METBUAT.AZ

Siyasət

Apreldə seçiləcək prezidentin hakimiyyət müddəti 7 il olacaq

6 Fevral 2018 11:26

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verdi. Sərəncama görə, 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, daha əvvəl prezident seçkilərinin oktyabrda keçirilməsi nəzərdə tutulurdu. Dövlət başçısının növbədənkənar seçki ilə bağlı verdiyi qərar 2016-cı il 26 sentyabrda qəbul edilən referenduma tam uyğun gəlir.

Bu il keçirilən prezident seçkilərinin əhəmiyyəti həm də ondadır ki, seçilən prezidentin hakimiyyət müddəti 5 ildən 7 ilə qədər artırılacaq. 26 sentyabr referendumunda qəbul edilən qərarla Konstitusiyanın 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilib və bu məzmunda ikinci cümlə əlavə edilib: “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”.

Referendumdan sonra çıxış edən dövlət başçısı deyib: “Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir. Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur”.

Referendumdam sonra prezidentlik müddətinin artırılması ilə bağlı Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlamasında deyib: “Prezidentlik müddətinin 5 ildən 7 il müddətinə artırılması 5 ildə 3 seçki (prezident, parlament, bələdiyyə) keçirilən Azərbaycanda gərgin seçki prosesinin intensivliyinin azaldılması, vətəndaşların təkcə siyasi deyil, həm də iqtisadi, sosial, humanitar və digər sahələrdə fəallığına şərait yaradılması, əlavə büdcə xərclərinə qənaət edilməsi məqsədi daşıyır. Digər tərəfdən, bunun bəyan olunmuş islahatlar kursuna, gələcək üçün nəzərdə tutulmuş strateji vəzifələrin, iqtisadi inkişaf və sosial rifah proqramlarının vaxtında və tam həcmdə icrasına təminat verəcəyinə əminlik var. Bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 6-7 il müəyyən olunub. Avstriya, Finlandiya, Fransa (2000-ci ilədək), İsrail, Qazaxıstan, Meksika, İtaliya, İrlandiya, Livan, Sinqapur, Rusiya kimi ölkələr buna nümunədir”.

Əli Həsənov ötən gün prezident İlham Əliyevin növbədənkənar seçkilərlə bağlı sərəncamını şərh edərkən isə bildirib ki, bu günə kimi Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib: “İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Bilirsiniz ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu: “Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur. Həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır”.

Yaxın zamanlarda seçkilərdə iştirak etmək istəyənlərin namizədliyi qeydiyyata alınacaq, təbliğat və təşviqat kompaniyası başlanılacaq. Yeni Azərbaycan Partiyasının namizə isə prezident İlham Əliyevdir. Bununla bağlı açıqlamanı bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib: “Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər. İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır”.

Ə. Həsənov deyib ki, ötən dövr ərzində prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib: “Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir. Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz”.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə deyib: “Ölkə rəhbəri prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar xalqı doğru namizədə səs verməyə sövq edir”. O, seçkilərdə qələbə qazanacaqlarına əmin olduğunu vurğulayıb”.

Təbii, bu günün reallığı ondan ibarətdir ki, Azərbaycanın daha da güclənməsində, onun müdafiəsi və iqtisadi maraqlarını İlham Əliyevdən daha gözəl heç kim apara bilməz. Müharibə şəraitində yaşayan ölkə üçün prezidentlik müddətinin 7 ilə qədər artırılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan son illər bütün sahələrdə böyük uğurlara imza atır. Siyasi nüfuzu beynəlxalq aləmdə daha artıb, bir çox ölkələrlə uğurlu iqtisadi əlaqələrimiz var. Ali Baş Komandan, prezident İlham Əliyevin güclü iradəsi nəticəsində bu gün Azərbaycanın güclü ordusu var. Təbii ki, Dağlıq Qarabağ kimi problemi olan, torpaqlarının 20%-i işğal altında olan dövləti idarə etmək üçün, güclü, iradəli prezident və Ali Baş Komandan İlham Əliyevə ehtiyac var. Dövlət başçısının qurduğu güclü komanda və vitse-prezidet Mehriban Əliyevanın öz sahəsində gördüyü işlər komandanı daha da güclü edir. Bütün bunların 11 apreldə keçiriləcək prezident seçkilərinin nəticələrində də özünü göstərəcəyinə əminik.

Günay Elşadqızı / METBUAT.AZ


metbuat.az.