METBUAT.AZ

Siyasət

“Ermənilərin başqalarını Azərbaycana qarşı qoyması bizdə qorxu mühiti yaratmır”

7 Mart 2018 14:20

“Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə, təşkilat Xankəndinə hərbi dəstək verməyəcək”.

Metbuat.az xəbər verir ki, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov bildirib. News.am saytının məlumatına görə, Sidorov bildirib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var: “KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil”.

Məsələ ilə Metbuat.az-a açıqlama verən millət vəkili, Parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, uzun illərdir Azərbaycanın istər adi vətəndaşları, istərsə də rəsmi orqanları hər zaman o mövqeni ifadə ediblər ki, biz, regionda formalaşan hər hansı hərbi ittifaqlardan özümüzə qarşı təhlükə gözləmirik: “Birinci növbədə ona görə ki, Azərbaycan Kollektiv Təhlükəsizlik sənədində, o müqavilə içərisində yer alan dövlətlərə qarşı müharibə və yaxudbaşqa dairələrin körüklədiyi savaşı aparmır. Biz indiyə qədər hansısa dövlətdən və ya təşkilatdan gələn təhlükə siqnallarını özümüzdən ikinci, üçüncü dövlətlərə qarşı ötürmək üçün bir səngər düzəldib buradan hansısa dövlətin əleyhinə cəbhə açmışıqmı? Xeyr! Bizi burada kimsə Qərbin forpostu sayırmı? Əsla yox! Belə olan təqdirdə biz düşünməliyik ki, burada önəmli məsələ Azərbaycanın siyasətidir. Yəni, Kollektiv Təhlükəsizlik modelində yer alan, özünü Rusiya vasitəsilə qorumağa çalışan bir çox dövlətlər – məsələn, Qırğızıstan, Belarus, Qazaxıstan axı Azərbaycandan indiyə qədər hər hansı bir separatizm, təxribat, diversiya görməyib. Azərbaycan əsgəri məgər Belarus üçün indiyəqədərki dövr ərzində gedib hansısa bir siyasətdə yer alıb və ya təxribatlarda iştirak edib? Təbii ki, belə hadisələr olmayıb. Xatırlayırsınız, 2016-cı ilin aprelində 4 günlük müharibədən bir neçə gün sonra İrəvanda həmin hərbi ittifaqın tədbiri olacaqdı. Ancaq o dövlətlər iclasa qatılmadılar. O zaman Sarkisyan üçün bu, çox ağır zərbə idi. O, həm hərbi, həm də siyasi zərbə almış durumda bəyan elədi ki, “biz belə gözləmirdik, onlar düzgün hərəkət etmirlər, mütəffiqlik münasibətlərinə sığmayan addım atırlar”.

Hətta Sarkisyan, Nursultan Nazarbayevi və Aleksandr Lukaşenkonu günahlandırdı ki, onlar İlham Əliyevin hansısa bir sifarişini və ya sözünü yerinə yetirirlər. Halbuki reallıq ondan ibarət idi ki, o dövlətlər bəlkə də NATO-dan və digər dairələrdən müxtəlif hərəkətlər gördükləri təqdirdə ona qarşı reaksiya verərlər, amma çox yaxşı bilirlər ki, Azərbaycan ordusu gedib Belarusda və ya Qazaxıstanda hansısa separatçı proseslərdə iştirak edəsi deyil. Ermənilər nəyə görə özlərini gətirib onların ümumi çətirinin altında qorumaq istəyir ki? Qazax əsgəri gəlib onlardan ötrü vuruşmalıdır? Niyə, nə səbəbə? Belarus xalqı bizimlə Sovet dövründə də, indi də hər zaman yaxşı əlaqədə olub. Ulu öndərimizin zamanından Lukaşenko hər zaman ölkəmizin bütövlüyünün müdafiəsini həm də onunla əsaslandırıb ki, biz, çətin dövrlərdə onlarda dayaq olmuşuq, maddi-mənəvi yardım göstərmişik.

Belə olan təqdirdə Kollektiv Təhlükəsizlik Birliyi gəlib Qarabağda nə adla bizimlə savaş aparacaq ki? Biz nə edirik ki? Gedib Rusiya torpağında və ya digər ərazilərdə hansısa bir üçüncü, dördüncü dövlətin mənafeyi üçün addımlar atmırıq axı. Belə olan təqdirdə ermənilərin bu təşkilat adından alver etməsi, özlərini onların müdafiəsi altında göstərməsi və başqalarını Azərbaycana qarşı qoyması ölkəmizdə heç bir qorxu mühiti yaratmır.

Qaldı ki, həmin şəxsin verdiyi bəyənata, bu bəyənat çox yaxşı zamanda verilib. Çünki bilirsiz ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Birliyinə hazırki dövrdə rəhbərlik edir və onun Qarabağ işğalında iştirak edən təmsilçiləri orada katib olaraq vəzifə daşıyır. Çəkisi, eni-uzunu bir-birinə bərabər olan, Azərbaycanın işğal olunmuş ərazilərində varını-dövlətini talayıb yeyən bir ölkə dediyiniz kimi, müftə pullarla sadə, sıravi insanların orada qoyduğu əmlakla istəyirlər ki, Kollektiv Təhlükəsizliyə bir xətt qoysun, siyasət sırısın, bu isə alınmır. Reallıq tamam fərqli mənzərədir. Bizim ölkəmiz üçün ən mühüm siyasət ondan ibarətdir ki, Rusiya ilə yaxşı əlaqələrimiz mövcuddur, digər dövlətləri də Ermənistanın müttəfiqi olmağa imkan vermirik. Prezident İlham Əliyevin siyasətinin məntiqi, əsas hədəfi buna yönəlib. Ona görə də qeyd etdiyiniz bəyənat çox yerinə düşür, biz bunu alqışlayırıq. Hesab edirik ki, Azərbaycan öz ərazilərini azad etdikdə həqiqətən də o dövlətlər prosesə müdaxilə etməyəcəklər və nəhayət, bu münaqişə bitəcək, bölgəyə normal sülh, əmin-amanlıq gələcək”.

Günay Elşadqızı \ METBUAT.AZ

“Danışıqlar Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək” – Millət vəkilləri


metbuat.az.