METBUAT.AZ

Siyasət

“Ermənilər bu cür informasiya yaymaqla Qarabağdakı vəziyyəti daha da gərginləşdirməyə çalışırlar”

16 Mart 2018 15:32

Xəbər verdiyimiz kimi, Türkiyənin baş naziri Binəli Yıldırım ötən gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə də toxunub.

Metbuat.az-ın məlumatına görə, Baş nazir bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır: “Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Ceyhun Əhmədli bidirib ki, Türkiyə rəhbərliyinin belə bir açıqlama verməsi təqdirəlayiq haldır, həm də gözləniləndir: “Çünki Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və strateji müttəfiqlər hər zaman bir-birinə dəstək olmalıdır. Türkiyə dövlətinin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı Azərbaycanın maraqları çərçivəsində belə açıqlamaları çox veriblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən ali kürsürlərdən Azərbaycan torpaqlarının 20% torpağının işğalda olması, 1 milyondan artıq Azərbaycan vətəndaşının etnik təmizləməyə məruz qalması, eyni zamanda Xocalı soyqırımı və bu kimi hallarla bağlı dəfələrlə bəyənatlar verib.

Bu təbii ki, müsbət haldır və ikitərəfli strateji əməkdaşlığın tələblərindən biridir. Bu baxımdan Türkiyə Baş nazirinin ötən gün VI Beynəlxalq Bakı Forumunda verdiyi açıqlama bizim üçün oduqca həm təqdirəlayiq hal kimi qəbul edilməlidir, həm də sevindiricidir. Türkiyə ilə Azərbaycanı bir çox məsələlərdə birləşdirən dəyərlər var. Hər iki dövləti birləşdirən siyasi, tarixi, nəzəri və digər sferalarda əməkdaşlıq münasibətləri mövcuddur”.

C.Əhmədlinin sözlərinə görə, Türkiyə mətbuatında qardaş dövlətinDağlıq Qarabağa qoşun yeritməsi, Afrində keçirilən əməliyyatların eynisinin bizim işğal olunan torpaqlarda da keçirilməsi ilə bağlı məlumatlar gəzir: “Belə təəssüratlar gəzir ki, Azərbaycanla Türkiyə Dağlıq Qarabağda birgə hərbi əməliyyatlar keçirəcək. Ancaq Dağlıq Qarabağ Azərbaycanın daxili işidir. Azərbaycan dövləti bu münaqişəni hansı yolla olursa-olsun həll edəcək. Təbii ki, Azərbaycan dövlətinin rəhbərliyi bəyan edir ki, sonuna qədər sülh yoluna sadiqik və münaqişənin nizamlanması prosesində qan tökülməsini istəmirik, məsələnin danışıqlar yolu ilə ədalətli həllinə nail olmağa çalışırıq. Amma Azərbaycan Dağlıq Qarabağda hər an hərbi əməliyyatlara başlaya bilər və beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın yanındadır. Çünki BMT nizamnaməsinin 51-ci maddəsində qeyd olunur ki, işğala məruz qalmış dövlət öz torpaqlarını ya təkbaşına, ya da digər ölkələrlə mütəffiqlik münasibətləri ilə hərbi yolla işğaldan azad etmək hüququna sahibdir.

O ki, qaldı Türkiyənin Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirməyinə, bu, mümkün deyil. Hesab edirəm ki, indiki şəraitdə proseslərin bu cür inkişafı Azərbaycanın əleyhinə işləyə bilər. Çünki aydındır ki, Türkiyənin Dağlıq Qarabağa qoşun yeritməsi, oradakı anti-terror əməliyyatlarında iştirak etməsi Rusiyanı qıcıqlandıra bilər. Ermənistan tərəfi də ona nail olmaq istəyir. Əslində o şaiyələrin əsası elə Ermənistan mətbuatında yayılıb. Hər dəfə Ermənistan mətbuatında Türkiyə Dağlıq Qarabağa gəlir, Azərbaycanda hərbi baza yaradır kimi təxribatlı fikirlər yayılır. Daha sonra bu barədə Türkiyə mətbuatı yazır. Burada məqsəd Türkiyəni təxribata çəkmək və Azərbaycanı döyüş meydanına çevirməkdir. Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, Türkiyənin Dağlıq Qarabağa gəlməsi, orada anti-terror əməliyyatlarında iştirak etməsi Rusiyanı qıcıqlandıra bilər. Məqsədli şəkildə bu cür informasiyaları ortaya atmaqla Qarabağdakı vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Dağlıq Qarabağı işğaldan azad etmək üçün Azərbaycanın güclü, nizamlı ordusu var. Ordumuz torpaqlarımızı çox qısa müddət ərzində işğaldan azad etmək qüdrətinə malikdir”.

Günay Elşadqızı / METBUAT.AZ


metbuat.az.