2 Mart 2018 17:24
Yola saldığımız fevral ayı bir sıra mühüm siyasi proseslərlə yadda qaldı. Ötən ayın ən mühüm hadisəsi prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı Sərəncam verməsi idi.
Politoloq Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, fevral ayı həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən mühüm bir ay kimi yadda qaldı:
“Bir çox vacib məqamlarla yanaşı, maraqlı olan həm də o idi ki, məhz Azərbaycanda gedən bir sıra reformalara beynəlxalq qurumlar tərəfindən müsbət qiymət verildi. İqtisadiyyatın stabilləşməsi ilə bağlı, eyni zamanda kənd təsərrüfatı və digər istiqamətlərdə mühüm addımların atılması, Sənaye Parklarının yaradılması məsələləri müsbət dəyərləndirilib. Hərbi cəhətdən müxtəlif dövlətlərlə ikitərəfli əlaqələr, eyni zamanda NATO standartlarına uyğun olan bir sıra müqavilələrin imzalanması, xarici diplomatiyada bildiyiniz kimi, Avropada və digər ölkələrdə keçirilən mühüm əhəmiyyətli tədbirləri qeyd etmək olar.
Bildiyiniz kimi, regionda seçkilər ilidir. Həm Ermənistan, həm Rusiya, həm də Azərbaycanda seçkilərlə bağlı addımlar atıldı. Bunun Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir edəcəyi ilə bağlı bir sıra məqamlar yadda qaldı. Qonşu dövlətlərdə bununla bağlı hansı addımların atılmasını Azərbaycan diqqətlə izlədi və özü üçün mühüm nəticələr çıxardı. Yəni demək olar ki, fevral ayı müəyyən iqtisadi, siyasi və hərbi problemlərlə bağlı başlanğıc ayı kimi yadda qaldı”.
Metbuat.az-da ötən ay baş verən bir sıra mühüm siyasi məsələləri qeyd etmişik:
Fevral ayında prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı verdiyi Sərəncam verib. Bundan əlavə, fevralda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib və prezident İlham Əliyevin namizədliyi irəli sürülüb.
Ötən ay prezident İlham Əliyev yeni icra başçılarının təyin olunması ilə bağlı da Sərəncam imzalayıb. Dövlət başçısının Sərəncamı ilə Əziz İmran oğlu Əzizov Cəlilabad rayonu icra başçısı vəzifəsindən azad edilib və Yasamal Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Dövlət başçısının digər bir Sərəncamına görə, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan əlavə, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib. Digər tərəfdən, Azərbaycan prezidentinin Sərəncamı ilə Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri təyin edilib. Qasım Əliyev isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin olunub.
Ötən ay bir neçə ölkəyə səfir və konsul təyinatı da olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Pərviz İsmayılzadə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib. Digər tərəfdən, Şahin Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, Rəşad İsmayılov Qətər dövlətində, Rasim Rzayev isə İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Bundan əlavə, “Sülh naminə musiqi” layihəsinin üzvləri - Argentina vətəndaşı, musiqiçi Xuan Manuyel Domingez, Rusiya vətəndaşları, musiqiçi Mariya Nemtsova, Vitali Vatulya, Dmitri Uvarov, Yevgeni Novikovun və Rusiya vətəndaşı, bloqer Svetlana Sarıçeva Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş ediblər. Onların müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Fevralda növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatlara müraciət edilib. Bundan əlavə, ay ərzində bir sıra vacib şəxslər Azərbaycana səfər edib və mühüm görüşlər keçirilib.
Günay Elşadqızı / METBUAT.AZ
“Ermənistan Konstitusiyasında olan dəyişikliklərin hamısı Sarkisyan üçündür” – Millət vəkili