13 Mart 2018 11:49
Xəbər verdiyimiz ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu əslində Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı Amerikadır. Yəni ABŞ-ın o vaxt SSRİ-ni dağıtmaq üçün, SSRİ-nin daxilində olan iqtisadi çətinliklərdən, çoxmillətli olmasından, çoxmillətli olduğu üçün millətlərarası ədavətdən istifadə etmək planı var idi, onun əsasında da SSRİ-ni dağıtdı: “Amerikada, Rusiyada ermənilərin yaşamağı ABŞ-a şərait yaratdı ki, onların xüsusi xidmət orqanları Amerikadakı ermənilərlə Rusiyadakı erməniləri birləşdirib SSRİ-nin əleyhinə çevirdilər, həmin proseslər isə Dağlıq Qarabağdan başladı. SSRİ-nin prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri var idi - Abel Aqanbeçyan. Təsəvvür edin, o, SSRİ-nin iqtisadi problemlərini təhlil edirdi və o, Fransanın yumoristik qəzetinə müsahibə zamanı SSRİ-nin iqtisadi probleminin həlli yolu kimi göstərib ki, gərək Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSRİ-dən ayrıla və Ermənistan SSRİ-yə birləşə, bununla da SSRİ-nin iqtisadi problemlərinin həlli başlaya bilər. Ermənilər o zaman belə bu dərəcədə SSRİ-nin rəhbərliyində yerləşib və Amerikanın sözü ilə SSRİ-nin əleyhinə işləyirdilər.
1987-ci ildən etibarən ABŞ Dövlət Departamentinin SSRİ Xarici İşlər Nazirliyinə müraciəti olub. 1989-cu ildə ABŞ Konqresinin iyun və noyabr qətnamələri var. O qətnamələr hətta SSRİ hökumətindən tələb edir ki, separatçıların Dağlıq Qarabağ Komitəsi var idi, o komitə SSRİ hökuməti ilə bərabər tərəfli stol arxasında oturub dialoq aparsın. Həmin qətnamələrə görə, guya biz, Dağlıq Qarabağda erməniləri, eyni zamanda yəhudiləri, gürcüləri qırmışıq, gürcükəri blokadaya almışıq. Amerika o dövrdə bizim üstümüzə elə böyük bir şər atdı. Sonradan da rəhmətlik Elçibəyin dövründə gördüz ki, Amerika 907-ci düzəlişi təsdiq elədi ki, biz erməniləri blokadaya almışıq. Əslində isə ermənilər özləri-özlərini blokayada salıblar. Onlar hətta Azərbaycanın bir hissəsi olan Naxçıvana da blokadaya salıblar”.
Politoloqun sözlərinə görə, indi Amerika hökumətinin içərisində də, Konqresdə də müəyyən bir qrup var və onlar daima çalışırlar ki, Dağlıq Qarabağ müstəqil olsun: “Amerikanın Ermənistandakı keçmiş səfiri Con Evans var, o, “erməni soyqırımı” terminini işlətdiyi üçün onu səfirlikdən uzaqlaşdırdılar. İndi o başlayıb Qarabağ məsələsi ilə məşğul olmağa. O, Bako Saakyanın Amerikaya səfəri çərçivəsində mətbuata müraciət elədi ki, guya Amerika Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Dağlıq Qarabağın müstəqil olması, Azərbaycanın tərkib hissəsindən ayrılması üçün Amerikada daima işləyən qrup var. O qrupun 50%-i əgər Amerikadakı erməniləridirsə, digər 50%-i də ABŞ-ın Konqresində, Dövlət Departamentində, Ağ Evdə oturublar. ABŞ-ın Prezident Aparatı olan Ağ Evdə erməniləri dəstəkləyənlərin sayı azdır, amma var. Dövlət Departamentində də var, amma ABŞ siyasətində ermənipərəstələrin ən çox cəmləşdiyi yer Konqresdir. Yəni, həmin o qrup daima çalışır ki, Dağlıq Qarabağın adı ABŞ-da hallansın, Bako Saakyanı dəvət eləsinlər. Azərbaycanın xəbəri olanda, ABŞ-ı xəbərdar edəndə, ABŞ qabağını alır, bir-iki dəfə belə olub. Bu dəfə görünür həmin adamlar gizli iş görüblər, ABŞ-da bilərəkdən bunu ictimailəşdirməyiblər ki, səfər baş tutsun. Mənim hesablamama görə, Bako Saakyan ABŞ-a uçan zaman, təyyarədə olanda məlumat yayıldı ki, o, Amerikada görüş keçirəcək.
Bizim Xarici İşlər Nazirliyi bu məsələni necə Fransa ilə geniş şəkildə müzakirə edibsə, eyni qaydada Bako Saakyanın ABŞ-a səfərini də o cür müzakirə etməlidir. ABŞ-dan tələb etməlidir ki, bu, separatizm hərəkətidir, 30 il bundan əvvəl ermənilər müstəqillik istəməyiblər, 30 il qabaq Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəyiblər. Biz, Dağlıq Qarabağdan ABŞ-a səfər etmək istəyən istənilən adamın qarşısını almalıyıq. O da nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ hərəkatının indi elan etdiyi prinsiplər əvvəl elan etdiyi prinsiplərlə tamamilə fərqlidir. Yəni, Dağlıq Qarabağ erməniləri əvvəl Azərbaycandan ayrılmaq istəyirdilər, indi isə beynəlxalq ictimaiyyəti aldadırlar ki, bunlar müstəqil olmaq istəyirlər. ABŞ, bunu nəzərə almalıdır. Ona görə də hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi Fransa ilə necə iş görmüşdüsə, eyni qaydada ABŞ rəsmilərini nəhayət başa salmalıdılar. Düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi yaxın zamanlarda bu istiqamətdə iş görəcək”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin ABŞ-ın Azərbaycana nota verməsi ilə bağlı məlumatında bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. Eyni zamanda ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, notada Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəliklərini vicdanla yerinə yetirməli olduğunu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub. H.Hacıyev bildirib ki, ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edir: "Post-sovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır.
ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur. Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub. ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək.
Günay Elşadqızı / METBUAT.AZ
“Onlara baxanda mehriban düşmənlər kəlməsi yadıma düşür” – Partiya rəhbərlərindən açıqlama