8 Fevral 2018 09:49
Xəbər verdiyimiz kimi, Ermənistanda martın 2-də prezident seçkiləri keçiriləcək.
Metbuat.az-ın məlumatına görə, builki seçkilərdə ilk dəfə Ermənistan Parlamenti növbəti 7 il üçün prezidenti seçəcək. Hazırki prezident Serj Sarkisyan bəyan edib ki, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan Respublika Partiyasının namizədidir.
Ermənistandakı seçkilərlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Zahid Orucun sözlərinə görə, Ermənistanda seçkilər 2018-ci ilin reallığında fərqli qanunlar və Konstitusiya tələbləri arxasında keçiriləcək:
“Biz sırf hüquqi tərəflərinə nəzər yetirsək, məsələnin siyasi tərəflərini unuda bilərik. Doğrudur, ümumxalq səsverməsindən, kampaniyalardan, konkret platformalardan söhbət açılmır. Ermənistanın 26 illik müstəqillik tarixində ilk dəfə dövlətin birinci şəxsi parlamentdə müəyyənləşəcək. Bunun da özünəməxsus səbəbləri var. Serj Sarkisyan 2015-ci ildə Konstitusiya danışıqlarına getdi və müddətlə bağlı məsələləri deyil, idarəetmənin formasının dəyişilməsi vasitəsilə hakimiyyətdə qalmaq yolunu tutdu. Belə olan təqdirdə prezident üçün nəzərdə tutulan səlahiyyətlərin böyük bir hissəsi avtomatik olaraq hökumətin rəhbərinə keçdi. Martın 2-dən sonra prezidentli idarə üsulundan parlamentli modelə keçəcək. Belə olan halda hadisələrin inkişaf ssenarisi necə ola bilər? Hər bir halda formal da olsa, Sarkisyan öz əyləşdiyi kabinetdən çıxıb gələcək Baş nazirin olduğu binaya. Bu, mexaniki bir yerdəyişmə deyil. Artıq bildiyiniz kimi namizəd bəllidir, hakim partiya Böyük Britaniyadakı səfiri üzərində qərarlaşıb. Bununla da belə fikirlər mövcuddur ki, Ermənistan tərəfi Qərbə hansısa mesajlar verməyə çalışır ki, izolyasiyadan çıxmaqda maraqlıdır. Ancaq erməni daxili həyatını təhlil edəndə, iqtisadi durumunu, hərbi vəziyyətini, sərhədləri qoruyan qüvvənin kimliyini və yaxud “İskəndər” raketini, Gümrü Hərbi Bazasını göz önünə gətirəndə hər kəsə bəllidir ki, buradan çıxıb başqa bir qütbə keçid eləmək qeyri-mümkündür”.
Millət vəkilinin sözlərinə görə, hazırki dövrdə bəllidir ki, yeni hökumətin seçilməsi ilə, formalaşması ilə, daha artıq dərəcədə Sarkisyanın diqtəsi altında tam qərarlaşması ilə, əvvəlki kimi bütün ipuclarını əldə saxlamaq mümkün olacaq: “Yəni həm iqtisadi qruplar var, müxtəlif maraq dairələri, elitaları var, mədəni sferada olan daiərlər mövcuddur. Bütün bunların hamısı təzədən Sarkisyanı bir qüvvə kimi tanıyıb ona tabe olacaqlarmı və yaxud onun nəzarəti altında qalmağa davam edəcəklərmi? Bu, çox mühüm sualdır. Digər tərəfdən, bir çoxları hesablayır ki, Ermənistanda 20 ildən artıqdır ki, hakimiyyət Qarabağ müharibəsinin üzərində formalaşır. Yəni əsas bazis nöqtəsi savaş olub. Indi birdən əgər Sarkisyan prosesləri öz pəncəsi altında saxlaya bilməyəcəksə, bu, cəbhədəki vəziyyətə təsir göstərə bilərmi? Yəni sülh danışıqlarının gələcəyində iştirak etməyə çalışacaq və Amerikanın regiona təşrif buyuran dövlət katibliyinin nümayəndəsi Bricit Brink görüşlər vasitəsilə görəcək ki, seçkilərdən sonra legitim rəhbərlik kim olacaq və onlar danışıqları gələcəkdə kiminlə davam etdirəcəklər. Lakin Bricit Brink də, digər şəxslər də, Amerikanın və yaxud Avropa Birliyinin hər bir yetkililəri də yaxşı bilirlər ki, Rusiya Sarkisyanın davamlılığına qərar verib. Belə olan təqdirdə bu Qarabağdakı proseslərə necə təsir göstərə bilər? Mənə elə gəlir ki, ən önəmli məsələ Vladimir Putinlə İlham Əliyev arasındakı razılaşmalardır. Əgər burada konkret olaraq Azərbaycanın müəyyən ərazilərinin azad olunması fonunda proses ölü nöqtədən tərpənəcəksə, bu, avtomatik ATƏT-in Minsk qrupunun da üzərindən xətt çəkəcək, Qərbin də maraqları burda ziyan çəkəcək. Bundan sonra isə Azərbaycan Rusiya ilə münasibətlərini daha da yaxınlaşdıra bilər. Belə olan halda Sarkisyanın fəaliyyətinə davam etməsi bizim üçün ziyan törətmir. Hər bir halda cəmi 2 ay ərzindəki bu situasiyalar müəyyənləşəcək və hansı mərhələyə daxil olduğumuzu görəcəyik”.
Günay Elşadqızı / METBUAT.AZ