16 Aprel 2018 15:50
Yadıma gəlir, nənəm o vaxt qarışqalardan davamlı şikayət edirdi: - Ay bunların ürəyi yansın. Az qalırlar mətbəxin altına təkər qoyub aparsınlar. Balaca idim, elə bilirdim Tanrı qarğışını eşidib, bu balaca işgüzarların ürəyini yandıracaq. Ürəyi yana-yana etiraz edirdim: - Nənə yazıqdılar axı, qarışqanın Allah bilir nöqtə boyda ürəyi var. Niyə qarğış edirsən? Sözümdən arvadın ürəyi gedirdi gülməlkdən. Sonra da qısa saçıma, oğlan kimi geyinməyimə və hər şeyə davamlı etiraz etməyimə işarə edib - “Sən oğlan olacaqsanmış, heç qıza oxşamırsan” - deyirdi. Ancaq yazıq arvad qınanılası deyildi. Şəkəri, qəndi qarışqaların ağızından qoymağa yer tapmırdı, axırda soyuducuya basırdı.
Bəs indi necə? Deyirsiniz dünya müasirləşdikcə qarışqalar da müasirləşib? Xeyr... "Xalımız boyda olan qarışqa hamımızdan ağıllıdır" desəm, inanmayacaqsınız. Ancaq bunun bir neçə dəfə şahidi oldum. Nə qədər ac qalsalar da, süni qidaları o görünməyən dilinə belə vurmazlar. Bir vaxt üzərlərinə daraşdıqları qəndə, şəkərə indi o qədər süni qatqılar qatılır ki, həndəvərinə belə dolanmırlar. Bizim üçünsə fərqi yoxdu, əsas rəngdən ibarət çayı içməyə nəsə olsun. Bir şey də deyəcəm, güləcəksiniz, amma həqiqətdi. Bu qarışqaların "alkaşı" da bizdən ağıllıdır. Nə? "Alkaş qarışqa var" deyirsiniz? Bəli, var. Bir dəfə qonaqlar dağılışdıqdan sonra masadakı badələrdə qalan arağı şüşə qaba yığıb təcrübə üçün pilləkənin altına qoydum. Məqsədim tamam başqa idi, amma səhər arağı götürmək üçün gələndə gözlərimə inanmadım. Qab qarışqa ilə dolu idi. Hirsimdən qabı başı aşağı çevirdim, bütün qarışqalar yerə töküldülər. Tərpənmirdilər. Düşündüm, yəqin araq onları öldürüb. Yazığım da gəldi. Ancaq bir neçə dəqiqədən sonra gördüm ki, "piyan" kişilər kimi yıxıla-dura dağılışırlar. Sevinc içində o qədər gülmüşdüm ki...
Və illər keçdi. Dünyanı saxta, süni qatqılı, sintetik içkilər, qidalar başına götürdü. Qərara gəldim ki, bu təcrübəni bir də təkrarlayım, görüm nə olacaq. İnanamayacaqsınız, şüşə qaba nümunə üçün bir axmaq qarışqa belə yaxın durmamışdı. Bəlkə düşünürsünüz içkinin daşını atıblar? Yox. Bunun üçün səbəbləri də yoxdu. Sadəcə onlar bizim anlamadığımızı necəsə anlayırlar. Həyata, öz qısa ömürlərinə bizdən daha artıq əhəmiyyət verirlər. Demək ki, məsələ heç də nəhənglikdə və şüurlu olmaqda deyilmiş. Öz mahiyyətinə bağlılıqda və təbiətin bir hissəsi olmaqdan qopmamaqda imiş.
İnsan isə bu şeyləri çoxdan unudub. İndi hərdən bir sual beynimi məşğul edir: Yer bizimlə yanaşı, onların da dünyasıdı. Hər gün daha çox zəhərləyirik. Kainatda başqa bir dünya axtara-axtara bizə həyat vermiş dünyanı öldürməklə məşğuluq. Güman ki, Yerə bənzər, yaşamaq üçün uyğun olan bir dünya tapacağıq da. Buranı çirkləndirib, yaşanmaz hala saldıqdan sonra ora daşınacağıq. Yaxşı, bəs qarışqalar necə olacaq?..