METBUAT.AZ

Siyasət

“Onların sosial bazası olsaydı, bu addıma sevinərdilər”

16 Fevral 2018 16:11

Xəbər verdiyimiz kimi, xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb.

Metbuat.az-ın məlumatına görə, petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir. Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Petisiya tərtibçilərinin tərkibi və iddiaları sual və gülüş doğurur. Seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına tam uyğundur, ona qarşı çıxmaq, yaxud bunu qanundankənarhesab etmək özü belə bu işin təşkilatçılarının hüquqi savadlarının və dünyagörüşlərinin məhdudluğunu aydın göstərir.

Avropa və müasir dünya dəyərlərindən danışan bu şəxslərin bu cür addımları ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, eləcə də sivil yaşam qaydalarına zidd olan bir hərəkətdir. Öz şəxsi maraqlarına görə Avropa ölkələrinə yaşamağa getmiş bu insanlar guya “təqib və təhlükə altında yaşamaqdan qaçaraq Avropa ailəsinə siğınmağı” iddia etsələr də, məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır.

Azərbaycan müstəqil, hüquqi dövlətdir və burada bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun qəbul edilir və həyata keçirilir. Azərbaycanda əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik var. Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini pisləyir, belə cəhdlərə ən yaxşı cavab onun təşəbbüsçülərin xalq tərəfindən bütün dəstəkdən məhrum olmasıdır.

Millət vəkili Elman Nəsirov Metbuat.az-a açıqlamasında bildirib ki, bu yeni hadisə deyil, zəiflərin və qorxaqların davranışıdır: “Onlar açıq mübarizəyə girməkdən çəkinirlər, çünki labüd məğlubiyyətlərinin fərqindədilər. Bilirlər ki, seçkilərdə qalib gəlməyin yeganə yolu xalqın etimadını qazanmaqdan keçir, hakimiyyətin mənbəyi xalqdır. Lakin onların heç bir sosial bazası olmadığından belə olan vəziyyətdə onlar qarayaxma kampaniyasına başlayırlar. Seçkilərin nəticəsini indidən şübhə altına salmağa çalışırlar. Hesab edirəm ki, bunlar mənasız şeylərdir. Əslində onları da başa düşmək olar, çünki məhz bu dırnaqarası fəaliyyətlərinə görə, müəyyən xarici anti-azərbaycan dairələrin vəsait alırlar və bununla da öz həyatlarını təmin etmək istəyirlər”.

Millət vəkilinin sözlərinə görə, “5-ci kalon” funksiyasını həyata keçirmək istəyən qüvvələrdən başqa nə gözləmək olar ki?: “Onlar üçün heç bir dəyər yoxdur, vətən sevgisi, torpaq sevgisi onlar üçün yaddır. Onlar öz ağalarının dediklərini həyata keçirmək üçün istənilən çirkin oyuna əl ata bilirlər. Əgər onların sosial bazası olsaydı, öz fəaliyyətləri ilə xalqın etimadını qazansaydılar, əksinə sevinərdilər ki, seçkilərin vaxtının dəyişməsi onların hakimiyyətə gəlməklə bağlı arzularının tezləşməsinə gətirib çıxara bilər. Amma məsələ ondadır ki, əgər radikal müxalifət bir mitinqə bütün qohum-əqrəbasını bir yerə yığıb 800 adam toplaya bilirsə, bu qədər adamla hakimiyyətə gəlmək olar?

Bu, gün kimi hər kəsə bəlli olan məsələdir ki, onların bu cənfəşanlığının, qışqır-bağırının arxasında nələr dayanır. Birincisi o dayanır ki, özləri üçün xarici havadarlarından gələn vəsaiti artırırlar. Ikincisi də çalışırlar ki, Azərbaycandakı hakimiyyət-xalq birliyinə kölgə salsınlar, bu niyyətləri həyata keçirirlər.

Xalqımız müdrik xalqdır, 1990-cı ilin əvvəllərində bu qüvvələrin fəaliyyətini görüb. Ona görə də bu qüvvələr ancaq suyu bulandırmaqla məşğuldular və artıq onların bu qışqırığı, hay-küyünün heç bir təsiri yoxdur. Olsa da ancaq 700-800 nəfər qohumlarına, dostlarına təsir edə bilər. Ondan kənarda onların heç bir təsir qüvvəsi yoxdur.

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Indidən əminliklə söyləmək olar ki, mütləq əksəriyyətin etimadını qazanan prezidentimiz cənab İlham Əliyevə xalqımız növbəti dəfə səs verəcək. Cənab prezidentə səs vermək o deməkdir ki, Azərbaycan bundan sonra da iqtisadi inkişafına, tərəqqisinə, xalqın səs verməsinə dəstək verməkdir. Cənab prezidentə səs vermək bu təhlükəsizliyə, bu inkişafa səs verməkdir. Prezident İlham Əliyevə səs vermək Azərbaycanın uğurlu gələcəyinə səs vermək deməkdir. Xalqımız bunu dərk edir, qiymətləndirir və inanırıq ki, aprelin 11-də bu reallıqlar öz əksini tapacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Neft-qaz strategiyamız dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edir” – Vahid Əhmədov


metbuat.az.