30 Mart 2018 16:34
“İranla Azərbaycan arasında bir çox sənədlər imzalanıb. Onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir”.
Metbuat.az məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhaninin İrana səfəri zamanı birgə mətbuata bəyənatlarla çıxış edən zaman bildirib. Dövlət başçısı qeyd edib ki, bu sənədlər tarixi əhəmiyyət daşıyır: “Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək”.
İran dövlət başçısı Həsən Ruhani isə qeyd edib ki, Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz var: “Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar. Hər iki xalq və başqa xalqlar da bu əməkdaşlıqdan faydalansınlar”.
Millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında qeyd edib ki, İranla Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir: “İran Azərbaycana qonşu və dost ölkədir. Bizim milli və mədəni adət-ənənələrimiz bir-birinə oxşayır. Son zamanlar İran rəsmilərinin Azərbaycana tez-tez səfərləri, Azərbaycan rəsmilərinin də İrana getməsi və yaxud ikitərəfli, üçtərəfli, dördtərəfli formatda görüşlərin keçirilməsi bu ölkələr arasındakı dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmlədib. İran prezidenti cənab Ruhaninin Azərbaycana sonuncu səfərini və səfər zamanı müəyyən məsələlərin müzakirə olunmasını demək olar ki, bu vaxta qədər həll olunmamış bir sıra məsələlərin həllinə atılmış addım kimi hesab etmək olar.
Məsələn, Xəzər dənizində İranla mübahisəli yataqlar var idi, dondurulmuş yataqlar adlandırılırdı. Bu yataqların birgə işlənməsi ilə bağlı razılıq əldə olunub. Bu razılığın əldə edilməsi o deməkdir ki, İranla Azərbaycan arasında Xəzər dənizi ilə bağlı mübahisəli mövzular yox dərəcəsindədir. Bu yataqların birgə işlənməsi həm Azərbaycan, həm də İran iqtisadiyyatına böyük gəlirlər gətirəcək. İranın Azərbaycanda 700-ə yaxın şirkəti fəaliyyət göstərir. Xəzərdə mübahisəli yataqlar indi hər iki xalqa fayda gətirəcək. İran şirkətləri tərəfindən Azərbaycan ixracatına 3 milyard dollardan artıq vəsait qoyulub. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəhlizlərin davamı olaraq Astara-Rəşt dəmir yolunun tikinti işləri sürətlə aparılır. Astara-Rəşd dəmir yolunun tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi İranın da Avropaya dəmir yolu vasitəsilə çıxmaq imkanlarını genişləndirir.
İki dövlət arasında tranzit imkanlarının genişləndirilməsi həm İran, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. İranda Azərbaycan dəmir yolunun açılışı, Asiya qitələrindən və yaxud ərəb dövlətlərindən gələn yüklərin İrandan keçərək Azərbaycandan həm Rusiya istiqamətində, həm Avropa istiqamətində və əks istiqamətə daşınmasına imkanlar yaradacaq. Bu da hər iki ölkənin tranzit imkanlarından götürəcəyi böyük miqdarda maliyyə vəsaiti deməkdir. Bu maliyyə də təbii ki, ölkələrimizin iqtisadiyyatında özünü göstərəcək.
- Xəzərin hüquqi statusu ilə bağlı daha bir maneənin aradan qalxması Türkmənistan üçün də örnək rolunu oynaya bilərmi?
- Təbii ki, ola bilər. Dondurulmuş yataqların qalması heç bir ölkə üçün əhəmiyyət kəsb etmir. O yataqlarda istehsal prosesi başlanmalıdır, onlar tədqiq edilməli və imkanlarından istifadə edilməlidir. Bu gün bu yataqların yenidən gündəmə gətirilməsi, onlardan neftin istehsalına başlanması, yəni, İran və Azərbaycanın birgə işləməsindən sonra, düşünürəm ki, bu, Türkmənistan üçün də bir nümunə olacaq və Türkmənistan da bu istiqamətdə düşünəcək.
Günay Elşadqızı / METBUAT.AZ
“Astara-Rəşt dəmir yolu region ölkələri üçün çox əhəmiyyətlidir” – Aydın Hüseynov