METBUAT.AZ

Siyasət

“Rusiya, Türkiyə və İran əməkdaşlığının region üçün böyük əhəmiyyəti var”

9 Aprel 2018 15:34

Məlum olduğu kimi, bir neçə gün öncə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin növbəti görüşü olub. Görüşün mövzusu Suriya məsələsi olsa da, bu cür görüşün ümumilikdə region üçün əhəmiyyəti böyükdür.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Rufiz Qonaqov bildirib ki, Türkiyə, Rusiya və İran qonşu dövlətlərdir və bu görüşün ilk növbədə regional baxımdan çox böyük əhəmiyyəti var: “Nəzərə alaq ki, həm Rusiya, həm Türkiyə, həm də İran eyni zamanda böyük və müstəqil daxili, xarici siyasəti olan ölkələrdir, bu dövlətlərin başqa heç bir dövlətdən asılılığı yoxdur. Məhz bu baxımdan deyə bilərik ki, həqiqətən də regionda bu 3 dövlətin istənilən formada görüşü və əməkdaşlıq etməsi çox vacibdir.

Dünyada gedən proseslərə nəzər yetirəndə görürük ki, Avropa və digər qitələrdə gedən hansısa bloklaşmalar var. Amma bu bloklaşmalardan fərqli olaraq bu gün həm Rusiya, həm Türkiyə, həm də İran xüsusilə də öz milli maraqlarından çıxış edir. Eyni zamanda Türkiyə Azərbaycana qardaş ölkədir, bu baxımdan Türkiyənin istənilən uğuru, regionda əməkdaşlığı ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir.

Eləcə də yaxın zamanlarda bildiyini kimi, İran prezidentini Azərbaycana səfər etmişdi. Bu səfər zamanı Xəzər hövzəsində vacib məqamlarla bağlı razılaşdırılmamış bir məsələ qalmadı. İranla əməkdaşlıq səviyyəsində yaxşı əlaqələrimiz var. Rusiya da Azərbaycanla qonşu dövlətdir, bu ölkə ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Eyni zamanda Rusiya və Azərbaycan prezidentləri arasında yüksək dostluq münasibətləri var. Rusiya ilə birgə eyni zamanda MDB-nin üzvüyük. Bu baxımdan, Rusiya, Türkiyə və İran əməkdaşlığının həm dünya, həm region, həm də Azərbaycan üçün çox böyük töhfələr verəcəyini düşünürük”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ayrılan ianələr yenə də Serj Sarkisyanın əlində olacaq” – Tahir Kərimli


metbuat.az.