23 Fevral 2018 15:18
İşğalçılıq siyasəti nəticəsində iqtisadiyyatı çökən Ermənistan başqa bir problemlə də üz-üzə qalıb. Ölkəni tərk edənlərin sayı hər il daha da artır. Övladını Azərbaycanın işğal olunmuş torpaqlarında hərbi xidmətə göndərmək istəməyən valideynlər çağırış yaşına çatan oğlunu da götürüb ölkəni tərk edir. Bunun nəticəsidir ki, Ermənistanda artıq əsgər çatışmır.
2015-ci ilin ikinci yarısında Birləşmiş Millətlər Təşkilatının ölkələrin demoqrafik proqnozları ilə bağlı hazırladığı məruzədə 3 milyon 18 min olan Ermənistan əhalisinin 2030-cu ildə 2 milyon 992 min, 2050-ci ildə 2 milyon 729 min nəfərə qədər azalacağı və 2100-cü ildə isə 1 milyon 700 min nəfər olacağı qeyd edilib.
1 yanvar 2016-cı il ildə Ermənistan əhalisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min nəfər azalıb. Bununla yanaşı son beş ildə Ermənistan əhalisi 35,9 min nəfər, müstəqillikdən bu günə qədər isə, 634,7 min nəfər azalıb. Şəhər əhalisi (1.907,4) 5,5 min nəfər azalıb.
Ermənistanda miqrasiya probleminin səbəbləri ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, ermənilər müstəqil olanda, 1989-1990-cı illərdə düşünürdülər ki, təxminən 15 milyonluq əhalisi olan dövlət yaradacaqlar: “Onların hesablamalarına görə, 5 milyon əhali Ermənistanın özündə yaşayacaq, dünyada isə 10 milyon erməni olacaq. Amma indi hazırda Ermənistanda əhalinin sayı rəsmi rəqəmə görə, 3 milyondan bir az aşağıdı, qeyri-rəsmi rəqəmlərə görə isə 3 milyondan çox aşağıdır. Dünyada isə 7-8 milyon erməni qalıb, onların da əksəriyyəti assimilyasiyaya məruz qalıb. Yəni tutaq ki, Hollandiyada yaşayan erməni, ermənidən çox hollandır. Ərəb dövlətlərində yaşayan erməni, ermənidən daha çox ərəbə oxşamaq istəyir və s. Bu mənada təkcə Ermənistanda deyil, bütün dünyada ermənilərin sayında çox sürətlə azalma gedir”.
İşğalçılıq siyasəti
Politoloqun sözünə görə, Ermənistanda əhalinin sayının azalmasının ən birinci səbəbi onların işğalçılıq siyasəti ilə bağlıdır: “Bilirsiz ki, onlar işğal siyasətinə başlayanda çox ruh yüksəkliyi ilə başlamışdılar. Sonradan isə başa düşdülər ki, Azərbaycan onların gözlədiyi qədər zəif deyilmiş, əksinə gözlədiklərindən xeyli güclü çıxdı, bunu da etiraf edirlər. Ona görə Ermənistan əhalisində öz dövlətlərinin gələcəyinə, perspektivinə ümid qalmayıb. Yəni onlar başa düşürlər ki, Dağlıq Qarabağ, Azərbaycan torpaqlarının işğalı məsələsi tək Ermənistan elitasının işi deyil. Ermənistan cəmiyyətinin geniş kütlələri bu işlə məşğuldular və başa da düşürlər ki, Dağlıq Qarabağ məsələsini həll edə bilməyəcəklər. Ona görə də onlar öz gələcəklərinə inanmırlar. Bu inamsızlıq nəticəsində oranı tərk edirlər.
