaycan silahlanarkən əlbəttə onlar da müəyyən addımlar atmalıdılar və atırlar da. Rusiyanın hesabına və Ermənistandan kənarda yaşayan diasporaların imkanları hesabına.
Dəfələrlə olub ki, onlar diasporalara müraciət ediblər, pul yığıblar, göndəriblər, Amerikanın konqresi də müəyyən pul göndərib, bu haqda məlumatlar da var. Ancaq o silahlar dünənki silahlar deyil. Bu günün silahları böyük vəsait tələb edən silahlardır, Azərbaycan onu verə bilir, ancaq Ermənistan öz sosial vəziyyətinin, müəssisələrinin, xalqının hesabına çalışır. Bildiyiniz kimi, onların silah alması üçün 3 il əvvəl 200 milyon bir ayrıldı, 100 milyon bir ayrıldı. Ancaq 200 milyon ayrılsa da, erməni mətbuatındakı faktlara görə, həmin kreditin 3 il ərzində sadəcə 66%-ni ödəyə biliblər. Görün nə vəziyyətdir ki, onlar artıq ərəb ölkələrini dəvət edirlər ki, Ermənistana investisiya qoysunlar. Bəlkə də Ermənistan imkanını öz xalqına yönəltsəydi, xalqının vəziyyəti bugünkü kimi olmayacaqdı. Silahlandırmanın əsas məqsədi ondan ibarətdir ki, Ermənistanın işğalçı qüvvələri müəyyən şəkildə işğalını davam etdirsin. O işğal Ermənistan cəmiyyətinə lazım olan işğal deyil. Bu gün Ermənistan cəmiyyəti hər çıxışında müraciət edir ki, “Qarabağ məsələsi bu günə qədər bizə heç nə verməyib. Qarabağ bizi ancaq arxaya salıb”.
Azərbaycan nə təklif edir? Deyir ki, gəlin sizə ən yüksək statusu verək, ancaq Azərbaycan qanunları və ərazi bütövlüyü çərçivəsində. Bunu axı Ermənistandakı sağlam cəmiyyət də başa düşür. Bu gün erməni analar Müdafiə Nazirliyinin qarşısına toplaşır, oradan qovulurlar. Baxın vəziyyətə ki, bir neçə gün öncə Ermənistanın müdafiə nazirinin status paylaşır ki, “hansısa yaralı əsgərin müalicəsi üçün 45 min dollar pul lazımdır, müəyyən hissəsini mən verəcəm, müəyyən hissəsini də siz pul toplayıb verin”. Müdafiə nazirinin yaralı əsgərə münasibəti Ermənistanın Müdafiə Nazirliyinin bugünkü vəziyyətini göstərir. Bu, birinci növbədə əsgərə qarşı hörmətsizlikdir. Bizim əsgərlərə baxın, yaralananda həm burada müalicə olunur, burada mümkün olmursa, xaricə göndərilir. Ümumiyyətlə silah alsalar da, almasalar da, Azərbaycanın işi haqq işidir, bunu bütün dünya da bilir. Haqq işi heç vaxt uduzmur. Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək, necə silahlanırsa, silahlansın. Bildiyiniz kimi, keçən ildən Rusiya artıq silah parkını müasir silahlarla yeniləyir. Köhnə, 1970-80-ci illərin silahların bir hissəsi Ermənistana kredit formasında verilir və onlar silahlanmanı bu formada etmək istəyirlər. Ancaq bunu Azərbaycan tərəfi nəzərə alır və bilir ki, gec-tez öz torpaqlarını geri alacaq.
