METBUAT.AZ

Ölkə

“ABŞ-ın yeni təyin olunan Dövlət katibinin Türkiyə və Suriya ilə bağlı işi böyük olacaq”

4 Aprel 2018 15:09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Ankarada Suriya böhranı ilə bağlı müzakirəyə başlayıblar.

Metbuat.az-ın məlumatına görə, müzakirədən sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Suriya ilə bağlı müzakirələrin keçirildiyi Cenevrə görüşündə nəticə əldə edilməməsi səbəbindən ilki 22 noyabr 2017-ci ildə Soçidə keçirilən zirvə görüşünün ikincisi hazırda Ankarada keçirilir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədov bildirib ki, bu, vaxtında baş tutan görüşdür: “Düzdür Türkiyə və İran, Türkiyə və Rusiya arasında geosiyasi liderlik uğrunda daima mübarizə getsə də, bu gün üçün tərəflərin bir-birinin yanında yer alması vacibdir.Suriya məsələsi hər üç dövlət üçün həyati önəm daşıyır. Oradakı məğlubiyyət istər bu üç siyasi rejimin dəyişilməsinə, həm də həmin dövlətlərin zəifləməsi ilə nəticələnə bilər”.

Politoloqun sözlərinə görə, son zamanlar İran ilə Türkiyə arasında Suriyada fikir ayrılıqları diqqət mərkəzində idi: “Bu görüşdə Ərdoğan açıq-aşkar Türkiyənin nəinki Suriyada, eyni zamanda İraqda da kürd terrorçularına qarşı mübarizəsinin davam etdiriləcəyini tərəflərə bildirəcək. İranın Türkiyənin bu siyasətinə yox demək kimi, mane olmaq kimi şansı yoxdur.

Ümumi götürdükdə, görüşün nəticəsi kimi, Suriyada İdlib bölgəsinin yenidən türklərin nəzarətinə verilməsi,Firat rayonunun Əsədə verilməyəcəyi, İraqın və Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılacağı, rus silahlı qüvvələri ilə türk silahlı qüvvələrinin koordinasiyasının gücləndirilməsi kimi məsələlər həllini tapacaq”.

Zaur Məmmədov qeyd edib ki, son aylarda Rusiya və Türkiyə kəşfiyyat orqanlarının sıx işbirliyində olmalarının şahidiyik: “Görünən odur kı, ABŞ-ın yeni təyin olunan Dövlət katibinin Türkiyə və Suriya ilə bağlı işi böyük olacaq. Bölgədə Türkiyənin Rusiya ilə eyni tərəfdə addımlar atması regionun siyasi konfiqurasiyasına ciddi təsir edəcək. İndiki halda Rusiyanın Türkiyə kimi müttəfiqə ehtiyacı var. Əgər Türkiyə ABŞ ilə münasibətləri sahmana salsa, bu, Moskva üçün çox ağır nəticələnə bilər. Əminəm ki, tezliklə ABŞ-ın Türkiyəyə bağlı siyasəti dəyişəcək. Baxmayaraq ki, yəhudi lolbbisi və bir sıra qüvvələr buna qarşıciddi işlər aparırlar”.

Günay Elşadqızı / METBUAT.AZ

“ABŞ-ın yeni təyin olunan Dövlət katibinin Türkiyə və Suriya ilə bağlı işi böyük olacaq” – Zaur Məmmədov


metbuat.az.