İqtisadi problemlər
İkinci səbəb yenə Azərbaycanla bağlıdır. Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistanla əlaqəli heç bir ciddi iqtisadi proseslər baş vermir. Son 2-3 ildə hansısa ciddi beynəlxalq maliyyə qurumunun Ermənistana külli miqdarda kredit verməsi ilə bağlı məlumat yoxdur. Təsəvvür edin ki, 2009-2010-cu illərdə Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərini ələ aldı ki, Minsk qrupu arayış versin ki, Dağlıq Qarabağ məsələsi tənzimlənmək üzrədir və Ermənistanın iqtisadiyyatına müsbət yanaşma olsun. 2012-ci ildə onlar bu sənədi aldılar və “Fitch” reytinq təşkilatına verdilər. “Fitch” reytinq təşkilatı da sənədi Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna verdi. Onlar da bir müddət, 1-2 il Ermənistana kredit ayırdılar. Sonra gördülər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmur. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu hazırda Ermənistanla heç biri iri layihə reallaşdırmır.
Korrupsiya
Üçüncü səbəb Ermənistanın özünün daxilində baş verən hadisələrdir. Ermənistanda çox güclü şəkildə korrupsiya var. Orada bütün iqtisadiyyat 5-6 adamın əlində cəmləşib. Kim onların qohumudursa, yaxınıdırsa, iqtisadiyyatdan müəyyən pay umurlar və nəticədə müəyyən qədər dolana bilirlər. Kim ki, onlardan kənardı, iqtisadiyyatdan heç bir pay görmürlər deyə ölkədən qaçırlar.
Ədalətsizlik
Dördüncü səbəb isə Ermənistandakı ədalətsizlikdir. Ermənistan cəmiyyəti hədsiz ədalətsiz cəmiyyətdir. Ermənistanla bağlı iki fakt deyim vəziyyəti aydınlaşdırmaqdan ötrü. Orada vəkillər hədsiz çox incidilir. Bir vəkil var, Argişti Qvriçyan. Hökumətin xoşuna gəlməyən adamların hüquqlarını məhkəmədə müdafiə edirdi. Hökumət onu tutmaqdan ötrü, polis onu saxladı, cibindən öz evinin açarı çıxarıb dedilər soyuq silahdı. Onu üstündə soyuq silah gəzdirmək maddəsi ilə həbs elədilər. Ermənistanda Söz Azadlığı Komitəsi var. Orada Aşot Melkonyanın fikri var ki, Ermənistanda 2016-cı ilə nisbətən 2017-ci ildə jurnalistlərə olan hücumların sayı, mətbuat azadlığının, hüquq pozulmalarının sayı 2 dəfə artıb. Əhali görür ki, orada ədalətsizlikdir”.
Politoloq deyir ki, sadalanan səbəblər artıq yeni keyfiyyət mərhələsi yaradıb: “Yəni Ermənistandan köçənlərin sayı artıq təkcə miqrasiya problemi deyil, bu ciddi demoqrafiya probleminə çevrilib. Ermənistandan köçənlərin əksəriyyəti artıq ailələrini, övladlarını da aparır, demoqrafiq krizis yaranır. Miqrasiya probleminin yaratdığı krizislə, demoqrafik problemin yaratdığı krizis çox fərqlidir. Ermənistanda artıq yeni nəsil yoxdur, hərbiyə getməyə əsgər yoxdur. Əvvəllər adamlar Ermənistandan köçəndə özləri gedirdilər Rusiyaya, ailələri qalırdı Ermənistanda, ailələrinə pul köçürürdülər, ticarət gedirdi, bank işləyirdi, müəyyən iqtisadi dövriyyə var idi. Amma indi gedənlərin böyük əksəriyyəti ailəvi köçdüyü üçün Rusiyadan Ermənistana pul köçürmələrinin də miqdarı azalır. Yəni bu o deməkdir ki, vaxtilə miqrasiya kimi başlayan problem bu gün Ermənistanda demoqrafik krisiz yaradıb, nəsillərarası əlaqə demək olar ki, itib. Bu, eyni zamanda Ermənistan iqtisadiyyatında dərin tənəzzülün bünövrəsini qoyub”.
Günay Elşadqızı / METBUAT.AZ
“Onların bu addımı heç cəmiyyətdə hiss olunmur” – Elman Nəsirov