- Şair müəllim, bildiyimiz kimi, Ermənistan ordusundakı hər zaman olan xaos, özbaşnalıq son dövrlərdə daha da artıb. Qeyri-döyüş şəraitində ölüm halları artıb, intiharlar çoxalıb. Bu məlumatları isə Ermənistan rəhbərliyi cəmiyyətdən gizlətməyə çalışır, ancaq bu, tezliklə mətbuat vasitəsilə yayılır. Bu haqda da məlumat verərdiniz
- Bunun kökü Qarabağdır, bunun kökü işğaldır. Ermənistan cəmiyyəti daha yaxşı bilir ki, Azərbaycanın torpaqları işğal olunub və orada yerləşən erməni kontingenti həmin işğalı qoruyan kontingentdir. Bu gün erməni anaları, erməni cəmiyyəti, hətta keçmiş müdafiə naziri artıq müxalifətdə olaraq Sarkisyana müraciət edir ki, Qarabağ məsələsini həll etmək lazımdır. Onlar deyir ki, “biz orada ancaq itiririk, həm əsgərlərimizi itiririk, həm iqtisadiyyatımızı itiririk, ancaq heç nə qazanmırıq. Biz bu gün bütün energetika kəmərlərindən kənarda qalırıq, bu dözülməzdir. Ermənistan cəmiyyətinin sosial vəziyyəti aşağı olur”. Baxın, Azərbaycanda oğul dünyaya gələndə hansı şəraitdə böyüdülür? Qarabağı azad edək çağırışı ilə, şəhidlərimizi yad etməklə, yəni yüksək vətənpərvərlik ruhunda, Azərbaycanın birinci şəxsindən tutmuş sıravi azərbaycanlıya qədər bu abu-hava bizim ailələrdə olur. Bəli, gənc olaraq o bilir ki, Azərbaycan torpağı işğal olunub və azad olmalıdır. Yəni o, işğalçıları qovmaq, Azərbaycan torpaqlarının bütövlüyü arzusu, abu-havası ilə böyüyür və sabah hərbi paltarı geyinib xidmətə bu fikirlə gedir. Baxın bizim çağırışçıların, əsgərlərin sözləri nədən başlayıb, nədə qurtarır? “Mən istəyirəm Qarabağı azad edim, orada iştirak edim”. Bizim cəbhə bölgəsində olan əli silahlı əsgərlər nə deyirlər? Deyirlər ki, “Ali Baş Komandanın əmrini gözləyirik, hər an düşmənin üstünə atılmağa hazırıq və Azərbaycan torpağını işğaldan azad etməliyik”.
Bu müharibədir, yəni atəşkəs olsa da, müharibə qurtarmayıb. Əlbəttə, biz itki də veririk, şəhid də olur, bizim cəhbə bölgəsində həlak olan əsgərimiz şəhidlik zirvəsinə yüksəlir. Indi baxaq Ermənistan tərəfinə, oğul dünyaya gəlir, onlar narahatdılar ki, sabah oğlunu nə gözləyəcək? Sabah bu oğul gedib Qarabağa düşər, orada başına bir iş gələr. Ermənistan ailələrində bu qorxu, bu abu-hava var. O ailələrdə deyirlər ki, “kaş ki, bu Qarabağ məsələsi tez qurtaraydı”. Bu abu-havada böyüyən gənc sabah işğalçı qüvvələrin içində gedib xidmət edəcək. O gənc daxildə bir psixoloji gərginlik keçirir. Çünki o bilir ki, hərbi xidmətini öz vətənində keçməyəcək. Vətənindən, Ermənistandan qıraqda, yəni Azərbaycanın işğal olunmuş torpağında keçirəcək, bu qorxu içində gedirlər. Bilirsiz ki, Azərbaycan öz gücünü gizlətmir, Silahlı Qüvvələrinin inkişafını da gizlətmir. Təlimlərin gedişi mətbuatda, televiziyada izlənilir, alınan yeni silahlar nümayiş edilir. Əlbəttə ki, bunu Ermənistanda olan cəmiyyət də izləyir.
