METBUAT.AZ

Ölkə

“PKK terror təşkilatı tarixin arxivinə qovuşa bilər”

6 Aprel 2018 13:20

Türkiyə PKK və Suriya qolu olan PYD/YPG terror qruplaşmasına qarşı mübarizəsini davam etdirir.

Metbuat.az-ın məlumatına görə, iki gün öncə Türkiyə, Rusiya və İran prezidentlərinin birgə mətbuat konfransı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yüz minlərlə suriyalı qonağımızın Afrin bölgəsindəki partlayıcı maddə yoxlaması qurtardıqdan və infrastruktur düzəldikdən sonra bu bölgəyə qayıtmaq üçün gözlədiyini bilirik: “Tel Rifat bölgəsini də oraya qayıdacaq suriyalı qardaşlarımız üçün əlverişli etmək üçün rus və iranlı dostlarımızla birlikdə müştərək iş aparmağa hazırıq. Mənbic başda olmaqla PYD/YPG-nin nəzarətindəki bütün bölgələri təhlükəsiz hala gətirənə qədər durmayacağıq”.

Türkiyənin PKK və Suriya qolu olan PYD/YPG terror qruplaşmasına qarşı mübarizəsində son vəziyyət necədir və bu mübarizə terror təşkilatının məhvi ilə nəticələnə bilərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, hazırda bu, olduqca aktual məsələdir: “Bu gün Orta Şərqdə cərəyan edən hadisələr, xüsusən də qardaş Türkiyə dövlətinin Suriyada apardığı uğurlu hərbi əməliyyatlar bütün dünyada böyük əks-səda doğurdu.

İlk olaraq vurğulanmalıdır ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə Suriyada PKK-PYD birləşmələrinə ciddi zərbələr vuruldu. Hətta əməliyyatların nəticəsini PKK üçün “sonun başlanğıcı” kimi də xarakterizə edə bilərik. Türkiyə Qərb ölkələrinə sübut etdi ki, “kürd kartı”ndan istifadə edərək regionun siyasi xəritəsini dəyişdirmək artıq mümkün deyil.

Sual oluna bilər ki, görəsən, hazırkı geosiyasi reallıqlar çərçivəsində Türkiyə dövləti İran və Rusiya ilə birlikdə hərəkət edərək regionu terrorçulardan tam təmizləyə biləcəkmi?

Suriyanın şimalında qardaş ölkə bu işi uğurla həyata keçirdi. Rəsmi Ankaranın diplomatik zəfəridir ki, nə İran, nə də ki Rusiya Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi əməliyyatlara maneçilik törətmədi. Nəzərə almaq lazımdır ki, bu gün Suriyanın havadan müdafiəsini Rusiya təmin edir, Türkiyə isə hər iki əməliyyatı əsasən havadan həyata keçirmişdi. Deməli, Rusiya Suriyanın hava məkanını Türkiyə silahlı qüvvələrinin sərəncamına verməklə rəsmi Ankaraya güzəştə gedib. Hazırkı situasiyada PKK-PYD birliyi Suriya ərazisində məhv olmaq üzrədir. ABŞ prezidenti Donald Trampın “Suriyadan çəkilirik” açıqlaması da buna bir işarə idi. Çünki PYD silahlıları regionda ABŞ-ın əsas dayaq nöqtəsi olub. Bunu Ağ Ev də heç vaxt gizlətməyib. Deməli, Suriyada PKK-nın Suriya qolu artıq zərərsizləşdirilib.

Lakin Türkiyə dövləti qarşıda bəzi maneələrlə üzləşə bilər. PKK silahlılarının 2 əsas dayaq nötqəsi var: Birinci dayaq nöqtəsi Kandil dağları (İran-İraq sərhəddində yerləşir), ikincisi isə İraqın şimalındakı Sincar bölgəsidir. Türkiyə dövləti yaxın vaxtlarda İraqın Sincar bölgəsində hərbi əməliyyatlara başlayacağını bəyan edib. Əsas sual budur ki, görəsən, İran bu əməliyyatlara maneçilik törədəcəkmi?

İran dövləti İraqın şimal bölgəsini həmişə özü üçün qırmızı xətt hesab edib. Təsadüfi deyil ki, Şimali İraqda Bərzani dövlət qurmağa cəhd edəndə ən sərt reaksiyanı məhz İran dövləti vermişdi. Elə İranın dəstəklədiyi Həşt-Şabi silahlılarının əməyi nəticəsində Bərzani əvvəlcə Mosuldan çəkildi, daha sonra isə müstəqillik əldə etmək niyyətindən imtina etdi. Deməli, Sincarda hərbi əməliyyatlar keçirməyə hazırlaşan Türkiyə İranın hərbi-siyasi müdaxiləsi ilə qarşılaşa bilər. Bu baxımdan, hesab edirəm ki, Türkiyə bundan sonrakı məsələləri məhz Tehranla razılaşdırmalıdır. Fikrimcə, İranla Türkiyə arasında əldə olunacaq yekun razılıq təkcə Sincarda yox, həm də Kandildə böyük hərbi əməliyyatlara başlamaq üçün əlverişli şərait yarada bilər. Əgər hər iki dövlət ortaya möhkəm iradə qoysa, qısa müddət ərzində PKK terror təşkilatı tarixin arxivinə qovuşa bilər. Bir sözlə, hadisələrin bundan sonrakı inkişafı Türkiyə və İranın birgə atacağı addımlardan asılı olacaq”.

Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədov isə Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyə artıq istəyinə çatmaqdadır: “Lakin iş orasındadır ki, PKK/PYD/YPG xarici ölkələr tərəfindən dəstəklənir. Bir müddət kənara çəkilib Türkiyəyə yenidən hücuma keçməyə çalışacaqlar.

İndiki vaxtda Ankarının əlinə yaxşı fürsət düşüb. Rusiyanın və İranın mane olmayacaqları artıq dəqiqdir. Türklər rahat şəkildə Suriya və İraqda mühüm məqsədlərinə çatacaqlar. İndi geosiyasi vəziyyət dəyişməkdədir. Suriyada, İraqda baş verənlər birbaşa ABŞ-ın növbəti davranışından asılı olacaq. Lakin bu gün onların bu üçlük tərəfindən güclü müqavimətlə rastlaşdıqları aydındır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Artıq kənd təsərrüfatı məhsullarının idxalından azad olub özümüz istehsal edirik” – Eldar Quliyev


metbuat.az.