16 Mart 2018 16:41
Prezident İlham Əliyev ötən gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edildiyini xatırladıb.
Metbuat.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, ilk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib: “İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik”.
Millət vəkili Fəzail İbrahimli Metbuat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan daima məngənədədir, şimaldan, cənubdan, şərqdən, qərbdən müstəqilliyimizə qarşı olan qüvvələr var: “Azərbaycanın geosiyasi durumu, vəziyyəti, böyük dövlətlərin ölkəmizə marağı, bu maraqların altındakı məkrli niyyətlər və bu məkrli niyyəti reallaşdırmaq cəhdləri daima mövcuddur. Azərbaycanın böyük inkişafı təbii ki, bizi sevməyən dövlətlərdə, insanlarda qıcıq yaradır. Ona görə də bu inkişafın qarşısını almaq, Azərbaycanı özündən asılı vəziyyətə salmaq, idarəolunan bir dövlətə çevirmək, əhalini qarşı-qarşıya qoyub vətəndaş müharibəsi törətmək istəyi hələ də sönməyib. İmperiya ambisiyyası ilə yaşayan qüvvələr hələ də yaşayır. Ona görə də cənab prezidentin bu fikrində bir çağırış var ki, ey azərbaycanlılar, bilin və başa düşün ki, bu dövləti qorumaq, saxlamaq, bütövlüyünü təmin etmək o qədər də asan iş deyil.
Hər kəs bu fikirdən öz payını götürməlidir. Azərbaycan müstəqilliyinin, əldə etdiyimiz sabitliyin qorunub saxlanması üçün hər kəsin üzərinə bir vəzifə düşür. Biz düşmənlə üz-üzə qalmışıq, sərhəddən şəhidlərimiz gəlir, bunlar elə-belə şeylər deyil. Bu torpağı, vətəni, müstəqilliyi qorumaq böyük şərəf işidir. Bunu hələ 1919-cu ildə Üzeyir Hacıbəyov deyirdi. O, deyirdi ki, “biz qara günləri hər an xatırlamalıyıq, heç vaxt yaddan çıxarmamalıyıq, bunun üçün daima hazır olmalıyıq”. Üzeyir Hacıbəyov onu deyəndə 1918-ci ilin 31 mart soyqırımını nəzərdə tuturdu. Bu gün də cənab prezidentin dedikləri bir çağırışdır ki, ehtiyatlı olmaq lazımdır, dövlətin ətrafında sıx birləşmək lazımdır. Dünyaya baxmaq lazımdır, Yaxın Şərqin od içində yandığını görmək lazımdır”.
Günay Elşadqızı / METBUAT.AZ
“Dördtərəfli görüş və Bakı Bəyənnaməsi Ermənistanda təşvişlə qarşılanıb” – Elman Nəsirov