Ermənistanda birinci şəxsindən tutmuş Müdafiə Nazirliyinin rəhbərliyinə düşünürlər ki, “birdən sabah Qarabağda savaş başlasa, bizim əsgərlərimiz Azərbaycan Silahlı Qüvvələrinin təzyiqi altında, gücü altında dura biləcəkmi?” Əgər o rəhbər şəxslər bunu düşünürlərsə, gör əsgər nə düşünür, onun psixoloji durumu necədir? Əlbəttə, aprel hadisələrinə qədər bunlar bir müddət sakitləşmişdilər, arxayınlaşmışdılar. Ancaq aprel hadisələri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri hər an döyüşə başlaya bilər, onun qarşısını ala biləcəklərmi? Bilirsiz ki, çoxlu müraciətlər oldu. Hətta Azərbaycan Respublikasının Ali Baş Komandanı, prezident İlham Əliyev bildirdi ki, erməni əsgəri ölmək istəmirsə, rədd olub getsin Azərbaycan torpağından. Bu haqlı müraciət idi. Onların əsgərinin vəziyyəti də bizim əsgər kimi deyil. Bu gün bizim əsgər hər cür təmin olunub. Ancaq onların əsgərlərini biz görürük, o formada deyillər və onların əsgərlərinin gələcəyi də yoxdur. Orada həlak olanda hansı zirvəyə qalxır? Nəyə görə həlak olur işğalçı qüvvələrin tərkibində? Bu psixoloji durum altında əlbəttə xidmət etmək istəmirlər, onları məcbur göndərirlər orada. Ya hansısa vəsaitlər vəd edirlər, ali məktəblərə qəbul məsələlərində müəyyən güzəştlərə getmək istəyirlər və s. Ancaq bu da onları saxlamır. Yəni gənclər gedib Qarabağda xidmət etmək istəmirlər.
Gənclər deyirlər ki, “biz Ermənistan Respublikasında, öz dövlətimizdə xidmət eləmək istəyirik”. Bu müraciət ancaq gənclərin deyil, həm də gəncləri böyüdən analarındı, valideynlərindi, həm də bu gün ayağa qalxan tələbələrindi. Bilirsiz ki, Ermənistanda son bir neçə ildə miqrasiya problemi var. Miqrasiya problemi ondan ibarətdi ki, hərbi qeydiyyata düşən yaşa çatanda ailələr məcburdular öz övladlarını Ermənistanda çıxarsınlar, qeydiyyata düşməsin. Gedirlər hansı yolla olursa-olsun başqa dövlətlərə gedib, orada yaşayırlar. Əsas məqsəd öz uşaqlarını Ermənistan ordusuna göndərməməkdi. Burada da Ermənistanın cəbhə bölgəsinə göndərməyə əsgər azlığı hiss olunur. Nəticədə onlar ali məktəblərdə oxuyanların möhlət məsələsini ləğv elədilər və gənclər ayağa qalxdı. Bu abu-havayla gedən əsgər hansı psixoloji durumdadır? Burada hansı vətənpərvərlikdən söhbət gedə bilər? Əli silahlı, məcburiyyət altında qalan əsgər o şəraitdə həm nizam-intizamı pozur, nizam-intizama zidd olan münasibətlər yaranır, həm də əsgərlər nə yolla olursa-olsun oradan çıxmaq istəyirlər, özünəqəsd, özbaşnalıq və s.
Bu faktlar ola-ola əlbəttə Ermənistan da Azərbaycan tərəfindən vurulan güllə kimi qələmə vermək istəyirlər. Son həftədə erməni atasının etirazı və erməni ekspertinin dediyi sözlərdi ki, əsgəri öldürən atəş Azərbaycan tərəfindən açılıb, ancaq ekspertizanın nəticələrinə görə, onda metal qırıntıları tapılıb. Metal qırıntıları da ancaq o vaxt tapıla bilər ki, yaxın məsafədən vurulsun. Deməli o əsgəri öz yoldaşı vurub, ya da hansısa nizamnamədən kənar münasibətlərin nəticəsidir. Onlar bunu başqa cür qələmə vermək istəyirlər. Ancaq erməni ekspert deyir ki, yox, elə olmaz, əgər uzaqdan vurulan atəş olsaydı, ancaq güllənin izi olardı. Bu artıq müəyyən etiraza gətirib çıxardı. Erməni cəmiyyəti də deyir ki, “Daxildə olan nizam-intizamsızlığın nəticəsində həlak olan uşaqlarımızı Azərbaycan tərəfindən vurulan atəşin nəticəsi kimi qələmə verirsiz, cəmiyyəti aldadırsız”. Əlbəttə onlar bu addımı atırlar ki, cəmiyyəti qorxu altında saxlasınlar.
