17 Aprel 2018 14:59
Bizi təkcə ailə münaqişələri, şəxsi münasibətlər, sosial problemlərimiz, fiziki ağrılar aqressivləşdirmir, bizi həm də ictimai həyat, mühit, ictimai nəqliyyat, ictimai məsuliyyətsizliklər aqressivləşdirir. Yəni həyatında hər şey qaydasında olsa belə, evdən addımını çölə qoyursansa, mütləq əsəbləşirsən. Çünki bütövlükdə cəmiyyət aqressivdir, sən də ondan ayrı yaşaya bilmirsən, ondan qopa bilmirsən.
Bayaq dedim, bizi təkcə şəxsi problemlər aqrssivləşdirmir. Amma biz elə həm də şəxsi həyatımızın aqressiyasını yansıdırıq cəmiyyətə, iş yoldaşımıza, yol yoldaşımıza, lap elə mağazada bərabər alış-veriş etdiyimiz hər hansı bir vətəndaşa. Mənfi enerjimizi püskürməyə yer axtarırıq və tapırıq.
Evdən çıxırıq, görürük lift işləmir, kimə müraciət edirik, deyir bizlik deyil, əsəbləşirik. Metroda, vaqonda bizi sıxışdırırlar, itələyirlər, əsəbləşirik, avtobusda sürücü sərnişini, sərnişin sürücünü, sürücü 2 saniyə ondan tez yola çıxan sürücünü, nəzarətçi hər iki sürücünü söyür, ziyanı bizə dəyir. Süpürgəçi belə həyatının ağrı-acısını bizdən çıxır, küçənin tozunu-torpağını üstümüzə süpürür. Elə biz də nə ona, nə onun gördüyü işə hörmət qoyuruq, çeynədiyimiz saqqızı da, kağızını da, çəkdiyimiz siqaretin kötüyünü də, içdiyimiz suyun butulkasını da yerə atırıq.
Beləcə, səhərimiz söyüşlə, qarğışla açılır bizim.
Bu emosiyaları, enerjini yığıb gəlirik biz işə. İşdə də üzümüzdən zəhər tökülür, zəhmimiz bağır yarır. Gördüyümüz işin də faydası olmur. Danlanırıq, söyülürük. Sonra gedib bu danlağın, söyüşün heyfini evdə arvad-uşaqdan çıxırıq.
Beləcə, zəncirvari əsəbimizi, aqressiyamızı, hikkəmizi ötürürük. Görmüsünüzsə, belə bir rəsm əsəri də var: müdir işçisinə, işçi arvadına, arvad uşağa, uşaq isə pişiyə bağırır.
Bu yaxınlarda növbəti müzakirə mövzumuza çevrilən avtobus davasının – gənc oğlanla anası yaşda olan xalanın əlbəyaxa olmasına səbəb də elə bu kütləvi aqressiya idi. Evdə əzilməyimizə, söyülməyimizə, döyülməyimizə haqq qazandırırıq, amma evdən bayıra çıxdıqmı, metroya, avtobusa mindikmi şirə, aslana dönürük. Evdə hüququmuz pozulan biz bu dəfə hüquqları pozuruq.
Bəli, hər şey zəncirvaridir. Yaxşılıq da, pislik də, sevgi də, əsəb də, mənfi və ya müsbət enerji də. Və aqressiyanı doğuran səbəblər kökündən həll edilməyincə ictimai partlayışlar da olacaq. Biz yığışıb avtobusda qadını söyən və ya vuran oğlanı daşa basmaqla və ya mütləq şəkildə avtobusdakı yer haqqını özünə aid bilib hay-küy salan qadını qınamaqla deyil. Kütləvi olaraq psixoloji problemlərimiz, sarsıntılarımız var. Acıqlıyıq, ürəyimiz, içimiz doludur. Kimimiz iradəliyik, o əsəbə, hikkəyə qalib gələ bilirik, etik qaydalara riayət edə bilirik, ədalətsizlik etmirik, ağrımızı içimizdə çəkirik. Kimimiz isə əksinə. Türklər demiş, maduru oynayırıq və dilimizi, əlimizi, qolumuzu saxlaya bilmirik. Psixoloji, mənəvi, fiziki hücum və ya zorakılıq edirik. Elə o avtobusdakı kimi...
Mən isə bir qadın olaraq ən çox öz həmcinslərimdən inciyirəm, ən çox onlardan umuram, ən çox onları tənqid edirəm. Hüquqlarınız pozulan yerdə susub, pozulmayan yerdə dilə gəlməyin, səsinizi qaldırmayın, əl-qol atmayın. Özünüzə hər şeyi yaraşdırmayın. Gözəl olun, zərif olun, əsilzadə olun, güclü olun, savadlı olun, dünyagörüşlü olun... Bir az da özünüzü yaşayın, öz istəklərinizi yaşayın, öz içinizə çəkilin. Öz içinizdəki, evinizin içindəki problemləri həll etməkdən başlayın dünyanı düzəltməyə, yad oğlunu şillələməkdən yox...
Sevinc Fədai