METBUAT.AZ

Siyasət

“Gürcüstanda hansı siyasi qüvvə iqtidarda olsa, Azərbaycanın əvəzolunmazlığını qəbul etməlidir”

14 Mart 2018 16:01

“Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir”.

Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev iki gün öncə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşü zamanı deyib. Dövlət başçısı bildirib ki, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var: “Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır. Məhz həmin münasibətlər əminəm ki, bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək”.

Baş nazir Giorgi Kvirikaşvili isə qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Azərbaycan Gürcüstan üçün birinci investisiya tərəfdaşıdır. Bu yaxınlarda dərc olunan statistik məlumatlara görə, səfərlərin sayına görə də Azərbaycan Respublikası Gürcüstan üçün birinci yerdədir. Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələri çox mühüm əhəmiyyətə malikdir.

Azərbaycan qazı “Cənub Qaz Dəhlizi” layihəsinin seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik kəmərləri ilə sonradan Avropaya nəql ediləcək. Bu layihələr iqtisadi və geosiyasi baxımdan çox mühümdür. Regional formatlarda əməkdaşlığımız çox vacibdir. Həm siyasi məsləhətləşmələr, həm də qlobal formatda əməkdaşlığımız mövcuddur. Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Bu, bizim strateji əlaqələrimizin göstəricisidir”.

İki ölkə arasındakı münasibətlər barədə Metbuat.az-a məlumat verən millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Zahid Oruc bildirib ki, SSRİ dağılandan sonra Cənubi Qafqazın müstəqilliyini qazanan iki dövləti arasında yaxşı əlaqələr formalaşıb: “İlk illər ortada olan çətinlikləri kənara qoyaraq siyasi, iqtisadi, mədəni və xalqlar arası digər sahələrdə yaxşı tərəfdaşlıq formaşalıb və bu, getdikcə möhkəmlənməkdədir. Biz ona görə 1990-cı illərə qayıtdıq ki, Zviad Qamsaxurdianın millətçi hərəkatının hakimiyyətə gəlməsi fonunda uzun illər azərbaycanlıların oradan sıxışdırılıb çıxarılması və diskriminasiyaya məruz qalmasını görürdük. Ondan sonrakı illərdə də bu, təhsil, idarəetmə, sosial və digər ictimai sferalarda özünü göstərirdi. Amma hər bir halda XXI əsrdən başlayaraq, xüsusilə Mixail Saakaşvilinin hakimiyyəti dövründə Azərbaycanla yaxşı təmasların qurulması ona imkan verdi ki, bu iki dövlət özünün müstəqilliyini qoruyub saxlasın. Xüsusilə də biz onu nəzərə almalıyıq ki, ölkəmizin verdiyi strateji qərarlar, yəni, neft-qaz kəmərləri, həmçinin dəmir yolu layihələrinin hər birinin Gürcüstan üzərindən keçməsi, bir tərəfdən Ermənistanın məlum hərbi aqressiyasından gürcülərin maksimum dərəcədə bəhrələnməyinə imkan açdı. Digər tərəfdən, ermənilərin nə qədər böyük fəlakətə düçar olduğunu və itirdiklərini ortaya qoydu. Üçüncüsü isə, Azərbaycan Gürcüstan üzərində bir mənəvi, siyasi, həmçinin iqtisadi təsiretmə imkanlarını qazandı.

Bilirsiz ki, investisiyalar qoymaq əslində o anlama gəlir ki, sən həmin ölkədə geniş səviyyədə ictimai həyata nələrisə diqtə edə bilirsən. Bu özü-özlüyündə mühüm infrastrukturlarda yer almaq deməkdir, həmçinin iqtisadi həyatda aktiv iştiraka səbəb olur. Azərbaycan öz müstəqilliyini həm də sanki Gürcüstanda möhkəmləndirmək istəyir”.

Millət vəkilinin sözlərinə görə, bizim siyasi aləmdə, o cümlədən ictimai təşkilatlar içərisində bir qədər belə yanaşmalar da mövcuddur ki, Gürcüstan tərəfi bizim məlum konflikt səbəbinə görə, Ermənistanla arada yaşanan düşmənçiliyimizdən maksimum dərəcədə mənfəət götürməyə çalışır: “Bildiyiniz kimi, neftin daşınmasında tranzit tariflərindəki güzəşt, qaz layihələrində də onların eyni mövqeni tutmağa çalışması, digər tərəfdən, dəmir yolunun çəkilişində əldə elədikləri böyük miqdarda kreditlər dediklərinə sübut kimi təqdim olunur. Ancaq nəticədən asılı olmayaraq, bizim Qərbə yeganə çıxış yolumuz Gürcüstandır. Orada hansı siyasi qüvvə iqtidarda olursa-olsun, onlar Azərbaycan dövlətinin önəmini, əhəmiyyətini, əvəzolunmazlığını qəbul etməlidilər. Bilirsiz, Bidzina İvanaşvilinin komandası hakimiyyətə gələndə onlar müxtəlif məsələlərə, yəni, Saakaşvilidən miras qalan siyasətin bir çoxuna sahib durmaq istəmirdilər, orada dəyişikliyə əl atırdılar və bununla bağlı, hətta rəsmi Bakının əleyhinə də bir neçə addım atmaq istəmişdilər. Lakin sonrakı dövrdə realizm qalib gəldi və xalqın mənafeyini düşünən dövlət adamları nəhayət ki, həqiqət mövqeyinə qayıtdılar. Onun nəticəsində də bu gün dediyimiz kimi münasibətlər həm qarşılıqlı səfərlər vasitəsilə özünü göstərir, həm də yeni-yeni müqavilələr bağlanır.

Bildiyiniz kimi, Gürcüstanın daxili iqtisadi resursları çox zəifdir. Çünki güclü təbii zənginliyə malik deyil, o sırada da yeganə olaraq Saakaşvili tərəfindən qurulan şəraitdən, qanunçuluqdan bəhrələnirlər. Bu, turizm sahəsində də özünü göstərir, həmçinin digər müxtəlif vasitələrlə çalışırlar ki, xalqı ayaqda saxlasınlar. Yekun ondan ibarətdir ki, biz, bundan sonrakı dövrdə də Gürcüstanın maksimum dərəcədə Azərbaycana etibarlı bir tərəfdaş olmağını istəyirik. Düzdür, fərqli xarici siyasət parametləri var, yəni, artıq NATO-ya üzv olmaq, tamamilə Qərb ailəsinin təmsilçisinə çevrilmək, Rusiyadan qopmaq, regionda əlaqələri bir qədər zəiflətmək mövqeyi var. Bütün bunlara baxmayaraq, uzlaşma nöqtələri çoxdur. Elə hesab edirəm ki, rəsmi Tbilisi həmişə Bakıdan asılı olacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Yaponiya ilə əlaqələrimizdə yeni mərhələyə ehtiyac var” – Aydın Mirzəzadə


metbuat.az.