Hər zaman deyirlər ki, Azərbaycan atəşkəsi pozur, deyin görüm, Azərbaycan əgər atəşkəsi pozmaq istəsə, hansı məqsədlə pozar? Onda gedər, hücum edər, torpaqlarını azad edər və ərazi bütövlüyünü bərpa edər. Yox əgər bu gün Azərbaycan ordusunun, təmasda olan bölmələrin əsas məqsədi mövqeləri müdafiə etməkdirsə və orada olan yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməkdirsə, onda Azərbaycan tərəfi niyə atəşkəsi pozur? Bizim mətbuatda həmişə gedir ki, atəşkəs erməni tərəfindən hətta 120 dəfədən çox pozulur. Azərbaycan tərəfi həmin atəşi açan mövqeləri, nöqtələri susdurmaq üçün cavab atəşi açmalı olur. Əlbəttə ki, onlar bu faktları da başqa cür yönəltmək istəyirlər. Nə qədər ki, Ermənistan öz işğalçı niyyətindən əl çəkməyəcək, öz əsgərlərini Qarabağ bölgəsinə işğalçı qüvvələrin bölmələrin tərkibində xidmət etməyə göndərəcək, onların vəziyyəti bundan da ağır olacaq. Çünki orada xidmət etməyin həvəsində olmayan etirazı bildirən əsgər özünü əsgəri qanunların tələblərinə uyğun apara bilməz.
- Bildiyimiz kimi, Dağlıq Qarabağla bağlı danışıqlar intensivləşdiyi zaman hər dəfə erməni tərəfi müəyyən təxribatlar törətməyə çalışır. 2017-ci ilin sonunda yenidən danışıqlar intensivləşdiyi vaxt Ermənistan prezidenti Serj Sarkisyan hərbi geyimdə Azərbaycanın işğal olunan torpaqlarına getmişdi. Bununla Ermənistan nə demək istəyir?
- Biz Sarkisyanın hansı formada hakimiyyətə gəldiyini bilirik, o, Qarabağ klanının üstündə gəlib prezident olub. Son zamanlar bilirik ki, cəmiyyət onu qəbul etmir. Əsas səbəb də yenə Qarabağ məsələsidir. Bilirsiz ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin 2017-ci ildə sərt çıxışları oldu. Sərt çıxışları demək olar ki, həm Ermənistana, həm beynəlxalq qurumlara ismarıc idi, həm onun arxasında olan üçüncü qüvvələrə də ismarıc idi ki, yəni bu məsələni qurtarmaq lazımdır. Hətta cənab prezident bir ara danışıqlara da getmirdi. Dövlət başçısı demişdi ki, nəticə verməyən danışıqlara nəyə görə gedirik? Qoy, əvvəl bir qərara gəlsinlər, ondan sona danışıq lazımdırsa, danışacağıq. Yoxsa Azərbaycan öz tarixi borcunu, torpaqlarını hansı yolla olursa-olsun, hətta güc yoluyla azad edəcək. Bu cür təsiredici çıxışları, ismarıcları olmuşdu. Prezidentin hər dəfə belə sərt çıxışlarından və ifadələrindən sonra müəyyən canlanma başlayır, yəni Minsk Qrupu bir az fəallaşmağa başlayır və istəyirlər danışığı bərpa etsinlər. Danışıqlara məlumdur ki, Azərbaycan nə ilə gedir. Ermənistan isə başlayır cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə və danışıqlara o faktordan istifadə etməyə.
