METBUAT.AZ

Siyasət

“Ermənistan daxili auditoriyasını nəzarətdə saxlamaq üçün bu cür məlumatlar yayır”

6 Aprel 2018 17:46

“Jamanak” qəzeti öz mənbələrinə istinadən Rusiyanın Ermənistana 100 milyon civarında üçüncü hərbi krediti verəcəyini açıqlayıb.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, faizsiz verilən hərbi kreditləri İrəvanın “İskəndər”lərə xərcləyəcəyi iddia edilib. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan isə Rusiya ilə 3-cü hərbi kredit ayırmaqla bağlı danışıqların aparıldığını təsdiqləsə də, onun məbləği və məhz “İskəndər” alınmasına xərclənib-xərclənməyəcəyi barədə suala cavab verməyib. Sarkisyanın konkret sualdan yayınmasına görə isə politoloqlar bu məlumatların Ermənistan tərəfindən qəsdən dövriyyəyə buraxıldığını bildiriblər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, bildiyiniz kimi, Ermənistana daha əvvəl də 200 milyonluq və 100 milyonluq kredit ayrılmışdı: “Statistik məlumatlara nəzər yetirsək görərik ki, Ermənistan iki il ərzində cəmi 124 milyon dollarlıq silah-sursat əldə edib. Bu, beynəlxalq statistik məlumatda yer alan rəqəmdir. İki il ərzində Azərbaycan isə 551 milyon dollarlıq silah-sursat alıb.

Ermənistan mətbuatında bu məsələ indi niyə yenidən açılıb? Bəzi ermənipərəst Rusiya nümayəndələri də bu məsələyə qatılıblar. Bilirsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması haqqında mütəmadi olaraq məlumatlar verilir. Bundan başqa, beynəlxalq statistik qurumlar Azərbaycana 133 dövlət içərisində 58-ci yeri veriblər. Bu siyahıda Ermənistan isə 93-cü yerdədir. Son zamanlar Azərbaycan irimiqyaslı hərbi təlimlər keçirib. Daha əvvəl isə Naxçıvanda hərbi parad keçirilmişdi. Bu parad Ermənistanda səs-küyə səbəb olmuşdu. Bunun fonunda əlbəttə, Ermənistan cəmiyyəti narahatçılığını bildiriblər. Bundan sonra, onların 1-2 generalı hədə-qorxu ilə çıxışlar etməyə başladılar, təbii ki, onların cavablarını da verdik.

Bundan başqa, Ermənistanda əhali etiraz edərək Qarabağla bağlı tələblər səsləndirdilər. Valideynlər övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etirazlarını bildirdilər, bu etirazlara gənclər də qatıldı. Bu fonda əlbəttə, Ermənistan mediasının silah-sursat söhbətini ortaya atması, cəmiyyətə, daxili auditoriyaya hesablanmış məlumatlardır. O ki, qaldı “İskəndər” və digər silahlara, bu adlar ona görə çəkilir ki, bu silah kompleksinin adı cəmiyyətdə müəyyən maraq oyadır. Ona görə də çalışırlar ki, guya bahalı və iri həcmli, böyük dağıdıcı kütləyə malik olan silahların alındığını qeyd etsinlər. Bununla da Ermənistan öz cəmiyyətini sakitləşdirmək istəyir ki, biz də bu silahlarla Azərbaycanla balansyaradırıq. Bizbilirik ki, Rusiya dövləti 2-3 ildir ki, öz silah bazasını, parkını dəyişir və artıq XXI əsr silahları ilə öz Silahlı Qüvvələrini təmin edir. Təbii ki, o parklardan çıxan köhnə silahlar var, bəlkə 30-40 il əvvəl istehsal olunub. Onlar bu formada güzəştli kreditlər verərək maraqlı olan istiqamətlərdə bu silah-sursatın yerləşdirilməsinə çalışır. Çünki bilirsiz ki, Rusiyanın müasir, bahalı silahlar üçün kifayət qədər bazarı var. Bu barədə Rusiya mətbuatında da səlahiyyətli şəxslər mütəmadi olaraq məlumat verirlər. Digər tərəfdən həm də inandırıcı deyil ki, Ermənistan “İskəndər” kimi bahalı silah kompleksi ala bilsin. Birincisi ona görə ki, “İskəndər”, hücum xarakterli silahdır, ancaq o vaxt böyük dağıdıcı gücə malik olurlar ki, nüvə başlığı olur. Nüvə başlığı olan silah kompleksi təbii ki, çox təhlükəlidir və böyük dağıdıcı qüvvəyə malikdir. Amma əgər o kompleksin nüvə başlığı yoxdursa, digər raketlərdən bir az böyük bir raket olur və hətta 300 m-dən uzaq məsafəyə də uça bilir. Ancaq bu kompleksin döyüş nəticəsi sadəcə böyük bir mərminin yaratdığı nəticə kimidir. Yəni, onun dağıdıcı radiusu sadəcə 500 m-ə qədərdir, o da açıq yerdə. Bu raketin üstünlüyü odur ki, hava hücumundan müdafiə sistemləri bu raketi vurmağa bir az çətinlik çəkir, digər tərəfdən uzaqlıq məsafəsi var və nüvə başlığı daşıya bilir. Ancaq bu komplekslər hər zaman beynəlxalq qurumlar tərəfindən nəzarət altında saxlanılır və o kompleksi satan tərəf də cavabdehlik daşıyır, yəni, o kompleksin istifadəsində məhdudiyyətlər var.

