19 Aprel 2018 15:50
“Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir”.
Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev ötən gün Milli Məclisdə andiçmə mərasimindəki çıxışı zamanı deyib. Dövlət başçısının sözlərinə görə, təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər: “Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır”.
Dövlət başçısı bildirib ki, biz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik: “Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır.Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq.Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır.Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi.Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər”.
Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır: “Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir”.
Millət vəkili Fəzail İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi fikirlərin hər birinin arxasında faktlar və rəqəmlər durur: “Artıq dünyada bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirir, qəbul edir, haqlı olduğumuzu bilir. Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsi Dağlıq Qarabağ kartı üzərindən bu gün siyasi hakimiyyətdə olan qüvvələrin düşüncələrinə bir son qoyur. Bu, məsələnin bir tərəfidir.
Digər tərəfdən o deməkdir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycandan ayrıla bilməz. Bütün dünya qəbul edib ki, Qarabağ Azərbaycanın torpağıdır. Beynəlxalq təşkilatlar, məsələn, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanıyır. Bundan əlavə, Xocalı faciəsi dünyanın bir çox ölkələrində, ABŞ-ın bir sıra ştatlarında soyqırım kimi qəbul olunur. Bu istiqamətlərdə beynəlxalq təşkilatların fəaliyyətini qəbul etmək olar. Amma bəzi dövlətlər çox təəssüf ki, Ermənistanı işğalçı kimi tanımır, işğalçı dövlət kimi yanaşmır. Dağlıq Qarabağ məsələsini və digər bir çox faciələri törədən Ermənistana bu yükü vurmur. Ona görə də bu məsələdə Azərbaycan tərəfi bundan sonra da iş aparmalıdır”.
Günay Elşadqızı / METBUAT.AZ