Deyirlər ki, “Azərbaycanla danışıqlara getmək olmur, Azərbaycan aqressiv mövqe tutur, atəşkəsi pozur, biz itkilər veririk və s”. Bununla da müəyyən şəkildə danışıqlarda olan konstruktiv mühiti müəyyən şəkildə pozmaq istəyirlər. Bir neçə dəfə də belə olub. Vəziyyət bir az gərginləşən kimi biz Sarkisyanı hərbi formada Azərbaycanın işğal olunmuş torpağında görürük. Bu, bütün normalara ziddir. Başqa ölkənin, dövlətin birinci şəxsi başqa dövlətin torpaqlarına icazəsiz gələ bilməz. Ancaq o, öz gəlişi ilə istəyir müəyyən qədər cəmiyyəti çaşdırsın. Onun gedişi birinci növbədə onu göstərmək istəyir ki, vəziyyət gərgindir və cəmiyyət sosial problemlərin yox, daha çox bu məsələnin ətrafında birləşməlidir. Hətta bilirsiz ki, Naxçıvanda parad keçirildi. Paraddan sonra Ermənistan rəhbərliyi bunu öz niyyəti üçün istifadə etdi ki, “Naxçıvanın belə güclü əlahiddə ümumqoşun ordusu var, çox güclü silahlanıb, sabah Ermənistanı nə gözləyir? Azərbaycan ancaq işğal olunmuş ərazilərini azad etməklə kifayətlənməyəcək, əgər biz bu imkanı yaratsaq, Ermənistan məhv olacaq və s”. bu formada hərbi geyimdə vəziyyətin gərgin olmasını göstərmək və cəmiyyəti haqlı etirazlardan, sosial problemlərdən çəkindirmək istəyir. Bununla həm danışıqlara müəyyən təsir göstərmək, həm də öz siyasətini və prezidentlik dövrünü uzatmaq istəyir, məqsədi budur. Ancaq cəmiyyətdə bilir ki, Azərbaycan heç vaxt torpaqlarının işğal olunması ilə və düşmənin işğalı ilə barışmayacaq. Sadəcə zaman məsələsi var və bu gün də Silahlı Qüvvələrin inkişafının durumu ona bağlıdır ki, imkan yaranan kimi sizi inandırım ki, əmr də olacaq, torpaqlarımızı da azad edəcəyik və mənə elə gəlir ki, bu, uzunmüddətli olmayacaq. Bu əmr olsa, torpaqlarımızı qısa müddətdə azad edəcəyik, sadəcə məqamı gözləyirik.
- Bildiyimiz kimi, prezident İlham Əliyevin Nazirlər Kabinetində iclası oldu. Orada bir sıra məsələlərə, eyni zamanda, ordumuzla bağlı məsələyə toxundu. Dövlət başçısı qeyd elədi ki, Azərbaycan bazalarının, hərbi hissələrinin 80%-i təmir olunub, beynəlxalq standartlara cavab verir. Qalan 20% hissəsi isə qarşıdakı illərdə olacaq. Ümumiyyətlə, Azərbaycanın 2018-ci il ərzində hansı silahları, hərbi texnikanı alacağı və istehsal edəcəyi gözlənilir?
- Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin şəxsi qayğısı nəticəsində Silahlı Qüvvələrimiz bu gün lazım olan texnikanı ala bilir. Ölkəmizin bu gün Silahlı Qüvvələrdə hər hansı növə aid silah və hərbi texnikası ən müasir standartlara cavab verir. Azərbaycan Silahlı Qüvvələri 1960, 70, 80-ci illərin hərbi texnikasını almır. Ölkəmiz son 10 illiyin texnikasını alır. Əlbəttə, hər şey inkişaf edir, hərbi də inkişaf edir, silahlar da inkişaf edir və yeni texnikalar ortaya çıxır. Azərbaycanın dövlət başçısı hər bir şərait yaradır ki, Azərbaycan Silahlı Qüvvələri həmin texnika ilə təmin olunsun. Əlbəttə bu texnikanı alarkən birincisi bunun faydalılığı, sonra onun Qarabağ savaşında Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün istifadəsi, Qarabağ bölgəsinə ərazi baxımından faydası və əlbəttə qiyməti nəzərə alınır. Yeni texnika ilə öz silah parkımızı təmin edirik.
Bilirsiz ki, o texnikalar çox da gizlədilmir, mətbuatımızda işıqlandırılır, zirehli texnikanın alınması nümayiş olunur. Bizim hərbi hava qüvvələrində olan texnikanı, Müdafiə Nazirliyinin bölgələrdə olan yeni texnika ilə bağlı parklarının açılması göstərilir, yəni artilleriya və raket qurğuları hamısı göstərilir və cəmiyyət görür. Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı bəlkə də qərar qəbul olunacaq. Ola bilsin ki, parad da keçiriləcək, bu haqda söhbətlər gedir. Onda bizim cəmiyyətimiz tam görəcək ki, Azərbaycan Respublikası hansı silahlarla silahlanıb. Bilirsiz ki, Azərbaycan prezidentinin diqqəti altında bizim hərbi sənayemiz inkişaf edir və artıq bəzi silahları oradan alırıq. Müharibə dövründə olan respublika üçün bu çox vacib amildir. Prezident İlham Əliyev demişkən bu hələ davam edəcək. Bunun davam etmək məqsədi də birdir. Silahlı Qüvvələrimiz bu gün Ermənistan və onun düşmənləri üçün əlçatmaz olsun, üzərinə düşən funksiyanı yerinə yetirə bilsin və qısa zamanda az itkilə Azərbaycan torpağı azad edilsin.
- Şair müəllim, Ermənistan bildiyimiz kimi aprel hadisələrindən sonra ordudakı bəzi şəxsləri işdən çıxardı, bəzilərini həbsə atdı. Ümumiyyətlə, aprel hadisələrində Azərbaycan nə qazandı, Ermənistan nə itirdi?
- Ermənistan aprel hadisələrində sakitliyini itirdi, inamını itirdi, qorxu qazandı, öz zəifliyini gördü. Aprel hadisələri nədən irəli gəldi? Müəyyən istiqamətlərdə - Talış, Lələtəpə istiqamətlərində yerləşən düşmən bizim yaşayış məntəqələrini mütəmadi olaraq atəş altına alırdı. Dinc sakinlərin arasında itkilər var idi, evlər dağılırdı və Azərbaycan hərbi hissələrinin təmas xəttində olan bölmələri əmr aldılar ki, orada yaşayan əhalinin və yaşayış məntəqələrinin təhlükəsizliyi məqsədilə təhlükəli postları ələ keçirsinlər və düşməni arxaya çəksinlər. Orada yaşayan əhalinin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etsinlər.
