19 Aprel 2018 15:16
“Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq”.
Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev ötən gün Milli Məclisdə andiçmə mərasimindəki çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın: “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır.Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq.Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır.Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi.Biz bir neçə deportasiyaya məruz qalmışıq.Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir.
Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır.
Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.
Millət vəkili Rövşən Rzayev Metbuat.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyev ötən gün andiçmə mərasimi zamanı bütün mühüm, Azərbaycanı narahat edən məsələlərə toxunub və kifayət qədər vacib açıqlamalar verib: “Təbii ki, o fikirlərin içərisində Ermənistanın bütün beynəlxalq layihələrdən uzaqlaşdırılması məsələsi də yer alıb. O layihələrdən ki, Azərbaycan təşəbbüskarıdır, maliyyələşdirir və öz imkanları daxilində bu məsələlərdə mövqeyini səsləndirə bilir. Prezident İlham Əliyevin səyləri, şəxsi nüfuzu və qətiyyətli mövqeyi nəticəsində Ermənistanı bütün beynəlxalq layihələrdən kənarda saxlamışıq. Bu, çox önəmli məsələdir. Azərbaycan bu istiqamətdə öz inkişafını davam etdirəcək. Ermənistana baxanda isə görürük ki, orada xalq etiraz aksiyaları keçirir, narazılıq edir, insan haqları pozulur, işgəncələr verilir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycana qarşı ikili standartlar məhz onun nəticəsidir ki, Ermənistanın havadarları bu şəraiti yaradıb: “Əsl həqiqətdə Azərbaycan bu gün inkişaf yolunu davam etdirir, amma Ermənistan iflasa uğrayıb, dalan ölkəyə çevrilib. Ermənistanın siyasəti uduzur, bugünkü vəziyyətinə görə, çoxlu sayda erməni vətənini tərk edir. Ermənistanın iqtisadiyyatı sıfıra bərabərdir, ianələrlə yaşayır. Heç bir dövlət heç vaxt ianələrlə inkişaf edə bilməz. Buna görə də Ermənistan düşünməlidir ki, hansı yolu gedir və işğal yolundan da əl çəkməlidir. Ermənistan başa düşməlidir ki, bu siyasət ona heç nə qazandırmır. Cənab prezident çıxışı zamanı səsləndirdi ki, Ermənistana bu günə qədər təzyiq edilib və bu gündən sonra da elə olacaq. Azərbaycan bir tərəfdə inkişaf edir, ölkəmizə qarşı siyasət yürüdən Ermənistan isə digər tərəfdə iflic vəziyyətində qalıb”.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir.Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz.Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq.Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır.Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik.Ən müasir silahlar alınır və bundan sonra da alınacaq.
Ordumuzun gücünü düşmən də gördü.Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır.Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir.Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Millət vəkili Rövşən Rzayev deyir ki, həqiqətən də Azərbaycan Silahlı Qüvvələri çox uğurlu inkişaf yolu keçib, bundan sonra da belə olacaq: “Aprel hadisələri zamanı Azərbaycan ordusunun nəyə qadir olduğunun canlı şahidi ola bildik. Məhz bu amillərin hamısı Azərbaycanın düzgün siyasət aparmasının, doğru yolda getməyinin nəticəsidir. Ölkəmizin prezident İlham Əliyevin sayəsində uğurlar əldə etdiyini görürük və hər zaman da dəstəkləyirik”.
Günay Elşadqızı / METBUAT.AZ