22 Yanvar 2018 17:59
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərindəki görüşü ilə bağlı verdikləri bəyənatda işğal altındakı Azərbaycan əraziləri sözü əvəzinə münaqişəyə məruz qalan ərazilər ifadəsindən istifadə ediblər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, il başlayar-başlamaz görüşün təşkil edilməsi bu qənaətə gəlməyə əsas verir ki, münaqişənin tənzimlənməsi ilə bağlı intensivlik hələ ki, qorunub saxlanmaqdadır, bu sahədə heç bir problem yoxdur: “Əsas odur ki, kəmiyyətdən keyfiyyətə keçid məsələsində ciddi çətinliklər hələ də öz qüvvəsini saxlamaqdadır. Belə ki, həmsədrlər Krakov görüşünün ardınca ənənəvi olaraq bəyənatla çıxış etdilər. Bu bəyənatda onların əsas tezislərindən biri bu oldu ki, təmas xəttində atəşkəsin nisbi qorunub saxlanması tendensiyası var və tərəfləri bu tendensiyanı qoruyub saxlamaq çağırışı öz əksini tapıb. Amma təəssüf ki, həmsədrlərin bu bəyənatından çox keçmədi ki, Ermənistan yenə də ampluasında qaldı və yenidən təmas xəttində atəşkəsin intensiv şəkildə pozulmasının şahidi olduq.
Həmsədrlərin əsas tezislərindən biri də bu oldu ki, tərəflər arasında etimadın formalaşdırılmasına ehtiyac var. Yəni əsas odur ki, tərəflər bir-birinə inansınlar, etibar etsinlər və etimad mühiti formalaşsın. Yenə də açıq qalan məsələ odur ki, etimad mühitinin formalaşmasına mane olan kimdir? Azərbaycanın torpaqlarını Ermənistan işğal altında saxlayırsa, burada hansı etimad mühitindən söhbət gedə bilər?
Eyni zamanda ATƏT-in şəxsi nümayəndəsinin ofisinin sayının artırılması məsələsi yenə gündəmə gəldi və bu məsələdə həlledici addımlar atılmasına çağırış öz əksini tapıb. Belə çıxır ki, həmin ofisin üzvlərinin sayı artarsa, atəşkəsi kimin pozduğunu daha çox izləmək mümkün olacaq. Belə çıxır ki, həmsədrlər daha çox atəşkəsin qorunub saxlanmasında maraqlıdır, nəinki ümumiyyətlə bu məsələnin həlli məsələsində. Yəni münaqişənin həlli ilə bağlı, fundamental məsələlərlə bağlı həmsədrlərin yenə də susduğunun şahidi oluruq. Amma onların bəyənatında bizi ən narazı salan budur ki, orada münaqişəyə məruz qalan ərazilərə gələcəkdə faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı düşüncə öz əksini tapıb.
Bilirsiz ki, 2010-cu ildə iki dəfə belə missiya göndərilmişdi və o zaman işğal altındakı ərazilərə göndərilmişdi. Özü də fikir verirsiz hansı cümlədən istifadə edirlər – münaqişəyə məruz qalan ərazilər. Bu qədərmi çətindir hər şeyi öz adı ilə çağırsınlar və desinlər ki, işğal altındakı Azərbaycan əraziləri faktaraşdırıcı missiya göndərmək. Yəni hər şeyi öz adı ilə çağırmaq əvəzinə yenə də ünvansız bəyənat verirlər və Ermənistanda da belə bir inam hasil olur ki, işğal altındakı ərazilər yox, münaqişəyə məruz qalan ərazilər ifadəsi deyilirsə, onda torpaqları işğal altında saxlamaq olar. Ona görə də düşünürəm ki, həmsədrlər bu məsələdə gərək kifayət qədər ehtiyatlı olsunlar”.
Günay Elşadqızı / METBUAT.AZ
“Afrin əməliyyatı bölücü kürd qruplaşmalarına öldürücü zərbələr vuracaq” – Vüqar Zifəroğlu