Bilirsiz ki, səfərbərlik elan olunmamışdı və məhdud bir kontingent o istiqamətdə qarşısına qoyulan məqsədi yerinə yetirdi. Ermənistanın 20 ildən çox qurduğu müdafiə xətti yarıldı. Ondan sonra Ermənistanın birinci şəxsindən tutmuş bütün şəxslər cəmiyyətə vədlər verməyə başladılar ki, 2 ay ərzində o torpaqları yenidən işğal edəcəyik, ya da ona bərabər digər istiqamətdə ərazini ələ keçirəcəyik, bununla da Ermənistan Silahlı Qüvvələrinin gücünü göstərəcəyik və bununla da Azərbaycanı cəzalandıracıyıq. Iki ay keçdi, sonra dedilər payızın sonunda, sonra dedilər qışda, sonra dedilər seçkidən sonra, nəysə ki, bu getdikcə, bugünədək gəlib çatıb. Onlar hər bir istiqamətdə işləyirdilər, imkan axtarırdılar. Azərbaycan ordusu təmas xəttində olan hərbi hissələr, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttində oldu, vəziyyəti yerində öyrənib tapşırıqlar verdi, hətta müdafiə naziri “1 atəşə 100 atəş” tapşırığı verdi. Düşmənin təmas xəttində heç bir aktivliyinə yol verilməməsi və qarşısının alınması tapşırılığı verildi. Azərbaycan Silahlı Qüvvələri doğrudan da o tapşırığı yerinə yetirdilər və düşmənə sarsıdıcı zərbə vurdular. Onlar texnikanı yeniləşdirmək istəyirdilər texnika məhv olunurdu, müəyyən bir istiqamətdə komanda məntəqəsində hansısa bir aktivliyi göstərirdilər, komanda məntəqəsi dağıdılırdı.
O itkilər nəticəsində də Ermənistanda cəmiyyət ayağa qalxdı, analar getdi Müdafiə Nazirliyinə, Prezident Aparatına. Hətta oradan qovuldular. Cəmiyyətin təzyiqi altında Ermənistan o addımlardan çəkinməyə başladı. Ondan sonra başladılar o dövrdə olan rəhbərliyi dəyişməyə, müdafiə nazirini də dəyişdilər, rəhbərliyin vacib vəzifəli şəxslərini də, amma heç nə dəyişmədi. Yenə də öz niyyətlərinə gəlib çıxa bilmədilər. Artıq indi Ermənistan generalları başlayırlar ifadə etməyə ki, o ərazilər üçün biz öz əsgərlərimizi qırğına salmaq istəmirik, yəni artıq başqa bir imkan yoxdur. Müdafiə Nazirliyində birinci şəxs, ikinci şəxs, üçüncü şəxs, hamısı dəyişdirildi. Ancaq bugünkü Azərbaycan Silahlı Qüvvələri artıq o qədər inkişaf edib ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyini necə dəyişirsə, dəyişsin, Azərbaycan Silahlı Qüvvələrinə bata bilməyəcək. Bu Krılovun “Kvartet məsələsi”ni xatırladır. Orada musiqiçiləri oturdurlar, görünür ki, musiqi alınmır, musiqiçilərin yerlərini dəyişirlər, görürlər yenə də alınmır. Bu gün Ermənistan hərbi rəhbərliyinin dəyişikliyi də onu göstərir ki, onlar o dəyişikliklə heç nə qazanan deyillər. Onlar Qarabağ məsələsində düşüncələrini dəyişməlidilər və Azərbaycanın haqq tələbini yerinə yetirməlidilər. Beynəlxalq normalar çərçivəsində Qarabağ məsələsini həll etməlidilər, ondan sonra onlar nəsə qazanacaqlar. Hələ ki, bu yoxdu, onlar itiriblər, itirirlər, itərəcəklər də.
Azərbaycan bu hadisədə nə qazandı? Siz gördünüz ki, gənclərimiz küçələrə, yollara axışdılar, gənclərimiz, cəmiyyətimiz əllərində Azərbaycan bayrağı ilə Ali Baş Komandanın ətrafında birləşdilər, dəstək nümayiş etdirdilər, bütün Azərbaycan ayağa qalxdı. Burada iqtidar-müxalifət məsələsi yox idi, hamısı bir oldu. Qarabağ məsələsində Azərbaycanın demək olar ki, bütün təbəqələri birdir. Bilirsiz ki, bizim gənclər Səfərbərlik Xidmətinə axışdılar, dəfələrlə müraciətlər oldu, mənim keçmiş döyüşçülərim mənə zəng edirdilər ki, “Komandir, biz harada görüşək?” Yəni bu, içəridən gələn alov idi yanan, Azərbaycan onu qazandı, birləşdi və göstərdi ki, Azərbaycan cəmiyyəti öz torpaqlarını azad etməkdə israrlıdır.
