21 Fevral 2018 12:39
Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Türkiyə ilə münasibətlərdən söz açıb.
Metbuat.az-ın məlumatına görə, 2009-cu il hadisələrinə qayıdan Sarkisyan bildirib ki, həmin protokollara əsasən Türkiyə-Ermənisatan münasibətlərinin bərpası, sərhədlərin açılması müzakirə olunub: “Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Sarkisyanın bu çıxışı ilə Avropa Şurasında etdiyi çıxışda üst-üstə düşən məqamlar var: “Burada əsas məqam ondan ibarətdir ki, Sarkisyan ictimaiyyəti aldatmaq kursunu götürüb. Bu, dünya ictimaiyyətindən çox, elə Ermənistanın özünün daxili auditoriyasını aldatmaq üçün düşünülən bir addımdır. Guya Türkiyə ilə protokollarda Ermənistan konstruktiv mövqe tutdu və bu mövqeyə hər hansı bir şəkildə Türkiyədən cavab gəlmədi. Ermənistan hansı konstruktiv mövqe tuta bilər ki, hələ Türkiyənin özünə ərazi iddialarından əl çəkməmişdi və buna da davam edirdi. Belə bir vəziyyətdə hansısa bir uzlaşmadan söhbət gedə bilərmi? O baxımdan da hesab eləmirəm ki, burada hansısa doğru niyyətdən söhbət gedə bilər. Burada fikri aldatmaq yolu izlənib. Bu da Ermənistanın ümumi siyasətinin tərkib hissəsidir. Ona görə Münhen konfransında da bizim diplomat və digərləri tərəfindən ona verilən suallarda bu özünü açıq göstərdi ki, bu cür aldadıcı manevrlərlə uzaq getmək olmaz. Onsuz da hər kəs Ermənistanın yürütdüyü siyasətin acı nəticələrini kifayət qədər dərindən anlayır və buna da öz reaksiyasını verir”.
- “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu?” sualına Sarkisyan konkret cavab verib: “Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır”. Sarkisyanın bu cavabı hansı məqsədi daşıyır?
- O, əvvəllər Türkiyənin Azərbaycan siyasətini günahlandırırdı. Amma Türkiyənin bu siyasəti anlaşılandır. Türkiyə nə etməlidir? Azərbaycan məsələsi Türkiyə üçün prioritet məsələdir. Burada hər hansı bir güzəştdən söhbət gedə bilməz. O baxımdan da hər hansı bir şəkildə Türkiyənin üzərinə yüklənməsi düzgün deyil. Burada Türkiyə kifayət qədər iradə göstərdi. Sən əgər aqressiyadan, işğaldan əl çəkmirsənsə, Türkiyə nə etməlidir? Burada Azərbaycanı günahlandırmamaq da bir manevrdir. Yəni bizim Azərbaycanla münasibətlərimiz ayrıca, əlahiddə münasibətlərdir. Bu, Türkiyəyə aid olan münasibətlər deyil. Yəni Türkiyənin Qarabağ məsələsinə yaxından, uzaqdan heç bir əlaqəsinin olmadığını göstərmək üçün bu ifadəni işlədib.
Günay Elşadqızı / METBUAT.AZ
“Erməni tərəfi bu addımı atmağa hazır olmalıdır” – Arzu Nağıyev