Ermənistanda paraddan sonra bu komplekslərlə bağlı çoxlu söz-söhbətlər oldu. Ermənipərəst qüvvələr nə qədər desələrdə ki, bu komplekslər Ermənistanındır, həm videomateriallar əsasında, həm də Rusiyanın dövlət qurumlarından fikirlər səsləndirildi ki, bu sadəcə Ermənistanda yerləşən, ancaq Ermənistanın tabeçiliyində olmayan Rusiya bazasına aid olan komplekslərdir”.

Polkovnikin sözlərinə görə, Azərbaycan keyfiyyətcə ən müasir olan silahları əldə edir. Hansı ki, bu silahlar gələcəkdə Qarabağın işğaldan azad edilməsi üçün həmin ərazidə istifadə edilə biləcək, eyni zamanda, əsas silahları da Rusiyadan alır: “Azərbaycan tərəfi bundan sonra da silah almağa davam edəcək. Əgər Ermənistan iki il ərzində cəmi 124 milyon dollarlıq silah-sursat ala bilibsə, indi qısa müddət ərzində 100 milyonluq silah ala biləcəyi real görünmür. Çünki bilirik ki, Ermənistanın iqtisadiyyatı çöküb. Onlar bu yaxınlarda bütün diasporalarına müraciət etdilər ki, kreditlərin ödənməsi üçün kömək etsinlər və məlumata görə, onlar kredit qrafikinin sadəcə 60-70 faizini ödəyə bilirlər. Rusiya bu kreditləri hər an dəyişə bilən Ermənistana nəzarəti əldə saxlamaq üçün verirlər. Çünki bilirik ki, silah almağa görə Ermənistanın, bütün iri sənayelərində Rusiya ilə şəriklikləri var. Ermənistanın sağlam müxalifəti də hər zaman etiraz aksiyalarında deyirlər ki, silah-sursat alınması üçün bu addımdan sonra gələcək nəsil üçün Ermənistanı necə əldə saxlaya biləcəyik? Silah məsələsinə gəldikdə yenə də qeyd edim ki, Ermənistan daxili auditoriyanı nəzarətdə saxlamaq üçün bu cür məlumatlar yayır. Bundan əlavə, bir müddət öncə Ermənistan mediası məlumat yaymışdı ki, Rusiyanın Azərbaycana satdığı silahlar köhnə, keyfiyyətsiz silahlardır, bu isə təbii ki, öz təsdiqini tapmadı. Bununla onlar sadəcə informasiya müharibəsində öndə olmağa çalışırlar”.

Günay Elşadqızı / METBUAT.AZ

“Rusiya mediası ölkəmizin reallıqlarını mətbuatlarında əks etdirirlər” – Azər Badamov


metbuat.az.