- Sonda istəyərdim ki, öz hərbi yolunuz haqqında bizə bir az məlumat verəsiz, bununla da söhbətimizi yekunlaşdıraq
- Mən, kəndçi balası idim, şimal zonasında. Ailədə 3 qardaş, bir bacı idik. Hərbi nə idi bilmirdik, kinolardan görürdük, hərbinin nə olduğunu o qədər də anlamırdım. O vaxtı ümumilli lider Heydər Əliyev tərəfindən yaradılan Naxçivanski adına Hərbi Lisey haqqında məktəbdə bir məlumat var idi. Mən də istədim, müraciət etdim və həmin liseyə daxil oldum. O zamanlar ora orta hərbi məktəb kimi gedirdi. Oranı bitirdikdən sonra təhsilimi Ali Hərbi Məktəbdə davam etdirdim. Ali Hərbi Məktəbi bitirəndən sonra müxtəlif bölgələrdə və xaricdə xidmət etmişəm. Xaricə getməyimin də birinci səbəbi Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirməyim oldu. Çünki fərqlənmə ilə bitirənlərin seçim imkanını özlərinə verirdilər. Mən Almaniyada xidmət eləməli oldum.
Bir müddət xidmət edib qayıdandan sonra təhsilimi Moskvada Frunze adına Hərbi Akademiyada davam elədim. Oranı bitirəndə artıq 1991-ci il idi, Azərbaycanda müəyyən gərginlik hiss olunurdu. Ona görə də mən müraciət etdim və böyük çətinliklə Azərbaycana qayıda bildim. Qayıtdıqdan sonra Azərbaycanda xidmətimi davam elədim. Artıq 1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyi yarananda ilk Azərbaycan ordu sıralarına daxil olan zabitlərdən olmuşam. Daha sonra özüm bitirdiyim Ali Hərbi Məktəbin rəis müavini oldum və Qarabağ müharibəsi başladı. O zaman Ali Hərbi Məktəbdə Qarabağa göndərilən ehtiyat hissələri hazırlanırdı və mən Üçtəpə təlim çölündə onun təlimi ilə məşğul idim. Ümumilli lider Heydər Əliyevin payız müraciətindən sonra mənə briqadir komanı olmaq təklif edildi. Mən briqadir komandiri kimi Füzuli bölgəsində Horadiz əməliyyatını keçirən hərbi hissənin komandiri kimi fəaliyyətimi davam etdirdim. Dediyim kimi, biz orada uğurlu hücum əməliyyatını keçirdik və 23 yaşayış məntəqəsini azad etdik. Birinci “Azərbaycan Bayrağı” ordeninə həmin hücum əməliyyatına görə, təltif edildim. Daha sonra Şəmkir Korpusunun ilk komandiri kimi xidmət etmişəm. Müdafiə Nazirliyində və son zamanlara qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisinin tədris üzrə müavini kimi fəaliyyət göstərmişəm.
Heç vaxt hərbçi olduğum üçün təəssüflənməmişəm, özümü xoşbəxt insan hesab edirəm. Xoşbəxtlik iki amillə olur, biri ailədir, biri də sənətin, işin. Ailəmə heç bir söz olmaz. Xidmətimdə də ən böyük xoşbəxtliyim 1994-cü ildə 23 yaşayış məntəqəsinin azad edilməsi mənim adımla bağlıdır. Çox xoşbəxtəm ki, həyatımda bu işi görə bildim. İnşAllah gələcək addımı da gözləyirəm və istəyirəm ki, Azərbaycanın tam azad olmasında iştirak edim və ölkəmizin bütövlüyü bərpa olunsun. Bu gün böyüyən nəvələrimə də bütöv Azərbaycanı miras saxlayım.
Günay Elşadqızı / METBUAT.AZ