5 Aprel 2018 14:57
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Ankarada keçirilən üçtərəfli sammitdə Suriya məsələsi ilə bağlı razılıq əldə olunub.
Metbuat.az-ın məlumatına görə, prezidentlər Suriya üzrə birgə bəyanat imzalayıblar. Sənəddə qeyd olunub ki, Türkiyə, Rusiya və İran Suriya məsələsi ilə razılığa gəlib. Bundan başqa, prezidentlər üçlü formatda əməkdaşlığı davam etdirmək məsələsini də razılaşdırıblar. Tərəflər Suriyada davamlı atəşkəsə nail olunmasına sadiq qalacaqlarını bildiriblər.
Bəyanatda Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstək veriləcəyi vurğulanıb: “Suriyanın ərazi bütövlüyünü pozmağa çalışan və qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən separatçıların fəaliyyətinə qarşıyıq. Biz əminik ki, Suriya münaqişəsi hərbi yolla deyil, sülh, siyasi dialoq çərçivəsində həllini tapmalıdır”.
Sənəddə bildirilib ki, tərəflər Suriya əhalisinin iradəsi əsasında seçkilərin keçirilməsinə yardım edəcəklər: "BMT-nin nəzarəti altında suriyalıları qane edəcək konstitusiyanın qəbul edilməsini, azad və ədalətli seçkilərin keçirilməsini vacib sayırıq". Sənədə əsasən, Türkiyə, Rusiya və İran terrorçu İŞİD, Nusra-Cəbhəsi və BMT Təlükəsizlik Şıurasının siyahısında yer alan başqa terror təşkilatlara qarşı birgə mübarizə aparacaqlar. Növbəti üçtərəfli sammit İranda keçiriləcək.
Suriya görüşü ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, Türkiyənin, İranın və Rusiyanın Suriya ilə bağlı özəl maraqları var.: “Lakin ümumi maraq ondan ibarətdir ki, baxmayaraq ki, Türkiyə heç vaxt Əsəd rejimini dəstəkləməyib, ancaq ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı ümumi bəyənat qəbul olundu. Bu gün məlum məsələdir ki, birmənalı şəkildə İran, dini baxışlarına görə, özəl marağı olduğu üçün Suriyanı dəstəkləyir. Amerika Birləşmiş Ştatlarının bunun müqabilində Hələbdə müəyyən bazasını yerləşdirməsi də bu günə təsadüf edirdi. Məlum məsələdir ki, Türkiyənin Afrindəki “Zeytun budağı” əməliyyatında özəl maraqları var ki, bufer zona yaratmaqla öz sərhədlərini qorusun. Rusiya isə həm öz silahlarının orada sınağını keçirməklə, eyni zamanda döyüş taktikasını dəyişməklə ümumiyyətlə, Yaxın Şərqdə nüfuza malik olmaq üçün öz qoşunlarını orada saxlamaqla məşğuldur”.
Politoloq bildirib ki, buna baxmayaraq, bu üç dövlətin nəzarətində olmayan müxtəlif qruplaşmalar da var: “Bu qruplaşmalarda Fransanın, ABŞ-ın və digər Qərb dövlətlərinin öz marağı var. Ümumiyyətlə, bu cür sülhməramlı görüşün keçirilməsi müsbət dəyərləndirilə bilər. Lakin inandırıcı görünmür ki, böyük dövlətin qəbul etdiyi qərarla orada sülh tam bərqərar ediləcək. Yenə də qeyd edirəm, hər bir dövlətin orada özəl maraqları var. Buna görə də tək üç dövlətin Suriya ilə bağlı razılaşması yetərli deyil. Bu həm də orada marağı olan super güclərlə, o cümlədən İsrail, Səudiyyə Ərəbistanı və digər maraqlı dövlətlərlə də razılaşdırılmalıdır. Dediyim qruplaşmalarla da müəyyən qədər danışığa getmək lazımdır. Məsələn, Əsəd rejiminə müxalif olan qüvvələrin nümayəndələrinin olmadığı yerdə hər hansı kompromisdən danışmaq düzgün deyil. Ona görə də bu görüşlər müsbət hal kimi dəyərləndirilsə də, tam şəkildə region ölkələrin marağında olsa da, daha geniş formada müzakirəyə çıxarılmalıdır.
- Birgə mətbuat konfransı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yüz minlərlə suriyalı qonağımızın Afrin bölgəsindəki partlayıcı maddə yoxlaması qurtardıqdan və infrastruktur düzəldikdən sonra bu bölgəyə qayıtmaq üçün gözlədiyini bilirik: “Tel Rifat bölgəsini də oraya qayıdacaq suriyalı qardaşlarımız üçün əlverişli etmək üçün rus və iranlı dostlarımızla birlikdə müştərək iş aparmağa hazırıq. Mənbic başda olmaqla PYD/YPG-nin nəzarətindəki bütün bölgələri təhlükəsiz hala gətirənə qədər durmayacağıq”. AB-ın bu fikirlərə cavabı necə ola bilər?
- Düşünürəm ki, atılan büdün addımların hamısı Amerika Birləşmiş Ştatları ilə də razılaşdırılır. Bildiyiniz kimi, ABŞ dağlarda döyüşən kürd qruplaşmalarından daha çox istifadə edir. Digər qruplaşmalardan da Türkiyə Azad Suriya Ordusu adı ilə özü istifadə edir. Yəni, burada da müəyyən qruplaşmalar var. Düşünürəm ki, atılan hər bir addım istər Rusiya, istər ABŞ tərəfindən bütün maraqlı tərəflərlə razılaşdırılır. İnanmıram ki, ABŞ-la Türkiyə məhz hansısa istiqamətdə üz-üzə gəlsin, toqquşsun. Orada razılıq əldə olunacaq.
Günay Elşadqızı / METBUAT.AZ